Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-611/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2- 1(118)-590/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 15 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinada göstərilir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı qərarından çıxarışdan görünür ki, 0.10 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin koordinatlarına dair Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən iddiaçının adına yeruquruluşu planından çıxarış tərtib edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 25 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı torpaqlarına aiddir. Məhkəməyə sorğu əsasında 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Birinci instansiya məhkəməsindəki icraat Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin 28 aprel 1999-cü il tarixli 233 saylı sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin sərəncamı ilə verilmiş 25 ha torpaq sahəsindən ona 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə yaşayış evi tikməsinə icazə verilmişdir. Ona ayrılan 0,10 ha torpaq sahəsini hasara almış, ərazisində meyvə ağacları əkmiş və 3 otaqlı ev tikdirmişdir, hazırda orada ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti cavabdeh Abşeron rayonu 4 saylı ərazi idarəsi tərəfindən təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina bildirişində imtananın səbəbi kimi ilkin baş plan və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsini göstərmişdir. Lakin cavabdehin etiraf etdiyi kimi ayrıc aktı və baş planın mövcud olmamasını göstərməklə ona tövsiyyə edilmişdir ki, 2022-ci ilin sentyabr ayında müraciət etsin, Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı fərmanının 2.3.4-cü maddələrinin tələbləri yerinə yetiriləndən sonra müraciətinə baxılacaqdır. Lakin imtinanın səbəbini 1655 saylı fərmanın icra olunmaması ilə əlaqələndirsələr də imtinada Saray Bələdiyyəsi xx.xx.2009-cu il tarixli qərarına dair ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi göstərilmişdir. İkinci dəfə 20 oktyabr 2022-ci il tarixli müraciətində AR Prezidentinin 07 aprel 2022-ci il tarixli fərmanının icrası ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh 15 noyabr 2022-ci il tarixli məktubu ilə birinci müraciətinə verilən imtinada olduğu kimi təkrarlamış və eyni motivlə imtina verilmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən torpaq sahəsini 20 ildən çoxdur ki, fasiləsiz olaraq istifadə edir. Orada tərəfindən fərdi yaşayış evi inşa etdirmişdir. Torpaq sahəsinə hər hansı bir digər şəxsin iddiası yoxdur. Belə olan halda cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində hüquqları mübahisəsiz dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh imtinasında həm də sözü gedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğuna istinad edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən imtina etmişdir. Bu isə tamamilə əsassızdır. Belə kİ, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 233 saylı sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 250 ailəyə 25 hektar həyətyanı və 3,3 hektar küçə və yollar altına cəmi 28,3 hektar torpaq sahəsi Saray üzümçülük sovxosundan alınaraq, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə verilmişdir. Yuxarıda qeyd edildiyi kimi 250 ailəyə verilən həmin torpaq sahələrində evlər tikilmişdir. Hazırda həmin torpaq sahələri Saray qəsəbəsinin tam ortasında yerləşir və kənd təsərrüfatı təyinatlı torpaqlar deyil. Beləliklə, cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 4 saylı Abşeron Ərazi İdarəsinə 31 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 20 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı: Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi; iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 20 oktyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixində verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına 2 keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-590/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Saray qəsəbəsi Yeni məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir. Beləliklə də, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Cavabdeh iddiaçının müraciətindən imtinasının bir digər əsas kimi isə torpaq sahəsinin hüquqi rejiminə və təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını qeyd etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvanlayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın 03 noyabr 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin əlavə edilmiş sənədlərdən və ortofoto görüntülərindən çıxarışlar da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı təyinatlı istifadə edilmir və mübahisəli torpaq sahəsinin ətrafı yaşayış evləri ilə əhatələnmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmiş, sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı o əsaslarla təmin etmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir. Beləliklə də, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Cavabdeh iddiaçının müraciətindən imtinasının bir digər əsas kimi isə torpaq sahəsinin hüquqi rejiminə və təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını qeyd etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvanlayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın 03 noyabr 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin əlavə edilmiş sənədlərdən və ortofoto görüntülərindən çıxarışlar da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı təyinatlı istifadə edilmir və mübahisəli torpaq sahəsinin ətrafı yaşayış evləri ilə əhatələnmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı ilə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi qanunamüvafiq qaydada ayrıldığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, sərəncamın verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısını əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. İşin hallarından müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmişdir. Belə ki, işdən görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 233 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 25,00 ha torpaq sahəsindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 25 sentyabr 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı torpaqlarına aiddir. Qeyd edilən dəlilə münasibətdə kollegiya əlavə olaraq qeyd edir ki, həmin torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşlara yaşayış evinin tikintisi məqsədilə ayrılmasını qadağan edən hərhansı norma mövcud olmamışdır. Digər tərəfdən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 1994-cü il tarixli, 233 saylı sərəncamından görünür ki, həmin sərəncamla Saray qəsəbə İcra Nümayəndəliyinə ayrılmış torpaq sahəsi Saray qəsəbəsində yaşayan, mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilmişdir. Buna görə də cavabdehin müvafiq dəlilləri də iddiaçının iddiasının təmin edilməməsinə əsas ola bilməz. Torpaq sahəsinin ayrıc aktının təqdim edilməməsi ilə bağlı dəlilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, 05 noyabr 1999-cu il tarixdə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə dair Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmiş, sənəd Saray bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş, eləcə də səlahiyyətli orqanların vəzifələri şəxsləri tərəfindən imzalanmışdır. Eyni zamanda torpaqdan faktiki istifadə və ya digər hər hansı mübahisəli halın olmaması işin mübahisəli olunmayan halıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və ədalətli qərar çıxarmışdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-590/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-611/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-611/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver