Məhkəmə qərarları › İş №2-1(105)-611/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-611/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-611/2025 30.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 310463/2024 nömrəli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci bəndini tətbiq etmədən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)- 2042/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)-1629/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərtlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2018-ci il, yəni 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra edilmişdir. 2024-cü ilin aprel ayında isə cavabdeh öz təşəbbüsü ilə iddiaçının 58 yaşında toplanmış sığorta kapitalı nəzərə alınaraq pensiyanın yenidən hesablanması aparılmış və iddiaçıya 2219 manat pensiya təyin edilmişdir. Lakin 2 aydan sonra cavabdeh pensiyasının yenidən hesablanması ilə bağlı inzibatı icraata başlamış və sığorta kapitalında toplanan vəsaiti 72 aya deyil, 156 aya bölməklə (109352.82:156 ay) hesablama aparmış və nəticədə iddiaçıya 1452.77 manat pensiya təyin elmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2024-cü il tarixli 3-17-1/2-159037/2024 saylı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (109352,82 : 156 ay (65 il – 58 il = 84 ay + (144 ay-72 ay) bölünməli olduğu halda 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar əmək pensiyası cari aydan etibarən qanunvericliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1452,77 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən “İnizbati icraat haqqında”Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrin dinlənilməsi üçün 23 iyul 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2024-cü il tarixli aktından görünür ki, araşdırma zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, xx.xx.2018-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (109352,82 : 156 ay (65 il – 58 il = 84 ay + (144 ay-72 ay) bölünməli olduğu halda 72 aya bölünmüşdür. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-220101/2024 saylı “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubundan görünür ki, əmək pensiyası üzrə xx.xx.2019-xx.xx.2024-cü il və xx.xx.2024- xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər üçün keçmiş müddət üçün ödənilməli olan 34045,77 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 3962,88 manat hissəsi xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir. Qalıq keçmiş dövr üzrə sizə ödənilməli olan fərq məbləği 30082,89 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.6-ci bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 2119,96 manat pul vəsaitindən ödənilməli olan 30082,89 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 27962,93 manat vəsait isə cari aydan etibarən hissə-hissə (hər ay 559,26 manat olmaqla) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmudur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-159037/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2024-cü ildə ləyin edilmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-310463/2024 nömrəli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci bəndini tətbiq etmədən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlüdür. 1983-1991-ci illərdə Bakı şəhər M.Əzizbəyov adına X5 təhsil almış və xx.xx.1984-cü ildən xx.xx.1986cı ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək “Sintezkauçuık” zavodunda, xx.xx.1998-ci ildən hazırki vaxtadək “Azneft” İstehsalat Birliyi 28 may NQÇİ-də işləyir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı Siyahıda göstərilən peşəyə aid olmaqla güzəştli şərtlərlə pensiya təyin elmək hüququ vermişdir. İddiaçı 52 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh bundan imtina etdiyi üçün məhkəmədə iddia qaldırmış və Sumqayıt İnzibatı Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı ilə cavabdehin imtinası əsassız sayılmış, ona 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və 2022-ci ildən əvvəlki 3 ilin də ödənilməsi qərarda qeyd edilmişdir. Həmin qərardan cavabeh tərəfin verdiyi apellyasiya və kassasıya şikayətləri də təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İddiaçıya pensiyanın hesablanması aparılmış və 2024-cü ilin aprel ayında iddiaçının 58 yaşında toplanmış sığorta kapitalı nəzərə alınaraq pensiyanın yenidən hesablanması aparılmış və iddiaçıya 2219 manat pensiya təyin edilmişdir. Lakin 2 aydan sonra cavabdeh pensiyasının yenidən hesablanması ilə bağlı inzibatı icraata başlamış və sığorta kapitalında toplanan vəsaiti 72 aya deyil 156 aya bölməklə (109352.82:156 ay) hesablama aparmış və nəticədə iddiaçıya 1452.77 manat pensiya təyin elmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, xx.xx.2022 ci il tarixdən əvvəl, xx.xx.2018ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayımı 156 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Cavabdehin bu hesablanması ilə razı deyildir. Belə hesab edir ki, xx.xx.2024-cü ildə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması düzgün olmuş və həmin pensiyanın yenidən hesablanması barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-159037/2024 saylı Qərarının hüquqi əsası yoxdur və cavabdeh bu inzibati icraat zamanı etimad prinsipini pozmuş və səlahiyyətindən sui-istifadə etməklə bu qanunsuz qərarı qəbul etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 2219.02 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci ıl tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibatı icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 1452.77 manat məbləğində təyin edilməli olduğu halda, 2219.02 manat məbləğində təyin edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci ıl tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya huququ yaranmış şəxslərə yaşa gorə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir.. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (109352.82 156 ay (65 il-58 il=84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibatı orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 10463/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1452,77 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-2042/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 310463/2024 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci bəndini tətbiq etmədən əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə iddiaçının Qanunun 45-ci maddəsinin ikinci cümləsinin pensiyanın yenidən hesablanması hallarını deyil, təyin edilməsini tənzimləməsi ilə bağlı dəlili ilə razılşamır ona görə ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən (öz təşəbbüsü əsasında), həmçinin özünün tətbiq etdiyi yenidən hesablamanı səhv hesab edərək yeni hesablama apararkən (İnzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli qərarla) Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Cavabdehin keçid müddəlarına istinad edərək, qeyd edilmiş normaların əks yanaşmasını, yəni həmin normanın ləğv edilənədək qüvvədə olan redaksiyasını həmin normanın qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməli olduğunu bildirir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, göründüyü kimi qanunverici yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, 13 may 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (109352,82:156 ay (65 il-58 il=84 ay+(144 ay- 72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmuş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 10463/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1452,77 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazında iddia tələbinin və birinci instansiya məhkəməsinin əsaslandırmasının dəlillərinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinici instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 310463/2024 nömrəli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci bəndini tətbiq etmədən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, araşdırma zamanı İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl xx.xx.2018-ci il tarixində pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası xx.xx.2024-cü il tarixindən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (109352,82 : 156 ay (65 il – 58 il = 84 ay + (144 ay-72 ay) bölünməli olduğu halda 72 aya bölünməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməs və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsini tətbiq edtmədən pensiyanın yenidən hesablanmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilməklə, fərdi hesabın sığorta hissəsidə toplanmış pensiya kapitalı 156 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür, ona əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, pensiya məbləği 1452.77 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2018-ci ildən, yəni 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının 58 yaşı tanan olanda cavabdeh öz təşəbbüsü ilə “Əmək pensiyalar haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən toplanmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq, iddiaçıya 2219 manat müəyyən edilmişdir. Lakin 2 aydan sonra cavabdeh yenidən inzibati icraata başlanmış və sığorta kapitalında toplanan vəsaiti 72 aya deyil, 152 aya bölməklə hesablama aparmış və nəticədə iddiaçının pensiyası 1452.77 manata qədər azalmışdır. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə, iddiaçının işləyən əmək pensiyaçısı olmaqla, işlədiyi 6 il müddətində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını nəzərə almaqla, əmək pensiya məbləğini yenidən hesablamaqla, pensiya məbləğini sonuncu olaraq 2219 manat müəyyən etməkdə haqlı olmuşdur. Lakin daha sonra inzibati icraatı təzələyərək yenidən hesablama aparmaqla, pensiya məbləğini 1452.77 manat müəyyən etməkdə haqlı olmamış, bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi qərar qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)- 2042/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar