Məhkəmə qərarları › İş №2-1(105)-612/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-612/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-612/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1862/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli kommersiya obyektinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli kommersiya obyektinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili iddia tələbinə dəqiqləşdirmə verərək Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ümumi sahəsi 27.6 kv.m olan, 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında qeyd olunmuşdur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Siyəzən şəhərində daimi qeydiyyatda olan X1 fəaliyyətinin kommersiya növü ilə məşğul olmağa icazə verilsin. Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 1 girişli, 1 mərtəbəli kommersiya obyektinə xx.xx.1994-cü 41 tarixli, 133 nömrəli sərəncamına əsasən, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 1 girişli, 1 mərtəbəli kommersiya obyekti üçün 25 oktyabr 2021-ci il tarixli Ö/005060 nömrəli istismara hazırlıq aktı verilmişdir. Siyəzən Rayon İcra Hakimiyyətinin 26 yanvar 2022-ci il tarixli, 2 nömrəli icazə sənədinə əsasən, qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. İddiaçı X4 məxsus qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi haqqında ərizəsi Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə təmin olunmuş, qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 17 iyun 2016-cı il tarixli 089870 nömrəli lisenziyaya əsasən, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verilir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mərhum X3 mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyri-yaşayış binasına müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, ərizəyə əlavə olunmuş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında 32 kv.m torpaq sahəsi ayrılması qeyd edlisə də, faktiki torpaq sahəsi 44.4 kv.m-dir. Ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd (torpaq sahəsinin mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənədə uyğun olubolmaması barədə rəy vermək mümkün olmamışdır. Həmçinin, faktiki olaraq qeyri-yaşayış binasının ümumi sahəsi 02 nömrəli, xx.xx.2022-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən sahədən 10.2 kv.m artıqdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Qeyd edilənlərinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1862/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ümumi sahəsi 27.6 kv.m olan, 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun “Ümumi müddəalar" adlanan 1 -ci fəslində qeyd edilir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyri-yaşayış sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (...) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla) 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilməsi haqqında 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamından görünür ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Siyəzən şəhərində daimi qeydiyyatda olan X1 fəaliyyətinin kommersiya növü ilə məşğul olmağa icazə verilmişdir. Vətəndaş E.N.Zeynalova Azadlıq küçəsində “Turac” mağazasının yanında tikinti üçün 32 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 08 yanvar 2001-ci il tarixli müqavilədən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamı əsasında sahibkarlıq məqsədilə 32 kv.m torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Ö/005060 nömrəli, 25 oktyabr 2021-ci il tarixli istismara hazırlıq aktından müəyyən olunur ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 1 girişli, 1 mərtəbəli ümumi sahəsi 27,6 kv.m olan kommersiya obyektində tikintiquraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarət, podratçı tərəfindən daxili əməliyyat nəzarəti, layihəçi tərəfindən müəllif nəzarəti, müfəttişlik tərəfindən dövlət nəzarəti müvafiq qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən X5 verilmiş AZE seriyalı, ******* nömrəli şəhadətnamədən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən tikili tikintilərin dövlət reyestrinə daxil edilmiş və buna dair müvafiq kod verilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli, 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən mərhum X4 məxsus qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının ərizəsinin icrasından imtina edərək göstərmişdir ki, ərizəyə əlavə olunmuş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 133 nömrəli sərəncamında 32 kv.m torpaq sahəsi ayrılması qeyd edilsə də, faktiki torpaq sahəsi 44.4 kv.m-dir. Ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd (torpaq sahəsinin mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənədə uyğun olub-olmaması barədə rəy vermək mümkün olmamışdır. Həmçinin, faktiki olaraq qeyri-yaşayış binasının ümumi sahəsi 02 nömrəli, xx.xx.2022-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən sahədən 10.2 kv.m artıqdır. Qeyd edilən imtina əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən ümumi sahəsi 27.6 kv.m olan, 1 girişli, 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli, 26 yanvar 2022-ci il tarixli sərəncamına əlavə edilmiş icazə sənədində və obyektin istismarına hazırlıq aktında tikilinin sahəsinin 27,6 kv.m olduğu göstərilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Həmin tikili müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasında tikilmiş və həmin tikiliyə Dövlət və Arxitektura Komitəsi tərəfindən tikinti reyesterinə daxil edilərək müvafiq şəhadətnamə və kod verilmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi mərhum Eynal Zeynalovun istifadəsinə verilmiş və inşa edilmiş tikilinin həmin torpaq sahəsinin ölçülərindən kənara çıxması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin əlavə edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 16 mart 1994-cü il tarixli, 133 nömrəli sərəncamı əsasında sahibkarlıq məqsədilə E.Zeynalova verilmiş 32 kv.m torpaq sahəsinə dair 08 yanvar 2001-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət və bələbiyənin mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər. Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində inşa edilmiş tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Aidiyyəti dövlət qurumlarının üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müvafiq aidiyyəti qurumların hansılar olduğunu göstərməmişdir. Bundan başqa, müvafiq aidiyyəti qurumların hansılar olduğu cavabdeh tərəfindən göstərilsə belə, məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatına üçüncü şəxslər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilir. Hazırkı halda, cavabdeh inzibati orqan qəbul edilmiş məhkəmə qərarının hansı qurumların hansı maraqlarına toxunduğunu əsaslandırmamışdır. Tikilinin yerləşdiyi ünvanda ekspertizasının keçirilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, tikilinin sahəsi ilə bağlı iş materiallarında sənədlər mövcuddur. Göründüyü kimi mübahisələndirilən tikili ilə bağlı iddiaçı tərəfindən müvafiq olaraq tələb edilən sənədlər təqdim edildiyindən, cavabdeh mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla ayrılmış daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1862/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar