Məhkəmə qərarları › İş №2-1(105)-613/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-613/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-613/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(118)-285/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmış, iddiaçının adına həmin torpaq sahəsinə dair A 163252 №-li “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin plan-ölçü sənədinə cari dəyişiklik edilməsi ilə bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubla müraciətin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, RX seriyalı, ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin hal-hazırda naturada yerləşən plan-ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. Lakin son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, plan və ölçü sənədində göstərilən koordinatlar torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları ilə fərqlidir. Bununla bağlı o, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinə dair plan ölçü sənədində dəyişiklik edilməsini, yəni koordinatların naturadakı vəziyyətə uyğunlaşdırılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu verilərək, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu göstərilmişdir cavabdehin etirazları: Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, araşdırma zamanı iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğundan plan və ölçü sənədində cari dəyişiklik edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2 mart 2021-ci il tarixli, 2-1(118)-285/2021 nömrəli (sədrlik edən hakim V.E.Əzizova) qərarı ilə iddia təmin edilərək, iddiaçıya məxsus olan və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21 fevral 2022-cu il tarixli 2-1(105)-15/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(118)-285/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır . Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2-1(102)-1045/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2022-cu il tarixli, 2-1(105)-15/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon, Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarına və Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlara əsasən xx.xx.2017-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, 4Ə-2166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsinə təkrar müayinə zamanı iddiaçı tərəfindən naturada göstərilən yer ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olmadığı qeyd edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə etibarnamə üzrə nümayəndə X3 müraciəti zamanı isə məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır... Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edərək, iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir İşin materiallarına görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində X1 mülkiyyət hüququ bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışa uyğun olaraq bələdiyyənin qərarına əsasən qeydiyyata alınmış, bundan sonra həmin torpaq sahəsi X2 tərəfindən 09 iyun 2017-ci il tarixdə iddiaçıya satılmışdır. Hər iki halda mülkiyyətçilərin adına torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmişdir. Cavabdeh apellyasiya şikayətində təsdiq edir ki, hər iki halda torpaq sahəsi yerində müayinə olunduqdan sonra plan ölçü sənədi tərtib edilmişdir. Təkrar müayinə zamanı iddiaçı tərəfindən naturada göstərilən sahə ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olmamışdır. Bununla bağlı Ali Məhkəmənin qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə hər hansı münasibət bildirməmiş, həmin dəlillə bağlı işin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəfindən təqdim olunmuş arxiv materiallarını tam və hərtərəfli araşdırmamış, onlara qiymət verməmişdir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinin qeyd edilən dəlili araşdırılarkən müəyyən edildi ki, N.Cəbrayılovaya 0,10 ha torpaq sahəsi ayrılarkən bələdiyyə tərəfindən torpağın yerləşmə vəziyyətinə uyğun olaraq tərtib edilmiş yerquruluşu planından çıxarışda götərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları(rəqəmləri) ilə iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, A № 163252 Torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları(rəqəmləri) eyni olmaqla tam üst-üstə düşür. Başqa sözlə, cavabdeh inzibati orqan hər iki halda bələdiyyə tərəfindən ilkin olaraq N.Cəbrayilovaya ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun olaraq mübahisəli torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib etmişdir. Eyni zamanda işdən görünür ki, 09 iyun 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən, iddiaçı aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaq məqsədilə cavabdeh inzibati orqana müraciət edərkən, cavabdeh tərəfindən həmin torpaq sahəsi təkrar müayinə (baxış) edilmiş, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin cizgisinin natura ilə uyğun gəldiyi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və həmin torpaq sahələri arasında olan məsafə 641 metr təşkil edir. Elektron kadastr məlumat bazasında araşdırılarkən məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçməmişdir. Bununla bağlı Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi, kollegiya hesab edir ki, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olmaması faktı özüözlüyündə hazırkı məzmunda iddianın təmin olunmasının əsası kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə kollegiyasında işin halları təkrar araşdırılarkən müəyyən edildi ki, torpaq sahəsi 2017-ci ildə iddiaçıya satılan zaman torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti arasında mübahisə olmamışdır, yəni iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, A № 163252 Torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatlar ilkin torpaqayırma sənədlərinə uyğun olmuşdur. Daha sonra isə iddiaçı tərəfindən torpaq sahəsinin yeri dəyişdirilmişdir. Belə ki, iş materiallarından, habelə mütəxəssis rəyi və müayinə aktından da görünür ki, ərazidə hər hansı torpaq sürüşməsi baş veməmişdir. Yəni, sənəd üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi ayı-ayrı torpaq sahələridir. Hazırda iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi başqa fiziki və hüquqi şəxslərin mülkiyyətində olmasa da iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsidir. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(118)-285/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar