Məhkəmə qərarları › İş №2-1(105)-613/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-613/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-613/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-986/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyinə İddiaçı uzunmüddətli (99 il müddətinə) icarəsinə əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə ayrılması nəzərdə tutulmuş 0,12 hektar torpaq sahəsi Xəzər sahili boyu yerləşməklə, asudə dövlət ehtiyat fonduna aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin çimərlik xidmətinin göstərilməsi məqsədilə uzunmüddətli icarəyə verilməsinə etiraz edilməmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamına əsasən əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 0,12 hektar torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəsinə verilmiş və həmin torpaq sahəsinə dair onunla Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı arasında 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqavilə üzrə də icarə müddəti 99 il göstərilmişdir. Ayrılmış torpaq sahəsi (20X60 kv.m. ölçüsündə) DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən çıxarışda göstərilmişdir. İddiaçı 10 aprel 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Xaçmaz rayon Nabran kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. İnzibati orqan 18 iyul 2023-cü il tarixli 3-21-3-34/2-9581/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətlə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində nəzərdə tutulmuş icarə hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müraciəti Ərazi İdarəsinə daxil olmamışdır. Bu səbəbdən, həmin Qanunun 14-cü maddəsinin tələblərinə əsasən Xaçmaz rayon İcra Hakimiyyətinə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Lakin, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sorğuya cavab verilmədiyi üçün ərizənin icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yeri faktiki ayrılmış torpaq sahəsindən fərqlidir və həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət ehtiyat fondu torpaqları kimi göstərilmiş ərazidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinin 4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəsinə verilmiş 0,12 hektar torpaq sahəsinin icarə müddəti olaraq dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamına və 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında iddiaçının Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 0,12 hektar torpaq sahəsi üzərində hüquqları yaranmışdır. xx.xx.2007-ci il tarixdən hazıradək fasiləsiz olaraq həmin torpaqdan qeyd olunmuş aidiyyət üzrə istifadə edir. Lakin, bir neçə ildir ki, Xaçmaz Rayon İcra Hakimiyyətində baş verən struktur dəyişikliyindən sonra torpaqdan istifadəyə qeyriqanuni olaraq maneələr yaradılır. Bunun üçün xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Lakin, indiyə qədər onun müraciəti nə İcra Hakimiyyəti, nə də cavabdeh tərəfindən təmin olmamışdır. Bu baxımdan, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-986/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə iddiaçının icarəsinə verilmiş 0,12 hektar torpaq sahəsinin icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev) Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının icarəsinə səlahiyyətli qurum tərəfindən torpaq sahəsi ayrılmış və müvafiq müqavilə bağlanmış və torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh imtinasında torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yerinin faktiki ayrılmış torpaq sahəsindən fərqli olduğunu qeyd etsə də, bu hal mütəxəssis rəyi ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. ... “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Maddə 13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 33. Ehtiyat fondu torpaqları

1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.

2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir.

3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.

4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.

5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. …

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Xaçmaz rayon Nabran kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə imtina məktubunun dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də imtina məktubundan irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə, kollegiya apellyasiya şikayətinin aşağıdakıları dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir: 1) İddiaçının müraciəti ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətinə sorğu verildiyindən ərizənin icrasının bir ay müddətinə dayandırıldığı, lakin, həmin müddət ərzində sorğuya cavab verilmədiyindən ərizənin icrasının mümkün olmadığı; 2) Torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yerinin faktiki ayrılmış torpaq sahəsindən fərqli olduğu; 3) Torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyənin ehtiyat fondu torpaqları kimi göstərildiyi. Şikayətin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iznibati orqanın sorğusuna cavab verilməməsi torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.3-1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Göründüyü kimi vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin hüquqi qüvvəsi cavabdeh inzibati orqana şübhə yaradırsa və ya əlavə sənədlər (məlumatlar) tələb olunursa, həmin orqan inzibati icraat qaydasında aiddiyyəti orqanlara sorğular verərək müraciətin əsaslılığını araşdıra bilər. Belə olan halda, inzibati icraatın lazımi qaydada aparılması, verilən sorğuların icrasının təmin edilməsi cavabdeh inzibati orqanın məsuliyyət sferasına aid məsələ olmaqla, hazırkı halda, cavabdeh tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinə verilmiş sorğunun cavablanlandırılmaması iddiaçının ziyanına şərh oluna bilməz. Digər tərəfdən, işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, mübahisəli 0,12 ha torpaq sahəsi DTXK-nin Xaçmaz rayon şöbəsinin razılığı əsasında Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamına əsasən əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə 99 il müddətinə iddiaçının icarəsinə verilmiş və həmin torpaq sahəsinə dair onunla RİHB arasında 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmçinin, məhkəmə kollegiyası tərəfindən 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli icarə müqaviləsinin qüvvədə olub-olmaması, iddiaçının tərəfindən həmin müqavilə üzrə icarəyə verilmiş 0,12 hektar torpaq sahəsinə dair icarə haqqının ödənilib-ödənilməməsi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə sorğu verilmiş, həmin orqan sorğuya cavab olaraq iddiaçının icarəsinə verilmiş 0,12 hektar torpaq sahəsi üzrə illik icarə haqqının ödənilibödənilməməsi barədə tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə sorğu verildiyini bildirmişdir. Daha sonra Xaçmaz Rayon İH tərəfindən müvafiq sorğularına cavab olaraq DVX-nin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu məhkəməyə təqdim edilmişdir. Həmin məktubdan görünür ki, İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə icarəyə götürülmüş dövlət torpaq sahələri üzrə borcu yoxdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 0,12 hektar torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli icarə müqaviləsi hazırda qüvvədədir və iddiaçı tərəfindən də icarə haqları ödənilir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Sxemdə göstərilən torpaq sahəsinin yerinin faktiki torpaq sahəsindən fərqli olduğu ilə bağlı cavabdehin 2-ci dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları Xaçmaz rayonu, Xəzər dənizi sahili boyu asudə Dövlət ehtiyat fondu torpaqlarının yerquruluşu xəritəsindən çıxarışa uyğundur, həmin torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” ndə (TEKUİS) kateqoriyası ehtiyat fondu torpaqlarına aid olmaqla, uqodiyası kolluq kimi göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə bitişik, qonşuluğunda və ətrafında olan torpaq sahələrinin hüquqi rejimi Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarına aiddir. Rəyə əlavə edilən faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaq sahəsinin ölçü-planından da müəyyən edilir ki, torpaq sahəsi 20X60 kv.m. ölçüsündə olmaqla, yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçüyə uyğundur. Göründüyü kimi faktiki istifadədə olan torpaq sahəsi ilə yerquruluşu xəritəsindən çıxarışda göstərilən sahə arasında hər hansı uyğunsuzluq yoxdur. Bununla da, cavabdehin həmin dəlili özünün verdiyi mütəxəssis rəyi ilə təkzib edilmişdir. Kollegiya bir məqamı da diqqətə çatdırır ki, AR Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu torpaqlarının icarəyə verilməsinin xüsusi rejimi müəyyən edilmişdir. Həmin bəndə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı (Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatı əsasında) ilə istifadəyə və icarəyə verilə bilər. Hazırkı torpaq sahəsinin isə Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi olmadığı işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh imtinasında, iddia ərizəsinə etiraz və apellyasiya şikayətində bunu mübahisələndirməmiş, yalnız torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olduğunu göstərmiş, bununla da həmin torpaq sahəsinin icarəyə verilməsinin xüsusi rejimi müəyyən edilən həmin torpaq sahələri kateqoriyasına aid olmadığını qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası torpaq sahəsinin Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi olub-olmadığı ilə bağlı araşdırılma aparılmasına zərurət görməmişdir. Cavabdehin sonuncu dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olduğunu qeyd etsə də, iş materiallarında olan bütün sənədlərdə - Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamında, DTXK-nin Xaçmaz rayon şöbəsinin rəyində, eləcə də, həmin orqan tərəfindən tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən çıxarışda dövlət ehtiyat fondu torpağı kimi göstərilmişdir. Həmçinin, cavabdeh özü də yuxarıda qeyd edilən mütəxəssis rəyində mübahisəli torpaq sahəsini Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpağı kimi göstərmişdir. Nəzərə almaq lazımdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin icarə hüququ əsasında iddiaçıya verilməsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən rəy verilmişdir. Həmin rəyə əsasən, əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə iddiaçının uzunmüddətli (99 il müddətinə) icarəsinə ayrılması nəzərdə tutulmuş 0,12 hektar torpaq sahəsinin Xəzər sahili boyu yerləşməklə, asudə dövlət ehtiyat fonduna aid torpaq sahəsi olduğu nəzərə alınaraq, həmin torpaq sahəsinin qeyd olunan məqsədlə iddiaçının icarəsinə verilməsinə etiraz edilməmişdir. “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 2-ci bəndinin 4-cü hissəsinə əsasən həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi həyata keçirirlər. Bununla da müəyyən edilir ki, torpaq sahəsi iddiaçının icarəsinə verilən zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy verilmiş və həmin səlahiyyətli qurum icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsini dövlət ehtiyat fonduna aid sahə kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüququ “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində, eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərə – Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamına və 08 yanvar 2007-ci il tarixli, 45 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, torpaq sahəsinin iddiaçının icarəsinə verildiyi və onun istifadəsində olduğu müddətdə Xaçmaz Rayon İcra Hakimiyyətinin 30 dekabr 2006-cı il tarixli, 452/1 nömrəli sərəncamının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sərəncam qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, bu sərəncam hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-986/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar