Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-613/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X11 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X23 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına tərtib edilmiş Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0194 KOD 30124078 saylı dövlət aktının və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydin iddiaçıya məxsus **********01 reyestr nömrəli, RX ******* seriyalı çıxarışın ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2(118)-237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Qusar rayonu Qaratoba kəndində yerləşən 2.83 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə tərəfindən iddiaçıya və ailə üzvlərinə ayrılmış və ona JN 0065 kod 30124078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. İddiaçı və ailə üzvləri həmin torpaq sahəsinin 1.45 ha hissəsini xx.xx.2014-cü il tarixli alqı-satqı müaqaviləsinə əsasən X5 özgəninkiləşdirmişdir. Daha sonra yerdə qalan 1.38 hissəsinə dair xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qusar rayon, Qaratoba kəndi ərazisində, 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları qeydiyyata alınmış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-675/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-362/2021 saylı qərardadından görünür ki, həmin qətnamə ləğv edilmiş və həmin iddia mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 2-1/118/- 3380/2023-cü il nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 1.38 ha torpaq sahəsinin 1.36 ha hissəsi X1 2.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə torpaqların elektron kadastrı uçot informasiya sistemində İddiaçı **********01 reyestr nömrəli 1.38 ha torpaq sahəsi 1.36 ha torpaq sahəsi olmaqla uçota alınmışdır. X2 **********82 reyestr nömrəli 2.0 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçot informasiya sistemində öz əksini tapmamışdır. İddiaçı X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya ünvanladığı 10 mart 2023-cü il tarixli, № 3-21-3-34/2-G-003-81-8/2023 saylı “məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Qaratoba kəndinə yerləşən torpaq sahəsinə dair X2 adına verilmiş **********82 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvi yalnız məhkəmənin qərar ilə mümkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X2 adına verilmiş Seriya RX ******* saylı 07 mart 2014-cü il tarixli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X2 adına tərtib edilmiş Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0194 KOD 30124078 saylı dövlət aktının iddiaçıya məxsus **********01 reyestr nömrəli, RX ******* seriyalı çıxarış ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Qaratoba kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və ailə üzvlərinin adına qeydiyyata alınmış və Seriya RX ******* saylı 21 may 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məlum olmuşdur ki, iddiaçı və ailə üzvlərinə məxsus olan həmin torpaq sahəsi X2 adına verilmiş Seriya RX ******* saylı 07 mart 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 2.0 hektar torpaq sahəsinin tərkibinə daxil edilmişdir. İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi onlara aqrar islahat zamanı ayrılan 2.83 ha torpaq sahəsinin bir hissəsidir. İddiaçı 1.45 ha hissəsini satdıqdan sonra, yerdə qalan 1.38 ha hissəsinə çıxarış almışdır. X2 adına verilmiş Seriya RX ******* saylı 07 mart 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış guya Qusar rayon məhkəməsinin 2- 619a/2006 saylı 10 aprel 2006-cı il tarixli qətnaməsi əsasında verilmişdir. Halbuki, belə bir qətnamə mövcud olmamışdır. Bu hal, X2 iddiaçıya qarşı Qusar rayon məhkəməsində qaldırdığı iddia tələbinə baxılarkən təsdiq olunmuş, bu barədə məhkəmənin müvafiq arayışı olmuşdur ki, belə bir qətnamə mövcud deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, X24 oglu Qusar rayanu, Qaratoba kəndində yerləşən torpaq sahəsinə dair X3 adına verilmiş **********2 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu Qaratoba kəndində yerləşən torpaq sahəsinə dair X2 adına verilmiş **********82 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvi icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-653/2024 saylı qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-237/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, X2 adına tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0194 KOD 30124078 saylı dövlət aktının iddiaçıya məxsus **********01 reyestr nömrəli, RX ******* seriyalı çıxarış ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1.36 ha hissəsinin üçüncü şəxsə verilmiş dövlət aktında göstərilən 2.0 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Hazırki iş üzrə mübahiəsləndirilən dövlət aktının tərtib edilməsinə sas kimi göstərilən Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-619a/2006 saylı qətnaməsi mövcud olmadığından cavabdeh imtinasında haqlı olmamışdır. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə tipik hüquqdan sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi isə buna diqqət yetirməmiş, işin faktiki hallarını araşdırmadan belə bir ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəli qərarında iddiaçının məhkəmədə torpaq sahəsini satmaması, Qusar rayon Polis Şöbəsində ona təzyiq göstərdikləri üçün torpaq sahəsinin bir hissəsini satdığını göstərmiş olsa da (səh. 6, abzas 8) məsələnin əsl mahiyyəti tam fərqli olmuşdur. Belə ki, hələ 2006-cı ildə iddiaçı Qusar rayonu Qaratoba kəndində yerləşən onun və ailə üzvlərinin adına qeydiyyata alınmış 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, birinci instansiya məhkəməsində verdiyi izahatında “polis şöbəsində təzyiq altında bir hissəini satdım deyə yazdım” göstərdiyi kimi deyil, tam şəkildə həmin vaxt Qusar rayonu, Qarat-oba kənd bələdiyyəsinin sədri X12 vasitəsi ilə Qusar rayonu, Düztahir kəndi sakini X13, hər hektarına görə 1600 ABŞ dolları almaqla satmışdır. Daha sonra hazırkı iş üzrə üçüncü şəxs X4 ona və ailə üzvlərinə 1998-ci il tarixdə verilmiş 4,06 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsini Qarat-oba kənd bələdiyyəsinin vasitəsilə başqa bir paya dəyişmiş və bu zaman hazırda mübahisə predmeti olan 1,38 ha həmin torpaq sahəsi də dəyişilmiş torpaq sahəsinin içərisində olmuşdur. Bütün bu halları bilə-bilə iddiaçı məhkəmədə torpaq sahəsini satmadığını və yalnız bir hissəsini təzyiq altında satdım deyə yazmağa məcbur qaldığı barədə yalandan ifadə verərək bütün bu halların gizlətməyə çalışmışdır. Belə ki, işin mahiyyətinə dair iddiaçının sui-istifadə etməsini təsdiq edən, yuxarıda qeyd edilən halların göstərildiyi Qusar rayon X19 Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 qəbul etdiyi xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərar mövcuddur. Həmin qərarda işin faktiki halları tam aydın olaraq göstərilmişdir. Məhkəmə həmin qərarın preyudisial əhəmiyyyətini də nəzərə almamışdır. Halbuki, həmin qərarda açıq şəkildə iddiaçının etibardan və hüquqdan sui-istifadə etdiyini açıq şəkildə sübut və təsdiq edir. Həmin araşdırma məhz hazırkı iddiaçının şikayəti əsasında aparılmış və təhqiqat bölməsinə verdiyi izahatında özü könüllü şəkildə hazırkı mübahisə predmeti olan torpağını tam satdığını etiraf etmişdir. Eyni zamanda həmin araşdırma zamanı Qusar rayonu, Qarat-oba kənd bələdiyyəsinin sədri X17 verdiyi izahatında da göstərilənləri bir daha təsdiq etmişdir. O hal da xüsusilə qeyd olunmalıdır ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi 2006-cı ildən, yəni torpağını tam satdığı dövrdən iddiaçının istifadə və sərəncamında olmamışdır. Əksinə hazırkı iş üzrə 3-cü şəxs qismində çıxış edən X2 istifadəsində olmuş və bu gün həmin torpaq sahəsindən istifadə edir və həmin torpaqla bağlı bələdiyyəyə ödənilən vergiləri 2006-cı ildən ödəyir. Bununla bağlı məhkəməyə bələdiyyənin xx.xx.2025-ci il tarixli, 42 saylı arayışını da şikayətə əlavə edilir. İddiaçının ötən 19 il müddət ərzində (2006-2024) bir dəfə də olsun buna etiraz etməməsi (yalnız 2021-ci ildə Qusar RPŞ-nə müraciət etmişdir), susqunluğu onun hüquqdan sui-istifadə etməsini təsdiq edən daha bir haldır. Beləliklə, məhkəmə işin allarını tam araşdırmadan, işə səthi və formal yanaşmış, bununla da üçüncü şəxsin mülkiyyət hüququndan qismən məhrum edilməsi barədə belə bir qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağa mülkiyyət hüququna dair JN-0194 kod 30124078 saylı dövlət aktının və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın idiaçıya məxsus **********01 reyestr nömrəli, RX N ******* seriyalı çıxarış ilə üst-üstə düşən 1.36 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, X2 adına tərtib edilmiş Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN- 0194 KOD 30124078 saylı dövlət aktının və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçıya məxsus **********01 reyestr nömrəli, RX ******* seriyalı çıxarış ilə üst-üstə düşən 1.36 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilmişdir ki, X2 adına olan Qusar rayonu Qaratoba kəndi ərazisində 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair reyestr nömrəsi **********82 olan 07 mart 2014-cü il tarixli Seriya RX ******* saylı hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 14 may 2006-cı il tarixli JN 194 KOD 30124078 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında tərtib edilmişdir. Həmin dövlət aktı isə həmin məhkəmənin arxivində və kartotekasında aşkar olunmayan Qusar rayon Məhkəməsinin 10 aprel 2006-cı il tarixli 2-619a/2006 saylı qətnaməsi əsasında verilmişdir. Məhkəmə araşdırması zamanı Qusar Rayon Məhkəməsinə ünvanlanmış sorğuya əsasən məlum olmuşdur ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-619a/2006 saylı işin mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı tələbinin əsası olaraq hazırda qüvvədə olan və məhkəmə araşdırması zamanı mötəbərliyi təsdiq edilən sözügedən 1,38 ha hissəsinin də daxil olduğu 2.83 ha torpaq sahəsinə dair JN0065 kod 30124078 nömrəli dövlət aktına və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad edərək, üçüncü şəxsin dövlət aktını və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirir. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.38 ha hissəsinin 1.36 ha hissəsi ilə üçüncü şəxsin adına olan dövlət aktında göstərilən torpaq sahəsinin bir hissəsi ilə eyni torpaqlar olması isə işin tərəflər arasında mübahisələndirilməyən halıdır, mütəxəssis rəyi ilə də həmin hal təsdiq edilmişdir. Üçüncü şəxsin adına tərtib edilmiş JN-0194 KOD 30124078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olaraq Qusar rayon Məhkəməsinin 10 aprel 2006-cı il tarixli, 2-619a/2006 nömrəli qətnaməsi göstərilsə də, məhkəmənin sorğusuna əsasən ümumiyyətlə belə bir işin Qusar rayon Məhkəməsində mövcud olmadığı şkar edilmişdir. Həmçinin, məhkəmənin sorğuları nəticəsində də üçüncü şəxsin adına Dövlət Aktının tərtib edilməsinə əsas olan sənədlər cavabdeh orqanın, eləcə də, "xxxx" MMC-nin arxivində aşkar edilməmişdir. Beləliklə, 2.0 ha torpaq sahəsinə dair üçüncü şəxs V.Abdurzayevin adına tərtib edilmiş JN-0194 KOD 30124078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi və aktın mötəbərliyi müəyyən edilməmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan inzibati akt kimi qiymətləndirilə bilməz. Həmin dövlət aktı inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 67.6 və 67.6.2-ci maddəsinə görə maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Hazırkı halda kollegiya hesab edir ki, üçüncü şəxsin adına JN-0194 KOD 30124078 nömrəli Dövlət aktı mövcud olmayan məhkəmə qətnaməsi əsas götürülməklə tərtib edildiyindən, və bununla da, həmin Dövlət aktının mötəbərliyi müəyyən edilmədiyindən üçüncü şəxs inzibati orqana qarşı etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati və real aktlara münasibətdə tətbiq edilən anlayışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar məhkəmə üçün preyudisial əhəmiyyət daşımır və üçüncü şəxsin apellyasiya şikayətinin bununla bağlı dəlilini əsassız hesab edir. Hazırkı işin hallarından görünür ki, torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsində olmuş olsa belə, həmin torpaq sahəsinə dair öz adına tərtib edilmiş Dövlət aktının mötəbər sənəd olmadığını bilmişdir. Belə ki, tərəflər arasında torpaq sahəsinin alqısatqısına dair əqd bağlanmamış,əsas kimi istinad olunan məhkəmə qətnaməsi isə ümumiyyətlə mövcud olmamışdır. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq qeyd edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14/2 nömrəli qərarına əsasən 2.83 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə ayrılmasına baxmayaraq, mövcudluğu və mötəbərliyi təsdiq edilməyən Qusar rayon Məhkəməsinin 10 aprel 2006cı il tarixli, 2-619a/2006 nömrəli qətnaməsi əsas göstərilərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-0194 KOD 30124078 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı qanunsuz və əsassız olaraq tərtib edildiyindən və bununla da, iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək,həmin Dövlət aktı və onun əsasında aparılmış daşımas əmlakın dövlət reyestrində aparılmış qeyd iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 1.36 ha hissədə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-237/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. X2 adına tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0194 KOD 30124078 saylı dövlət aktının və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.38 ha torpaq sahəsinin üst-üstə düşən 1.36 ha hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın dövlət Kadasgtrı və reyestri X23 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-613/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-613/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver