Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-614/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “0232 nömrəli, 21.04.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 0232 nömrəli, 21.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 5000 manat kompensasiyanın ödənilməsi”ni xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: Notariat qaydada təsdiq olunmuş AN-İ ******* seyiralı, 29.01.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini əvəzi ödənilməklə almış və torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət reyestrində qeydə alınaraq, ona 04.02.2020-ci il tarixli Dövlət reyestrindən Çıxarış təqdim olunmuşdur. Bundan sonra, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olunmuşdur. Həmin işçi layihəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq 3-cü şəxs-Abşeron rayon icra Hakimiyyətinə 09,06.2020-ci il tarixdə təqdim olunmuşdur. Üçüncü şəxs 996 №-li, 11.06.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyətində olan 1 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi tövsiyə edilmişdir”. Xüsusi olaraq qeyd edir ki, "xxxx" MMC tərəfindən hazırlanmış işçi layihəsində kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Yenidən, həmin işçi layihəsi və qanunvericilikdə sadalanan digər sənədlər 30.06.2020-ci il tarixli ərizə ilə birlikdə 3-cü şəxs-Abşeron rayon İcra Hakimiyyətinə göndərilsə də, həmin ərizəyə cavab verilməmişdir. Qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin, Abşeron rayon İcra Hakimiyyətinin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəktlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhdlər etmişlər. Onunla Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh 03.03.2021-ci il tarixdə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron rayon Rolis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Rolis İdarəsinin İŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə» 25.03.2021-ci il tarixli qərarda göstərilmişdir ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iş üzrə məhkəmə icraatı davam edir. Həmin iş üzrə, Sumqayıt İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli Qərardadı ilə məhkəmə mübahisəsi başa çatanadək, ünvan 1i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması Abşeron rayon icra Hakimiyyətinə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Məhz, bundan sonra Abşeron rayon icra Hakimiyyəti tərəfindən cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə müraciət edilmiş və tikintinin dayandırılmasına nail olmağa cəhd edilmişdir. 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyəti, ona qarşı olan qanunsuz hərəkətlərini davam etdirmək üçün artıq cavabdeh vasitəsilə ona təsir göstərməyə başlamışdır. Belə ki, 27.04.2021-ci il tarixdə özünü təqdim etməyən cavabdehin vəzifəli şəxsi onun mülkiyyətində olan torpaq sahəsinə gəlmiş, torpaq sahəsinin sahibi olaraq onu soruşmadan, orada fəhlə işləyən İmdad Quliyevə yaxınlaşaraq, tikinti işlərinin dayandırılmasını tələb edərək, «Tikinti işlərinin dayandırılması barədə» 0232 nömrəli 21.04.2021-ci il tarixli Qərarı ona təqdim etmiş və imzalamağı xahiş etmişdir. Açıq-aşkardır ki, cavabdehin vəzifəli şəxsi tərəfindən təqdim olunmuş «Tikinti islərinin dayandırılması barədə» 0232 nömrəli 21.04.2021-ci il tarixli Qərar özü- özlüyündə qanunsuz aktdır. Bundan başqa, tikinti obyekti barəsində tərtib olunmuş Texniki baxış aktı göstərilsə də, həmin akt ümumiyyətlə onlara verilməmişdir. Eləcə də, həmin aktın nə vaxt və kimin tərəfindən tərtib olunması barədə də onda məlumat yoxdur. Həmçinin, Qərar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsaslandırılsa da, həmin tikintiyə icazənin hansı maddi hüquq normasının tələbinə əsasən alınması, eləcə də icazənin alınmamasını müəyyən edən maddi hüquq normasının tələbinin ümumiyyətlə inkar edilməsi səbəbləri açıqlanmır. Bu cür Qərar isə qanuni hesab edilə bilməz. Göründüyü kimi, mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan torpaq sahəsi üzərində olan hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol verilmiş və bunun nəticəsində əmlak hüquqları əsassız məhdudlaşdırılmaqla, qeyd olunan Qərarı qəbul etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin qəbul etdiyi 21.04.2021-ci il tarixli 0232 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Agentlik tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1ində tikintiyə icazə sənədi olmadan özbaşına tikinti işlərinin aparılması aşkar edilmişdir. Tikinti obyektinin təyinatı quşçuluq fermasıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan tikinti işləri İddiaçı tərəfindən aparılır. Tikinti ərazisində Agentliyin vəzifəli şəxsinə icazə sənədlərindən heç bir müvafiq sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən tikintisi aparılan obyekt, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə şamil olunmur. Belə ki, həmin ərazidə böyük quşçulq ferması inşa edilir. Bununla bağlı, tərəflərindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 3.1.1-ci bəndinə əsasən, tikinti işlərinin dayandırılması barədə 21 aprel 2021 -ci il tarixli 0232 nömrəli qərar qəbul edilmişdir. Qərarın məzmunu barədə tikinti işlərini aparan şəxslərə məlumat verilmişdir, eyni zamanda Qərar onlara təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2-1 (118)- 1107/2021 saylı Qərarına əsasən iddiaçının quşların yetişdirilməsi və emalı üçün inşa etdiyi tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə şamil edilmişdir. Əfsuslar olsun ki, məhkəmə Məcəllənin 80-ci maddəsini düzgün təhlil etməyib. Belə ki, Məcəllənin 80-ci maddəsinin tələbləri insanlar üçün fərdi yaşayış evlərinin tikintisinə aiddir. Həmin maddənin tələblərinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. ünvan 1 ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən özbaşına və geniş miqyasda tikinti işlərinin aparılması barədə Abşeron Rayon İcra Hakimiyyətinin 6/X/307 nömrəli, 11 mart 2021-ci il tarixli məktubu Agentliyə daxil olmuş və tərəflərindən müvafiq qaydada araşdırma aparılmışdır. Bildirilmişdir ki, sözü gedən tikinti obyektinə baxış keçirilən zaman tikintiyə dair ümumiyyətlə heç bir sənəd təqdim edilmədiyinə görə Agentlik tərəfindən fiziki şəxs İddiaçı tikinti işlərinin dayandırılması barədə 21 aprel 2021-ci il tarixli, 0232 saylı Qərar verilmişdir. Lakin vətəndaş tikintiyə dair sənədlərin rəsmiləşdirilməsi və qaydaya salınması əvəzində məhkəmədə iddia qaldırmışdır. Məhkəmə isə tikiliyə yerində baxış keçirmədən qeyri-müəyyən əsaslar qərara gəlmişdir ki, guya ki, tikilən quşçuluq fermanın sahəsi 100 kvadratmetr, hündürlüyü isə 5 metrdir. Halbuki tikili hal-hazırda tikilməkdədir və müvafiq təsdiq olunmuş hüquqi və texniki sənədlər təqdim edilmədiyindən, onun inşası başa çatdıqdan sonra dəqiq hündürlüyü və sahəsi müəyyən etmək olardı. Bununla belə, hazırda tikinti obyektinin artıq inşa olunmuş hissəyə nəzərə salsaq aydın olur ki, qeyd olunan parametrlər pozulmuşdur. Məhkəmə isə yerinə baxış keçirsəydi, həmin tikilinin real parametrlərini müəyyən edə bilərdi. Bununla belə, məhkəmə tərəfindən hər hansı dolğun araşdırma aparmadan, məhkəmə ekspertizanı təyin etmədən və ya yerində baxış keçirmədən qeyri-müəyyən və reallığı əks etdirməyən nəticəyə gəlmiş və quşçuluq fermasını fərdi yaşayış evi ilə səhv salaraq, onu məlumatlandırma icraatı kimi qiymətləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, Agentlik tərəfindən vətəndaş İddiaçı təqdim olunan 21.04.2021-cü il tarixli, 0232 nömrəli Qərara əsasən ona Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə 30 gün müddətinə təqdim edilməsi tapşırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Tikintidə X3 Agentliyi və Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, habelə tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Apelyasiya şikayətinə dair etiraz İşin mübahisəsiz halıdır ki, tikinti işləri aparılan və iddiaçının mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. İş materiallarına təqdim olunmuş-lisenziyası olan TFM SMART PROJECT MMC tərəfindən tərtib edilmiş işçi layihəsindən açıq-aydın görünür ki, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması sahəsində müvafiq inşa işləri aparılmaqla və hündürlüyü 5 metrə qədər, sahəsi 100 kv.metrə qədər bir mərtəbəli brezentlərdən hazırlanmış çadır tipli yuvaların quraşdırılması üçün torpaq səthinin düzləşdirilməsinə görə həmin ərazidə bünövrələrin inşası nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edir ki, kənd təsərrüfatının mənası-bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərəliyinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitki-heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikləşdirmə fəaliyyətlərini əhatə edir. Açıq-aşkardır ki, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün müvafiq tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və 79.2-ci maddələrinin tələblərinə görə, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin ölçüləri, hündürlüyü 5 metrdən və sahəsi 100 kv.metrdən artıq olduğu halda, məlumatlandırma icraatını nəzərdə tutan həmin Məcəllənin 80-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Digər tərəfdən, Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatını tənzimləyən, həmin Məcəllənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Açıq-aşkardır ki, iddiaçı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmiş və bu halda hər hansı bir maddi hüquq normasının tələblərini pozmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə. Bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq nəzərdə tutulmuş bütün sənədlər 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinə 09 iyun 2020-ci il tarixdə təqdim olunmuşdur. Abşeron rayon İcra Hakimiyyətinin 996 saylı,11.06.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətində olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmək tövsiyə edilmişdir. Hansı ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən-layihəyə dair iradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinin iradının nədən ibarət olması və hansı normativ hüquqa əsaslanması ümumiyyətlə aydın deyildir. Yenidən, həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər 30.06.2020-ci il tarixli ərizə ilə birlikdə 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinə göndərilsə də, həmin ərizəyə cavab verilməmişdir. Qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, “Tikinti işlərinin dayandırılması barədə” 0232 saylı, 21.04.2021-ci il Qərar tikintidə işləyən fəhləyə 27.04.2021-ci il tarixdə təqdim olunduqdan 1 gün sonra, yəni 28.04.2021-ci il tarixdə, rəsmi ərizəyə tikinti işinə aid bütün sənədlər (TFM SMART PROYECT MMC-nin 1 vərəqdən ibarət lisenziyası və 64 vərəqdən ibarət tikintinin layihəsi; 1 vərəqdən ibarət DƏDRX çıxarış; 1 vərəqdən ibarət Torpaq sahəsinin plan və ölçüsü; Abşeron rayon İcra hakimiyyətinə ünvanlanmış ərizələr) əlavə olunmaqla Agentliyin rəisinə göndərilmişdir. Həmin ərizədə 0232 saylı Qərarın ləğv olunması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən isə halhazıradək həmin qərarın ləğv olunub-olunmaması, eləcə də layihəyə dair hər-hansı bir iradın olub olmaması barədə cavab verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 533 №li, 22.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 3.8-ci bəndinə əsasən-sifarışçi (podratçı) Qərarda nəzərdə tutulmuş göstərişləri yerinə yetirməli və tikinti işlərinin dayandırılmasına əsas olmu pozuntuları aradan qaldırmalıdır. Həmin pozuntular aradan qaldırıldıqda, sifarişçi (podratçı) bu barədə Agentliyə yazılı məlumat təqdim etməlidir. 3.9cu bəndinə əsasən, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində sifarişçinin və podratçının iştirakı ilə pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalıdır. 3.11-ci bəndinə əsasən, bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində Agentlik sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılıq razılıq vermədikdə, tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq vermədikdə, tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab olunur. Cavabdehin göstərdiyi dəlillər, artıq qüvvədən düşmüş 0232 saylı 21.04.2021-ci il tarixli Qərarın qüvvədə qalması üçün əsas ola bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi və apellyasiya şikayətinə dair yazılı etiraz ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçı tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədədir. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi 04 fevral 2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Hər iki tərəfin təsdiqi, iş materiallarına əlavə edilmiş layihə-plan və fotoşəkillərə əsasən müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisini aparmaq niyyətindədir. İşdən görünür ki, bu niyyətini reallaşdırmaq üçün iddiaçı ilk öncə tikintisi aparılacaq tikililərə dair işçi layihəsi hazırlamış və tələb olunan sənədlərlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Hazırki iş üzrə üçüncü şəxs-Abşeron rayon icra Hakimiyyəti cavab olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıya torpaq sahəsinin təyınatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı həmin sənədlərlə yenidən Abşeron rayon icra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Bundan sonra iddiaçı müvafiq tikinti işlərinə başlamışdır. Eyni zamanda işdən müəyyən olunur ki, cavabdeh tərəfindən tikintinin aparıldığı həmin əraziyə yerində baxış keçirilmiş, 15 aprel 2021-cil tarixdə 005 nömrəli texniki baxış aktı tərtib edilmişdir. Həmin aktda tikinti obyektində aşkar olunmuş pozuntu kimi tikinti aparılmasına dair icazə sənədinin olmaması qeyd edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən «Tikinti islərinin dayandırılması barədə» 0232 nömrəli, 21.04.2021-ci il tarixli Qərar qəbul olunmuşdur. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək bildirir ki, qanunvericilikdə onun apardığı tikinti işlərinə dair icazənin verilməsi müəyyən olunmur. Tələbinin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə istinad edir. Həmin normaya əsasən müəyyən olunur ki, mülkiyyətdə olan torpaq sahəsindəhündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Cavabdeh isə bu mövqeyi o əsasla mübahisələndirir ki, tikili hal-hazırda tikilməkdədir və müvafiq təsdiq olunmuş hüquqi və texniki sənədlər təqdim edilmədiyindən, onun inşası başa çatdıqdan sonra dəqiq hündürlüyü və sahəsini müəyyən etmək olacaq. Bununla belə, hazırda tikinti obyektinin artıq inşa olunmuş hissəsinə nəzərə saldıqda aydın olur ki, qeyd olunan parametrlər, yəni hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan tələblər pozulmuşdur. Beləliklə də müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi - cavabdehin məlum qərarı qəbul etməsinə əsas - iddiaçı tərəfindən icazəsiz tikinti işlərinin aparılması olmuşdur. Belə olan halda aydınlaşdırılmalı məsələ iddiaçı tərəfindən inşa olunan tikili ilə bağlı icazə verilməli olub-olmamasıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.4-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərindən biri də tikintiyə icazə verilməsi təşkil edir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.3cü bəndinə əsasən həmin Məcəllənin 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq (...) yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Beləliklə də müəyyən olunur ki, tikintiyə icazə verilməli olan təqdirdə, bu icazə yerli icra hakimiyyəti orqanı, hazırki iş üzrə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. İstinad olunan normadan görünür ki, adıçəkilən Məcəllənin 79 və 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektlərinə icazə tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə həsr olunmuşdur. Həmin maddəyə əsasən müəyyən olunur ki: Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: - 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; -79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; -79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); -79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; -79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; -79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; -79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; - 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; -79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; -79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Beləliklə də müəyyən olunur ki, qanunverici tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə yardımçı tikililəri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektləri, quyuları, yeraltı su və çirkab su anbarlarını (rezervuarların), hovuzları, hasarları, enerji və işıqlandırma dirəklərini, antena qüllələrini, su çənləri qüllələrini, və s. aid etmiş və həmin tikililərin ölçüləri ilə bağlı göstəricilər-parametrlər (hündürlüyü, sahəsi, həcmi və dərinliyi) müəyyən etmişdir. Lakin sadalanan obyektlərlə bağlı yalnız yardımçı tikililər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlər, quyular, yeraltı su və çirkab su anbarları (rezervuarların), hovuzlara münasibətdə nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatının şamil olunduğunu qeyd etmişdir.(79.2) Demək ki, qanunvericinin mövqeyindən hasil olan nəticəyə görə tikintisinə icazə tələb olunmayan tikinti obyektlərindən yalnız yuxarıda sadalanan obyektlərin parametrlərinin hədlərini keçməsinə icazə verilərək, belə olduğu təqdirdə həmin tikililərə dair məlumatlandırma icraatının şamil olunduğu bildirilmişdir. Bəllidir ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisi üçün icazənin alınması tələb olunmur. Belə ki, adından da göründüyü kimi bu icraat zamanı fərdi yaşayış evlərin tikintisinə başlamazdan əvvəl Sifarişçi tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edərək, tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verir. Yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. (ŞTM 80.4) Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. (ŞTM 80.1) Hazırda da işin hallarından görünür ki, mübahisəli tikilinin yerləşdiyi 1 ha torpaq sahəsi ********** nömrəli, 04.02.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyriyaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Abşeron rayon icra Hakimiyyətinə təqdim edərək mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək üçüncü şəxs olan inzibati orqanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırmışdır. Üçüncü şəxs normativ hüquqi aktlara istinad etmədən və onların pozulan tələblərini nəinki dəqiq, ümumiyyətlə göstərmədən təqdim olunmuş layihəyə irad bildirmişdir. Belə ki, üçüncü şəxs iradını torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılmasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Halbuki Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 14-cü maddəsinin 1 -ci bəndinə əsasən- Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. İstinad olunan normalardan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, torpaq sahəsində müvəqqəti tipli tikililər-çadır tipli yuvalar quraşdırılmışdır. Beləliklə də kollegiya belə nəticəyə gəlir ki, qanunvericiliklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün obyektlərin tikintisi nəzərdə tutulduğundan, inzibati orqan icra hakimiyyətinin aparılmış tikinti işlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması dəlili əsassız olmuşdur. Hətta həmin tikili müəyyən olunan parametrləri keçmiş olsa belə, bu yenə də qeyd olunan irad üçün əsas vermir. Bu halda məlumatlandırma icraatı tətbiq olunur. İddiaçı da göstərilən tələblərə əməl etdiyindən, yəni lazımi sənədləri icra hakimiyyətinə təqdim edərək onu məlumatlandırdığından, iddiaçı tərəfindən inşa olmuş tikili tikintisinə icazə verilməmiş tikinti obyekti kimi qiymətləndirilə bilməz və hazırki icraat çərçivəsində bunu istisna edəcək hal müəyyən olunmadığından iddiaçının müraciəti məlumatlandırma icraatı qaydasında qəbul edilmiş sayılmalıdır. Belə olan halda cavabdehin, məhz bu əsasdan (icazəsiz tikinti işləri aparılması) çıxış edərək iddiaçı tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar qəbul etməsi qanunsuz olmuşdur. Bu da özlüyündə həmin qərarın ləğvini labüd edir. Kollegiya həmçinin bir məqama da diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”-nın: -3.8-ci bəndində qeyd olunmuşdur ki, Sifarişçi (podratçı) Qərarda nəzərdə tutulmuş göstərişləri yerinə yetirməli və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırmalıdır. Həmin pozuntular aradan qaldırıldıqda, sifarişçi (podratçı) bu barədə Agentliyə yazılı məlumat təqdim etməlidir. -3.9-cu bəndinə əsasən Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində sifarişçinin və podratçının iştirakı ilə pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlamalıdır. -3.10-cu bəndinə görə Bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda, bu barədə, hər bir pozuntu ayrıca təsvir edilməklə, bu Qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun olaraq texniki baxış aktı tərtib edilir və sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim olunur. Belə halda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və Agentlik 2 (iki) iş günü müddətində sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Yoxlama nəticəsində tikinti işlərinin dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda, Agentlik tikinti işlərinin davam etdirilməsinə 2 (iki) iş günü müddətində yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. -3.11-ci bəndində deyilir ki, Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində Agentlik sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq vermədikdə, tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab olunur. İstinad olunan normalardan göründüyü kimi, tikinti işlərinin dayandırılması barədə qərarda pozuntuların aradan qaldırılması və tikinti işlərinin davam etdirilməsinin prosedur qaydası müəyyən olunmuşdur. Həmin qaydalara əsasən tikintini həyata keçirən şəxs pozuntunu aradan qaldırmalı və bu barədə Agentliyə yazılı məlumat təqdim etməlidir. Sonuncu 3 gün müddətində həmin məlumatın doğruluğunu yoxlamalı və ya tikinti işlərinin dayandırılması barədə qərarın qüvvədə qalması və ya həmin qərarın qüvvədən düşməsi barədə bir nəticəyə gəlməlidir. Bu zaman Agentlik tərəfindən hərəkətsizliyə yol verilərsə, yəni əgər məlumat təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində Agentlik sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq vermədikdə, tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab olunacaqdır. İşdən isə müəyyən olunur ki, barəsində mübahisələndirilən qərar qəbul edildikdən sonra iddiaçı ərizə ilə Agentliyə müraciət edərək ərizəsinə lazımi hüquqmüəyyənedici sənədləri əlavə etməklə tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən aparıldığını və bu barədə Abşeron rayon İcra Hakimiyyətini məlumatlandırdığını bildirmişdir (i.v.22) Lakin Agentlik yuxarıda istinad olunan Qaydaların 3.9-cu bəndinə əsasən hər hansı yoxlama aparmamışdır. Yoxlama aparılmadığından, təbii ki, iddiaçıya tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verməmişdir. Belə olan halda tikinti işlərinin dayandırılması barədə qərar həmin Qaydaların 3.11-ci bəndinə əsasən qüvvədən düşmüş hesab olunur. Kollegiya həmçinin qeyd edir ki, tikintidə pozuntular müxtəlif ola bilər: icazə olmadan tikinti aparılması, təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlarla müşayiət olunan tikinti, tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə və s. Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması məsələləri tənzimlənir və hər bir pozuntuya münasibətdə prosedur qaydası, müddəti müəyyən olunur. Həmin Məcəllənin 92.1.1-ci maddəsinə əsasən tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. İstinad olunan normalardan göründüyü kimi icazəsiz tikinti işlərinin aparılması pozuntusu aşkar edildikdə ilk öncə tikinti işlərini dayandırmadan onun aradan qaldırılması barədə yazılı göstəriş təqdim edilir. Əgər sifarişçi 4 ay ərzində ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntunu aradan qaldırmasa, yalnız bu halda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir. Lakin hazırki işin hallarından görünür ki, iddiaçı barəsində ilkin olaraq yazılı göstəriş verilmədən, aşkar olunmuş pozuntunun 4 ay ərzində aradan qaldırılması barədə möhlət verilmədən birbaşa tikintinin dayandırılması barədə qərar qəbul olunmuşdur ki, bu da həmin qərarın qəbulunun qanun pozuntuları ilə müşayiət olunduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-614/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-614/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver