Məhkəmə qərarları › İş №2-1(105)-614/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-614/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-614/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı5, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1127/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı5 Dəvəçi şəhərinin baş planı üzrə 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 verilmiş 0,04 ha torpaq sahəsinə dair DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 05 iyul 2005-ci il tarixli, JN-3149A, kod 30401004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçılardan İddiaçı5 19 sentyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Şabran şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən fərdi yaşayış evinin 31.8 kv.m tikintialtı hissəsi ərizəyə əlavə olunmuş JN-3149A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,04 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən istinad edərək ərizənin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şabran şəhəri ərazisində yerləşən, onlara məxsus 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı5 Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Respublikada torpaq islahatı aparılan zaman həmin həyətyanı torpaq sahəsinə dair onların adına JN-3149A, kod 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə torpaq sahəsinin sahəsi səhvən 0,04 ha göstərilmişdir. Belə ki, torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində tərəflərindən inşa edilən fərdi yaşayış evi də yerləşir. Ona görə də faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, həmin fərdi yaşayış evi ilə həmin cərgədə yerləşən qonşulara məxsus yaşayış evləri yoldan eyni məsafədə yerləşir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən fərdi yaşayış evinin 31.8 kv.m tikintialtı hissəsi ərizəyə əlavə olunmuş JN-3149A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,04 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Tikilinin bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşir və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Daha sonra İddiaçı5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dəvəçi rayon X7 rəyasət heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə ona Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1127/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dəvəçi rayon X7 rəyasət heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı5 Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı5 Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı əsasında həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıq-planlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq Dəvəçi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqləmişdir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi memarlıq-planlaşdırma bölməsində göstərilən ölçülərə əsasən inşa edilib və fərdi yaşayış evinin altında olan torpaq sahəsi rəsmiləşdirildikdən sonra iddiaçının sahibliyinə verilmişdir. Belə olan halda cavabdehinimtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı5 adına olan JN-3149A, kod 30401004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv olunub-olunmamasına münasibət bildirilməmiş və əlavə 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququ müəyyən edilməmişdir. Belə olan halda, işin faktiki hallarında heç bir dəyişiklik baş verməmişdir və tikilinin bir hissəsi zəbt torpaq sahəsindən kənarda yerləşir. İddiaçının Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı müraciəti olmamış və ona bu məzmunda imtina cavabı verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, mübahisəli fərdi yaşayış evi Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsi ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsində yerləşir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsi ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin sahədə inşa edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Eyni zamanda, iddiaçı məhkəməyə iddiaçıların adından imzalanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə yalnız İddiaçı5 xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçılardan İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4nün tələbi Şabran şəhəri ərazisində yerləşən, onlara məxsus 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuş, daha sonra iddiaçılardan İddiaçı5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının dəqiqləşmiş iddia tələbi yalnız fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə olmuşdur. Lakin iddiaçı məhkəmə kollegiyasının iclasında izahatında həm sözügedən fərdi yaşayış evi, həm də onun yerləşdiyi 0,05 ha torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq niyyətində olduğunu bildirmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli imtina məktubundan isə iddiaçının yalnız fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müraciət etdiyi məlum olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıya həm mübahisələndirilən fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilməli olması ilə əlaqədar hüquqi yardım etmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana qeyd edilən məzmunda müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək ilkin imtina məktubunda qeyd edildiyi kimi fərdi yaşayış evinin 31.8 kv.m tikintialtı hissəsinin ərizəyə əlavə olunmuş JN-3149A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,04 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşdiyini bildirmişdir. Daha sonra İddiaçı5 məhkəməyə özü də daxil olmaqla, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 tərəfindən imzalanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində bütün iddiaçıların ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə yalnız İddiaçı5 xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Bu baxımdan, hazırkı mübahisənin predmetini cavabdehin Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsi ərazisindən 0,05 ha torpaq sahəsi və həmin sahədə inşa edilən fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçıların hüquqi marağı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası fərdi yaşayış evinin 31.8 kv.m tikintialtı hissəsinin JN-3149A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,04 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşməsi və cigilərdən kənarda yerləşən həmin sahənin iddiaçıların mülkiyyətində olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşdə olan Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarına əsasən İddiaçı5 Dəvəçi şəhərinin baş planı üzrə 12-ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şabran Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli iclas protokolunda Dəvəçi şəhəri üzrə fərdi yaşayış evi tikintisi ilə əlaqədar vətəndaşlara torpaq sahəsi verilməsi ilə bağlı məsələyə baxılmış, bununla əlaqədar Dəvəçi rayon X7 yanında “Torpaq komissiyası” nın 12 avqust 1992-ci il tarixli iclas qərarları təsdiq edilmiş, fərdi evlərin tikintisi üçün 527 nəfər vətəndaşın hər birinə 0,05 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Vətəndaşların adlı siyahısı protokolda göstərilmədiyi üçün İddiaçı5 həmin siyahı üzrə torpaq sahəsi alması barədə arxiv çıxarışı vermək mümkün olmamışdır. Lakin Dəvəçi (Şabran) rayon İHB-nin Dəvəçi şəhəri üzrə nümayəndəliyin 12 avqust 1992ci il tarixli, 72 saylı sərəncamında olan siyahıda İddiaçı5 adı göstərilmişdir. Sorğuya cavaba əlavə edilən Dəvəçi rayon X7 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılan vətəndaşın adlı siyahısının 18-ci bəndində İddiaçı5 adı göstərilmişdir. Göründüyü kimi iddiaçıya Dəvəçi rayon X4 1992-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 verildiyi göstərilən 0,04 ha torpaq sahəsinə dair DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 05 iyul 2005-ci il tarixli, JN-3149A, kod 30401004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, X4 müvafiq qərarı ilə İddiaçı5 0,05 ha torpaq sahəsi ayrılmış, daha sonra respublika ərazisində aparılan aqrar islahat zamanı iddiaçı və onun ailə üzvlərinə münasibətdə qəbul edilmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 nömrəli qərarında iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi 0,01 ha əksik göstərilərək onlara 0,04 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Qeyd olunan hal isə iddiaçıların təqsiri deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin nəticəsidir. Hazırki halda iddiaçılar belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. Göründüyü kimi sözügedən 0,05 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətlərində olmuşdur. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıların 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ istinad edilən siyahının 1.4-cü bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Dəvəçi rayon X4 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarına əsaslanır. Bu baxımdan, hüquqmüəyyənedici sənəd olan Dəvəçi rayon X4 həmin qərarı iddiaçıların həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçılar qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq mübahisəli torpaq sahəsinə dair cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, iddiaçının göstərdiyi sərhədlər daxilində (istifadəsində) 0,0513 ha torpaq sahəsi və bunun sahənin üzərində tikintialtı sahəsi 136,7 kv.m olan fərdi yaşayış evi, ümumi tikintialtı sahələri 145,9 kv.m olan həyət tikililəri mövcuddur. Elektron xəritə materiallarına əsasən bu ərazi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aiddir. Digər mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin 0,04 ha hissəsinə dair İddiaçı5 adına JN-3149A, kod 30401004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsini şəhadətnamənin cizgiləri ilə müqayisə etdikdə yaşayış evinin tikintialtı sahəsinin 31,8 kv.m olan hissəsi şəhadətnamənin cizgilərindən kənarda yerləşir. Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinin tikintialtı sahəsinin 31,8 kv.m olan hissəsi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,04 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahatında yaşayış evinin Dəvəçi (indiki Şabran) şəhərinin 12-ci məhəlləsi ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyini bildirmişdir. Yəni, yaşayış evinin sərhədlərinin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhədlərindən kənarda yerləşməsi ilə bağlı uyğunsuzluq Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı5 ayrılmış 0,05 ha torpaq sahəsinin ölçüsünün bundan sonra Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 nömrəli qərarında 0,01 ha azaldılmaqla, göstərilməsi ilə bağlı yaranmışdır. İşdən görünür ki, Dəvəçi rayon Xalq Deputatları X3 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsində fərdi yaşayış evinin layihəsi tərtib edərək rayonun baş memarı tərəfindən təsdiq edilmiş, daha sonra həmin sahədə yaşayış evi inşa edilmişdir. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə yaşayış evinin texniki qiymətləndirilməsi aparılmış, iddiaçının adına tərtib edilmiş qiymətləndirmə cədvəlinə əsasən yaşayış evi 1994-cü ildə inşa edilmiş, tikilinin sahəsi 138 kv.m, hündürlüyü 4 metr, yerləşdiyi torpaq sahəsi isə sənəd üzrə və faktiki 500 kv.m-dir. Göründüyü kimi XDS-nin 1992-ci il tarixli qərarı ilə iddiaçıya İddiaçı5 ayrılmış 0,05 ha torpaq sahəsində 1994-cü ildə onun tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.9.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.9-cu maddəsində də nəzərdə tutulmuşdur. Hazırkı halda iş materiallarında iddiaçının torpaq sahəsinə istifadə hüququnu təsdiq edən sənəd - Dəvəçi rayon X4 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə mövcuddur. Odur ki, İddiaçı5 fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində bütün iddiaçıların ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə yalnız İddiaçı5 xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1127/2023 nömrəli qərarı dəyişdirilsin. Şabran şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ümumi birgə mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə yalnız İddiaçı5 xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar