Məhkəmə qərarları › İş №2-1(105)-615/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-615/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-615/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 22 iyun 2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-589/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qızı X1 22 iyun 2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəsətəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 xx.xx.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) Sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkararlanan qıcolma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəsətəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə xx.xx.2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 iyul 2012-ci il təvəllüdlü Məmmədova Aişə Elmar qızı onun qızıdır. Uşaq anadangəlmə “Baş beynin məhdud atrofiyası, baş beynin sağtərətli hemiatrofiyası. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları” xəstəliyindən əziyyət çəkir. Qeyd edilən xəstəliklə əlaqədar olaraq qızına müavinət təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı TSEK-in 22 iyun 2017-ci il tarixli qərarı ilə növbəti müayinə tarixi 22 iyun 2020-ci il müəyyən edilmişdir. Uşağa növbəti dəfə müavinət təyin edilməsi məqsədilə sənədlər keçən ilin iyun (2020) ayında TSEK-ə göndərilmişdir. Cavabdeh qızına əlillik təyin edilməsindən imtina etmişdir. xx.xx.2021-ci il tarixli imtina arayışında imtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacının olması, stasionar müalicənin yetərli olmaması” qeyd edilmişdir. Halbuki, Sumqayıt Uşaq Xəstəxanasının 0537003AAB7P seriyalı 88 nömrəli forma-arayışa imtinaya səbəb olan sənədlər əlavə edilmişdir. Təkrarən Sumqayıt Uşaq Xəstəxanası tərəfindən qızına əlillik təyin edilməsi üçün 0537003AaCB/A saylı 88 №-li forma-arayış hazırlanaraq cavabdehə göndərilmişdir. Cavabdeh yuxarıda göstərilən diaqnoz ilə qızının xəstəliyini xx.xx.2021-ci ildə 3 il müddətinə (xx.xx.2024) təsdiq etmişdir. Lakin xəstəliyi ilə əlaqədar olaraq qızına sosial müavinət xx.xx.2020-ci ildən deyil, əlillik təyin edilən tarixdən, yəni xx.xx.2021-ci ildən ödənilir. Halbuki, keçən ilin (2020-ci il) iyun ayından sənədlər əlillik təyin edilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2020-ci ildən növbəti əlillik təyin edilən tarixədək (xx.xx.2021) uşaq həmin xəstəlikdən əziyyət çəkmişdir və həmin xəstəlik daimidir. Belə olan halda əlilliyin vaxtında təyin edilməməsinə görə cavabdeh məsuliyyət daşıyır. Hesab edir ki, qızı X1 xx.xx.2020ci ildən əlillik dərəcəsi təyin edilməli və həmin tarixdən başlayaraq ona sosial müavinət ödənilməlidir. Məsələ ilə əlaqədar olaraq o, cavabdehə sifarişli məktubla müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının qızı Məmmədova Aişə Elmar qızına sonuncu göndərişi əsasında əlillik dərəcəsi təyin edilmişdir. Bundan qabaq imtina cavabı onunla əlaqədar olmuşdur ki, elektron sistemdə iddiaçının qızının adi uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alması görünmüşdür. Bununla bağlı ona imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-589/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı qızı X1 xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), iddiaçının qızının sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsindən imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Məmmədova X4 Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi tərəfindən 09 avqust 2021-ci il tarixli qərarı ilə əyani müayinədən keçirilmiş və ona 2142010S584 nömrəii protokola əsəsən təkrar qiymətləndirmə müayinələrin nəticələri ilə 10 avqust 2021-ci il tarixdən 3 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı, övladı Məmmədova Aişə Elmar qızının xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, yuxarıda qeyd edildiyi kimi ona Sumqayıt Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli 0537003AAB2M saylı göndərişi əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə, Sumqayıt Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0537003AAB7P saylı göndərişi əsasında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə, Sumqayıt Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0537003AACBA saylı göndərişi əsəsında “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə ixtisaslaşmış müalicə, aparılmış diaqnostik və laborator müayinələr yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızına qeyd olunan xüsusatlara görə imtina verildiyindən həmin zaman üçün onun sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-589/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.5-ci bəndinə görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. X3 Elmar qızının əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına əsasən qiymətləndirilmişdir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İddiaçı Məmmədova Aişə Elmar qızına əlilliyin təyin edilməsi ilə bağlı agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 589/2022 saylı, 17 may 2022-ci ii tarixli qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti (...) Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. (...) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (...) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Uşaq Xəstəxanası tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Məmmədova Aişə Elmar qızı “baş beynin məhdud atrofiyası nəticəsində ağıl zəifliyi“ diaqnozu ilə müalicə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün TSEK-na 0537003AACBA nömrəli göndərişdən görünür ki, Məmmədova Aişə Elmar qızı 2018-2021-ci illərdə müxtəlif tibb müəssisələrində stasionar və ambulator müalicələr almışdır. Məmmədova Aişə Elmar qızına məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Məmmədova Aişə Elmar qızının həmin tarixdən sağlamlıq imkanları məhdud uşaq olması müəyyən edilmişdir. 12 saylı TSEK-in xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Məmmədova Aişə Elmar qızı xx.xx.2017-ci il tarixdə müayinədən keçmiş və ona “ensefalopatiya doğuş travmasından s\v. Tez-tez qıcolma tutmaları ilə.Soltərəfli beyin sıxılma sindromu, baş beyin ödemi” diaqnozu qoyulmuşdur. 12 saylı TSEK-in xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Məmmədova Aişə Elmar qızı xx.xx.2015-ci il tarixdə müayinədən keçmiş və ona “ensefalopatiya doğuş travmasından s\v. Tez-tez qıcolma tutmaları ilə.Soltərəfli beyin sıxılma sindromu, baş beyin ödemi” diaqnozu qoyulmuşdur. 7 nömrəli TSEK, 9 nömrəli TSEK və 18 nömrəli TSEK tərəfindən aparılmış müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müayinələrdən çıxarışdan görünür ki, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanları məhdud uşaq olması kimi təyinindən imtina edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanları məhdud olması vəziyyətinə Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Növbəti dəfə, xx.xx.2017-ci il tarixli göndəriş əsasında baxılmış və üç il müddətinə təyin edilmişdir. Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması – “səbəb: xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub” səbəbilə imtina verilmişdir. Daha sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında A.Məmmədovanın sağlamlıq imkanları məhdudluğu vəziyyətinə yenidən baxılmış, onun xx.xx.2021-ci il tarixdə üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq olduğu müəyyən edilmiş və həmin tarixdən müavinət təyin edilmişdir. İddiaçı isə qızı A.Məmmədovanın sağlamlıq imkanları məhdudluğunun xx.xx.2020ci il tarixdən təyin edilməli olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, A.Məmmədovanın sağlamlıq imkanları məhdud uşaq olmasının növbəti dəfə xx.xx.2020-ci il tarixində deyil xx.xx.2021-ci il tarixində təyin edilməsi iddiaçı tərəfin təqsirindən olmamışdır. İş materiallarından görünür ki, mübahisələndirilən müddət ərzində iddiaçı tərəf uşağın sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi üçün müraciət etsə də, göndərişin natamam doldurulması səbəbilə imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiysı hesab edir ki, A.Məmmədovanın sağlamlıq imkanlarının təkrar qiymətləndirilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaq olması əvvəlki diaqnozla yenidən müəyyən edildiyi üçün o, xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşaq hesab edilməlidir. Əks təqdirdə bu onun hüququnun və qanuni mənafeyinin pozulmasına səbəb ola bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-589/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar