Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-615/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: yeni mənzillə təmin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı əlavə 12 kv.m yaşayış sahəsi olan yeni 1 otaqlı mənzilin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1046/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları X12 tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı yazılı sorğusuna əsasən yaradılan komissiyanın tərtib etdiyi akta göra yaşadığı mənzilin ölçüsü 78 kv.m təşkil etmişdir. X13 tərəfindən Şamaxı rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 40 saylı məktubundan görünür ki, 1981-ci ildə istifadəyə verilmiş liseyin balasnında olan 2 mərtəbəli 16 mənzilli xidməti yaşayış binasında 78 kv.m ölçüdə olan 3 otaqlı mənzil dörd nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır. **********55-05101-093006 nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev16-18, 20-22, sahəsi 63.10 kv m olan mənzil 9 (Yeni qaydalarla AZ 5600 Şamaxı rayonu Şamaxı şəhəri,8 Noyabr küçəsi,16, M3,m1) İddiaçı xüsusi mülkiyyətindədir. Şamaxı Rayon İcra Hakimiyyətinin 05 oktyabr 2021-ci il tarixli, 03-1868 nömrəli məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanılmışdır. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X8 xidməti binasında yerləşən mənzilinizin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən verilmişdir . Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında şəhərdə yerləşən peşə liseyinin xidməti yaşayış binasına baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı qeyd edilən yaşayış binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən edilmişdir. Peşə Liseyinin xidməti yaşayış binası X4 X1 siyahıya daxil edilmiş və qəzalı vəziyyətə düşmüş mənzilin əvəzində iddiaçıya ünvan 1 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 km2 sahəsi olan mənzil verilmişdir.Mənzillərin bölüşdürülməsi prosesi X12 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 09 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün dövlət vəsaiti hesabına fərdi yaşayış evləri ilə yanaşı 5 ədəd çoxmənzilli yaşayış binaları inşa olunaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib edilmiş siyahıya uyğun püşkatma yolu ilə vətəndaşlara paylanılmışdır. Həmin binalardakı mənzillər vətəndaşların mülkiyyətində olan qəzalı evlərin yaşayış sahələrinə uyğun olmaqla, humanizm prinsipləri və dövlətin vətəndaşa olan qayğısı nəticəsində mövcud imkanlar nəzərə alınaraq dövlət mülkiyyətində olan yaşayış sahəsində, o cümlədən X8 balansında olan xidməti yaşayış və yataqxana binasında müvəqqəti məskunlaşmış vətəndaşlara da paylanılmışdır. Qamət Qədirova X8 xidməti yaşayış binasında müvəqqəti yaşadığı mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadan yaşayış sahəsi 66,22 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X8 balansında olan mənzilin əvəzinə İddiaçı müvafiq mənzilin verilməsi barədə məktubdan başqa rayon İcra Hakimyyətində həmin məsələ ilə əlaqədar heç bir sənəd mövcud deyildir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir. Həmin akta əsasən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Təsil Nazirliyinin balansında olan X12 xidməti yaşayış binası qəzalı hesab edilmiş və bina sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni bina tikilib, Şamaxı rayon İcra hakimiyyətinə təhvil verilmişdir. Yeni tikilmiş binada mənzillərin sakinlərə verilməsi Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Məktubunuzda tələb olunan sənədlərdən yalnız binanın qəzalı olması barədə akt bizim səlahiyyətimizdədir. Digər sənədlərlə əlaqədar Şamaxı rayonu İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəuyğundur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı qeyd etdiyi ünvan 4 ünvanında yerləşən xidməti yaşayış binasının tikintisi Elm və Təhsil Nazirliyi tərəfindən aparılmamış və sözügedən bina nazirliyin balansında deyil. Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 balansında olan mənzilin əvəzinə İddiaçı müvafiq mənzilin verilməsi barədə məktubdan başqa rayon icra Hakimyyətində həmin məsələ ilə əlaqədar heç bir sənəd mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlavə 12 kv.m yaşayış sahəsi olan yeni 1 otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1726/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-583/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(118)-1726/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birgə X8 yaşayış sahəsi 78 kv m olan binasında yaşamış, 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş verən güclü zəlzələ nəticəsində onları da qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv m) evlə təmin etmişlər. İddiaçı bundan narazılıq edib aidiyyəti dövlət orqanlarına çoxsaylı şikayətlər yazıb yeni evin darısqal olduğunu və faktiki olaraq sahəsi 12 kv m az olan mənzilə köçürüldüyüq bildirmişdir. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. X8 rəhbərliyi tərəfindən ona verilmiş 27 saylı 25 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, həmin Liseyin balansında olan onların yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı rayon İcra Hakimiyyətindən ona göndərilmiş Ş- 03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Flallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Flallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında onlara Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən də ona 37/Q-00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq onlara ünvan 5 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X12 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti keçirilməsi və buna görə müvafiq icra hakimiyyətinə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Yenidən Şamaxı RİH müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının istifadəsində olmuş yaşayış sahəsi peşə litseyi tərəfindən ona xidməti mənzil kimi verilmiş və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ tanınmamışdır. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayon ərazisində FHN-i tərəfindən yüksəkmərtəbəli yaşayış binası inşa edilərək qəzalı vəziyyətə düşmüş mənzilin sakinlərinin istifadəsinə verilmişdir. Qeyd olunan 3 blokdan ibarət yaşayış binasının balans saxlayıcısı yoxdur. Mənzillərin bölgüsünə gəldikdə isə rəsmi sənədlərə malik sakinlərə müvafiq mənzillər paylanılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti də mənzillərin bölgüsü zamanı atılmış püşkatmada iştirak etmişdir. Müvafiq yaşayış binasının hansı qurumun balansına verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmiş, lakin hələ həmin yaşayış binası Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilməmişdir. İddiaçıya əlavə yaşayış sahəsinin verilməsi faktiki olaraq Şamaxı Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Sadəcə olaraq yerli İcra Hakimiyyətinin Əsasnaməsinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sakinləri yeni inşa edilmiş yaşayış binasına köçürülmüşlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1046/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1046/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əvvəllər yaşadığı mənzil üzərində hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır, olsa belə, həmin yaşayış binasının statusu “xidməti” olduğundan onu özəlləşdirmək hüququna da malik olmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azəbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası... bu Məcəllə və Azəbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məjtəblilərə və başqa vətəndaşlara iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin... birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiryyət tərəfindən order verilir. Bununla yanaşı iddiaçıya sonradan ayrılmış mənzili o, faktiki olaraq qəbul etmiş, ailə üzvləri ilə birlikdə oraya köçüb yaşamağa başlamış və məhkəmə araşdırması getdiyi zaman özəlləşdirmişdir. Əgər iddiaçı ona kompensasiya kimi verilmiş mənzillə razılaşmasaydı, onu faktiki olaraq qəbul edib özəlləşdirməzdi. İddiaçıya ayrılan mənzilin yerləşdiyi binanın rayon İcra Hakimiyyətinin balansına aid olması öz təsdiqini tapmamışdır. Şamaxı Rayon İcra Hakimiyyəti dövlət tapşırığı kimi qəzalı mənzillərin əvəzinə inşa edilmiş mənzillərin bölüşdürülməsi funksiyasını həyata keçirmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, 1985-ci ildən indiyədək 38 ildir ki, X10 müəllim işləyir. 2001-ci ildən etibarən orada ona xidməti yaşayış sahəsi verilmişdir və 05 fevral 2019-cu ildə Şamaxıda baş vermiş zəlzələyədək – yəni 18 il müddətində həmin binada yaşamışlar. Bu səbəbdən həmin yaşayış sahəsində istifadə hüquqları yaranmışdır. Odur ki, məhkəmənin qərarında “mülkiyyətçi” və “yaşayış sahəsindən istifadəçisi” kimi yazılmış sözlər əsassızdır. Azərbaycan Mülki Qanunvericiliyində və Mənzil Məcəlləsində yazılmayıb ki, əgər təbii qəza nəticəsində uçub dağılmış mənzildə yaşayan şəxs həmin mənzilin mülkiyyətçisidirsə, bu halda mənzilin sahəsi qədər ona yeni mənzil sahəsi verilməlidir, əks halda əgər mülkiyyətçi deyilsə, bu halda ona az ölçüdə yeni mənzil sahəsi verilə bilər. Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə yalnız özünün əsassız şəxsi mülahizələrindən istifadə edir. Mülki Prosessual Qanunvericilikdə və Mənzil Məcəlləsində heç bir qanuna və normativ akta əsaslanmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-583/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin birinci 2-1(118)-1726/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilib yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsə də cavabdeh və üçüncü şəxs tərəfindən iş materiallarına heç bir yeni sənəd və sübut daxil edilməmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Azəbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya ümumi sahəsi 12 kv.m olan yeni 1 otaqlı mənzilin verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona müəllim vəzifəsində işlədiyinə görə yataqxanada yerləşən ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzil verildiyini, daha sonra həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətində olduğundan, yeni bina inşa edilərək, həmin mənzilin əvəzində ona ümumi sahəsi 66,22 kv.m olan mənzil verildiyini, əvvəlki mənzili ilə müqayisədə ona verilən yeni yaşayış sahəsinin ümumi sahəsinin həcmi 12 kv.m az olduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan isə iddia tələbinə etiraz edərək, etirazın əsası kimi həmin bina qəzalı vəziyyətində olduğundan, sakinlərin başqa binada yerləşən mənzillə təmin edilməsi, mənzilin püşkatma yolu ilə əvvəlki mənzilin sahəsinə uyğun olaraq verilməsi, onlarda mənzilin iddiaçıya verilməsindən başqa sənəd olmaması, yaşayış binasının balans saxlayıcısının onlar olmaması kimi hallara istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus əvvəlki yaşayış sahəsinin ümumi sahəsi 78 kv.m olmuşdur, həmin mənzil onun müəllim kimi fəaliyyətinə görə verilmiş, həmin mənzil X8 balansında olmaqla, hüquqi rejimi və təyinatı xidməti olmuşdur, qeyd edilən mənzilin yerləşdiyi yataqxana qəzalı vəziyyətində olduğundan, orada yaşayan sakinlər başqa yaşayış binasında mənzillə təmin edilmişlər (həmin yaşayış binası 110 mənzildən ibarət olmuşdur). Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının istifadəsində olan əvvəlki mənzil dövlət mülkiyyətində (müvafiq icra hakimiyyəti orqanının balansında olmuşdur) olmaqla, hüquqi rejimi xüsusi təyinatlı mənzil fonduna aid olan yataqxanalarda yaşayış sahəsi kimi çıxış etmiş, nəticə etibarilə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmamış, onun sahibliyində və istifadəsində olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin mənzil xidməti mənzil kimi çıxış etdiyindən, qanunvericiliyin tələbinə əsasən qeyd eidlən mənzilin özəlləşdiirlməsinə yol verilmir. Bu baxımında da iddiaçının həmin mənzillə bağlı mülkiyyət hüququnun mövcudluğuna dair qanuni gözlənti hüququ da mövcud olmamışdır. İndiki halda iddiaçının həmin mənzildən çıxarılması yalnız iddiaçıya şamil edilməməklə, orada yaşayan bütün sakinlərə aid olmuşdur və buna səbəb olan hal isə cavabdehin təqsiri ilə bağlı olmamışdır (binanın qəzalı vəziyyətdə olması ilə bağlı olmuşdur). Cavabdeh inzibati orqan bununla bağlı məhz “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.7-ci bəndində göstərilmiş (yerli icra hakimiyyətləri qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görürlər) səlahiyyətlərini icra etmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən həmin səlahiyyətlərinin icrası və ya digər hallarla bağlı qanunvericiliyin tələbini pozması habelə bunun nəticəsində iddiaçının hüquqlarını pozması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı əvvəlki onun istifadəsində və dövlət mülkiyyətində olan ümumi sahəsi 78 kv.m yaşayış sahəsinin əvəzinə ona ümumi sahəsi 66,2 kv.m olan iki otaqlı mənzil verilmiş və həmin mənzil üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmış, başqa sözlə desək, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya verilmişdir. Halbuki, əvvəlki mənzil xidməti əsaslar yalnız sahiblik və istifadə məqsədilə iddiaçıya verilmiş, əvvəlki mənzil üzərində dövlət mülkiyyət hüququ mövcud olmuşdur və həmin mənzilin özəlləşdirilməklə, iddiaçıya mülkiyyət hüququnun ötürülməsi isə qanunvericiliyin tələbi baxımından ümumiyyətlə mümkün olmamışdır. Nəticə etibarilə əvvəlki mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ mövcud olmadığı halda (xidməti rejimdə olduğundan bu hüququn ümumiyyətlə mövcud ola bilməsi mümkün olmamışdır), indiki mənzil üzərində xüsusi mülkiyyət hüququ mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda əvvəlki mənzillə bağlı iddiaçının mülkiyyət hüququ mövcud olmamış, yalnız ev xidməti əsaslarla onun sahibliyində və istifadəsində olmuşdur, xidməti mənzil fonduna aid olduğundan həmin evə dair xüsusi mülkiyyət hüququnun əldə edilməsi əsasları da mövcud olmamış, yeni mənzilə dair isə onun xüsusi mülkiyyət hüququ mövcud olmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, bununla da indiki halda iddiaçının hüquqi müdafiəsi baxımından ədalətli və ağlabatan tarazlığın yaradılması təmin edilmişdir. Bununla da, iddiaçıya 12 kv.m az ölçüdə yaşayış sahəsinin verilməsi halı onun hər hansı hüququnun məhdudlaşdırılması kimi çıxış etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz qeyd edilən əsasa istinad edərək, cavabdehdən ümumi sahəsi 12 kv.m olan yeni 1 otaqlı mənzilin verilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şiakyətinin dəlilləri isə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1046/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-615/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-615/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver