Məhkəmə qərarları › İş №2-1(105)-615/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-615/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-615/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1i ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2- 1(118)-2689/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Əsədova (Karaağaç) Günay Abbas qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1i ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək ünvan 1i ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinə dair plan-ölçüsü sənədinin verilməsini xahiş etmişdir. 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2024-cii il tarixli, 3-21-3-32/2-13197/24 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından və torpaq sahəsinə dair plan-ölçüsü sənədi verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, aşağıda sadalananlara görə onun Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır. Qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12/1297 nömrəli qərarından göründüyü kimi ona bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin satılması, ona satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 180 manat dəyərini Məmmədli bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin verdiyi xx.xx.2006-cı il tarixli, 34 saylı qəbzdən görünür ki, vətəndaş Məmmədli bələdiyyəsinin hesabına 180 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Bundan başqa inzibati orqana təqdim edilmiş Abşeron rayonu Məmmədli Bələdiyyəsi ilə aralarında bağlanmış 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin qərarı ilə ona Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin satılması və tərəfindən həmin torpaq sahəsinə görə Məmmədli bələdiyyəsinin hesabına 180 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Sadalananlardan göründüyü kimi o, üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin "xxxx" ASC-də olan xüsusi hesabına köçürmüş və eyni zamanda ərizə ilə Məmmədli bələdiyyəsinə müraciət edərək, ona kənd ərazisindən torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Məmmədli bələdiyyəsi də öz növbəsində ona göstərilən məqsədlə 0,06 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Məmmədli Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin 15 dekabr 2006-cı il tarixdə, 12/1297 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Həmçinin, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyət vəsiqəsinin idarəyə təqdim edilməməsi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-2689/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1i ərazisində iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin 0.0545 ha hissəsi üzərində mülkiyyət hüququnun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********19 reyestr nömrəli çıxarışa əsasən X3 adına qeydiyyata alındığı müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini ünvan 1i ərazisində iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazının dəlillərindən biri mübahisəli torpaq sahəsinə dair başqa şəxsin müraciətinin daxil olması olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin dəlil lazımi qaydada araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halın araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq mübahisəli torpaq sahəsi ilə bağlı kim tərəfindən müraciət olunması barədə məlumat verilməsi və müraciətə əlavə olunmuş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən sorğuda qeyd olunan məsələlər ilə əlaqədar məlumat verilməmiş, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən edilmiş müraciət və bununla əlaqədar sənədlər təqdim olunmuşdur. Lakin birinci instansiya bu araşdırmanı tamamlamadan müvafiq qərar qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hazırki iddianın predmetini təşkil edən torpaq sahəsi ilə bağlı mübahisənin mövcudluğu zəruri qaydada araşdırılmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.0545 ha hissəsi üzərində mülkiyyət hüququnun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********19 reyestr nömrəli çıxarışa əsasən X3 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 615/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qərardadı ilə X5 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğu edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12/1306 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,058 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 04 aprel 2025-ci il tarixli, **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0545 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş orto-foto görüntülərdən görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarından görünür ki, Karaağaç (Əsədova) Günay Abbas qızı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı maraqlarına toxunduğu üçün onu üçüncü şəxs qismində işə cəlb edərək qərarı ləğv edərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadından görünür ki, ərizəçinin ərizəsi nəzərə alınmaqla torpaq sahəsinin yerində müayinə edilməsi məqsədilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin alınması qərara alınmışdır. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Abşeron rayon, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12/1306 saylı qərarı ilə X4 ayrılmış 0,06 ha torpaq sahəsi onun adına rəsmiləşdirilmiş **********19 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlar ilə üst-üstə düşürmü? 2) X3 mülkiyyətində olan **********19 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlar ilə Abşeron rayon, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12/1297 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları (bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilmiş) üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə düşür? Hazırkı işdən, həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsi hər iki işdə torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı zəruri araşdırma aparmadan qərar qəbul etmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi hazırki şərtlərdə əsaslı hesab edilə bilməz. Qeyd olunan hallar məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmaqla onunla müzakirə edilmiş, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilərək hazırki iş üzrə iddianın uğurluluq ehtimalı, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı maraqlarına toxunduğu üçün onu üçüncü şəxs qismində işə cəlb edərək qərarı ləğv edərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etməsinin nəticəsinə uyğun olaraq yenidən inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçıya izah olunsun ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2360/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə əlaqədar ərizəsinin nəticəsinə və hüquqi marağına uyğun olaraq yenidən cavabdeh inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-2689/2025 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1i ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar