Məhkəmə qərarları › İş №2-1(105)-616/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-616/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-616/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı, 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2- 1(118)-329/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 1995-ci ildən Siyəzən rayonunun Beşdam kəndinin Qarabulaq sahəsində yaşamağa başlamış, orada təsərrüfatla məşğul olmuşdur. Təxminən 5 ildən sonra həmin əraziyə qohumu X7 ailəsi lə gəlib məskunlaşmışdır. 2-3 il bundan əvvəl İ.Həmidov ona qarşı ərazi iddiasına başlamışdlr. Belə ki, o, Siyəzən rayon Beşdam bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli 01 saylı qərarı əasənda verilmiş Dövlət aktını əsas tutaraq ona qarşı torpağın boşaldılmasına dair iddia qaldırmışdır. Araşdırma zaçamı məlum olmuşdur ki, nə istinad olunan bələdiyyə qərarı, nə də dövlət aktı mövcud olmamış və məlumat bazasında qeydiyyatdan keçməmişdir. Dövlət aktı yalnız torpaq islahatı zaman verilən sənəddir və aqrar islahat komissialarının qərarlarına əsasən verilmişdir. Bələdiyyə qərarına əsasən dövlət aktının verilməsi nəzərdə tutulmamışdır. 07 avqust 2000-ci il tarixdə 1 saylı protokol ola bilməzdi. Bu o deməkdir ki, 7-8 ay ərzində bu qərar bələdiyyənin ilk qərarıdır. Dövlət aktının ikinci səhifəsində onun 31 avqust 2004-cü il tarixdə qeydiyyatdan keçdiyi göstərilsə də, sonuncu səhifəsində 24 dekabr 2003-cü il tarixdə qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-329/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda tərəflər arasında olan mübahisə müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati hüquq xarakter daşıyır. Belə ki, işə baxan məhkəmə qərardad çıxararkən İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə deyil, səhvən 35.1-ci maddəsinə istinad etməklə onun inzibati aktın etibarsız hesab edilməsini tələb etməyinə baxmayaraq hazırki tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəməyə müraciət edilməsinin mümkünsüz sayılması barədə birinci instansiya məhkəməsinin qənaəti tam səhvdir. Bütün dövlət və bələdiyyə orqanları bilirlər ki, iş üzrə 3-cü şəxs X4 sənədlərinin kökü (arxivi) yoxdur, bu səbəbdən də onun sənədləri etibarsızdır. Lakin hamı bu kimi hallara göz yumur və ətrafında hektarlarla boş sahələr olmasına baxmayaraq onun yerləşdiyi (evi və tikilləri olan) sahədən ailə üzvləri ilə birlikdə çıxarmaq istəyir, müxtəlif vasitələrlə ona qarşı təzyiqlər göstərir. Onun oradan başqa yaşayış yeri yoxdur. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)- 329/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli 01 saylı qərarına əsasən 0.03 ha torpaq sahəsi tikinti məqsədi ilə X1 və həmin qərar əsasında iddiaçıya JN 660 kod 30508018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 26.08.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin torpaq sahəsi X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən edildi ki, Sumqayıt İnzibati Məhkəməsinin 10.02.2020-ci il tarixli qərardadı ilə İddiaçı və qeyrilərinin cavabdeh Siyəzən rayonu Beşdam bələdiyyəsinə qarşı bələdiyyənin 07.08.2000-ci il tarixli 01 saylı qərarını ləğv edilməsi tələbinə dair iddiası subyektiv hüququnun olmaması və iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 21.08.2020-ci il tarxli qərarı ilə, apellyasiya instansiya məhkəməsinin qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadı ilə dəyişdirlmədən saxlanılmışdır. Hazırki iddia tələbində iddiaçı bələdiyyə qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının etibarsız hesab edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində olsa da, iddiaçı həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni etibarsız hesab edilməsini tələb etdiyi dövlət aktı ilə onun hüquqlarının və qanunla qorunan maraqların pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X4 adına verilmiş JN-660 kod 30508018 saylı 31 avqust 2004-cü il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-329/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar