Məhkəmə qərarları › İş №2-1(105)-616/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-616/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-616/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin nümayəndəsi X8 və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)- 905/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı X5 cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Həmin torpaq sahəsinə bitişik olan ərazidə yerləşən 0.04 ha torpaq sahəsi də uzun illərdir iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı dəfələrlə, o cümlədən sonuncu dəfə 2016-cı ildə bələdiyyəyə müraciət edərək ona satılmasını xahiş etsə də, lakin bələdiyyə torpağı onlara satmaqdan imtina etmişdir. Təxminən 2020-ci ildə torpaq sahəsində tanımadığı şəxsləri görmüş, həmin şəxslər torpağın onlara satıldığını bildirmişdirlər. Belə ki, əvvəlki bələdiyyə sədri Mahir Fətəliyev 2017-2018-ci illərdə həmin torpaq sahəsi ilə bağlı 2006-cı ildə bələdiyyə sədri işləmiş Vəlirza Hacımirzəyevi aldadaraq saxta qərara imza atdırmış, lakin möhür yerinə bələdiyyənin yeni möhürünü vurmuşdur. Beləliklə, bələdiyyə sədri sənədləri saxtalaşdıraraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş və torpaq sahəsini X4 adına sənədləşdirmişdir. Daha sonra, İ.Babayev torpağı X3. İddiaçı bunlardan xəbər tutduqda prokurorluq orqanlarına müraciət etmişdir. Aparılmış istintaq zamanı sənədlərdə saxtakarlığa yol verilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı iddiaçı uzun illərdir istifadəsində olan torpaq sahəsinə dair saxta bələdiyyə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamışdır, onun evinə yaxın ərazidə yerləşsə də, bitişik yerləşmir, hətta iddiaçının evi ilə həmin torpaq sahəsi arasında yol vardır. Torpaq sahəsi cavabdeh bələdiyyənin mülkiyyətində olduğundan alqı-satqı müqaviləsi qaydasında X1. Üçüncü şəxs X7 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi onun tərəfindən bələdiyyədən alınmışdır. Həmin sahə satılarkən boş sahə olmuş və heç kimin istifadəsində və yaxud hasarın daxilində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, 2017-ci ildə alqı-satqı qaydasında bələdiyyə tərəfindən ona satılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin nümayəndəsi X12 və üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. (...) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən görünür ki, iddiaçı inzibati orqan olan bələdiyyənin qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Həmin qərar isə torpaq sahəsinin X2 barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1987-ci ildən ailəsi ilə birlikdə yaşadığı Xaçmaz şəhəri, İ.Qasımov küçəsi 24 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan ərazidə yerləşən 0.04 ha torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı dəfələrlə bələdiyyəyə müraciət edərək ona satılmasını xahiş etsə də, lakin bələdiyyə torpağı onlara satmaqdan imtina etmişdir. Təxminən 2020-ci ildə torpaq sahəsinin tanımadığı şəxslərə satıldığını bilmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin onun istifadəsində olduğunu əsas gətirərək, həmin torpağın İ.Babayevə satılmasına dair bələdiyyə qərarının qanuniliyini mübahisələndirmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı bələdiyyə qərarının ləğvinə yönəlmişdir ki, bu da iddianın mübahisələndirmə növünə aiddir və inzibati prosessual qanunvericilikdə mübahisələndirmə haqqında iddianın qaldırılması üçün prosessual müddətlər nəzərdə tutulmuşdur. İşdən görünür ki, iddiaçı həmin bələdiyyə qərarının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı hüquq mühafizə orqanlarına müraciət edərək bələdiyyə qərarının saxta olması barədə məlumat vermişdir. Həmin araşdırma zamanı iddiaçının hazırda mübahisələndirdiyi qərardan məlumatı olmasına baxmayaraq müvafiq iddianı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində qaldırmamışdır. Belə ki, iddiaçının özünün müraciəti əsasında başlanmış araşdırmanın nəticəsi olan Xaçmaz rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında hazırda mübahisələndirilən bələdiyyə qərarına istinad edilmişdir. İddiaçı ən geci 2020-ci ildə mübahisələndirilən qərardan xəbərdar olsa da, müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar