Məhkəmə qərarları › İş №2-1(105)-618/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-618/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-618/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv olunması vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)-1046/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, onun xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv olunması vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 01224 №-li, xx.xx.2021-ci il tarixli əmri ilə “polkovnik leytenant” hərbi rütbəsində N №-li hərbi hissədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə “Hərbi inspeksiyanın baş zabiti - inspektor” vəzifəsində xidmət edərkən birbaşa rəisi olan hərbi inspeksiyanın rəisi, general-mayor Lənkəran Əliyevin təqdimatına əsasən N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmri ilə 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. Məharət dərəcəsinin 1 pillə aşağı salınmasını qanunsuz və əsassız hesab edir. Belə ki: 1) “Azərbaycan ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37-ci maddəsində məharət dərəcəsinin endirilməsi şərtləri göstərilmişdir. İddiaçının məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmrində sadalanan şərtlər həmin Əsasnamənin 37-ci maddəsində göstərilən şərtlərə uyğun gəlmir. 2) İddiaçı xx.xx.2021-ci il tarixdə nümayəndəsi vasitəilə Azərbaycan Respublikası Müdafiə Nazirinə və N №-li hərbi hissə komandirinə təkrar şikayət ərizəsi ilə müraciət edərək general-mayor Lənkəran Əliyevin onu təhqir etdiyini, məharət dərəcəsini 1 pillə aşağı salınması haqqında raport yazacağı ilə hədələdiyini bildirmiş və onun iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və özbaşınalığına son qoyulmasını, məharət dərəcəsinin ləğv olunmasının və ona elan edilə biləcək əsassız inzibati cəzalarının qarşısının alınması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmış, N №-li hərbi hissə komandirinin N №-li xx.xx.2021-ci il tarixli əmri ilə 2-ci məharət dərəcəsi 1 pillə aşağı endirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və N №-li hərbi hissə komandirinə ərizə ilə müraciət edərək 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınmasının səbəbləri barədə ona məlumat verilməsini və N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin bu müraciəti də bugünədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, qaldırdığı iddianın mübahisələndirmə haqqında iddia olduğu, həmin iddiaya iddia müddətinin tətbiq edildiyi, iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü halda müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmə hüququ izah edilmişdir. İddiaçı bildirmişdir ki, əmr ona elan olunmamışdır. Maaşının azalmasından məlumatı olsa da, məharət dərəcəsinin aşağı salınmasından rəsmi olaraq məlumatı olmamışdır. Ona görə də iddiaçı hesab edir ki, iddia müddətini ötürməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, ehtiyatda olan polkovnik-leytenant Ağayev X2 Ümumqoşun Ordunun Hərbi İnspeksiyasının baş zabiti-inspektor vəzifəsində xidmət etdiyi müddətdə xidməti vəzifə borclarının icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına və bir sıra intizam pozuntularına yol vermişdir. Belə ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci ildə N nömrəli hərbi hissənin kompleks yoxlanılması zamanı X5 batareyasını atəş hazırlığından qeyri-obyektiv qiymətləndirdiyinə görə inspeksiya rəisi tərəfindən “Töhmət”; xx.xx.2021-ci ildə N nömrəli hərbi hissənin idarə heyəti ilə keçirilən fiziki hazırlıq zamanı qeyri-obyektiv qiymətləndirmə apardığına görə inspeksiya rəisi tərəfindən “Şiddətli töhmət”; xx.xx.2021-ci ildə böyük rəislərin tutduğu iradlara məhəl qoymadığına və sözlə mübahisə etdiyinə görə inspeksiya rəisi tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzaları verilmişdir. “Öz arzusu” ilə ehtiyata buraxılması üçün müraciət etmiş, lakin Vətən müharibəsindən sonra ixtisaslı kadrlara ehtiyac olduğundan onun ehtiyata buraxılması komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmiş və bu barədə ona xidmət etdiyi hərbi hissənin (X6 Komandanlığının) vəzifəli şəxsləri tərəfindən məlumat verilmişdir. Buna baxmayaraq ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 44 nömrəli qərarı ilə təsdiqlənmiş və icrası bütün hərbi qulluqçular üçün məcburi olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti yazışma və kargüzarlığın aparılmasına dair Təlimat”ın 12-ci bəndində göstərilən “Silahlı Qüvvələr və qoşun növlərinin idarə və xidmətləri, eləcə də idarədaxili xidməti yazışmaların aparılması qadağandır” tələbini dəfələrlə pozaraq onunla eyni binada, eyni mərtəbədə birgə xidmət apardığı hərbi inspeksiyanın rəisinə poçt vasitəsilə məktub ünvanlamışdır. Əvvəlki müraciətində ona şifahi qaydada belə hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilmiş və məktubuna şifahi qaydada cavab verilmişdir. Lakin o, yenə də qeyd olunan təlimatın tələblərini bilərəkdən pozmuş, xidmətindən dönüş yaratmağa səy göstərməmişdir. Buna görə də, həmin vaxt ordunun hərbi inspeksiyasının rəisi olmuş general mayor Lənkəran Əliyevin 24 may 2021-ci il tarixli raportu əsasında müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.3-cü (hərbi intizam qaydaları kobud şəkildə pozulduqda) maddəsinə əsasən polkovnik-leytenant İddiaçı məharət dərəcəsi əsaslı olaraq 2-ci dərəcədən 3-cü dərəcəyə endirilmişdir. Əlavə olaraq bildirirlər ki, X3 (N nömrəli hərbi hissə) idarə heyəti üçün əmrlərin çatdırılması şifahi qaydada həyata keçirilir. Hər həftənin cümə günləri xidməti müşavirədə əmrlər elan olunur və orada iştirak edən idarə, şöbə, xidmət və bölmə rəisləri orada elan olunmuş əmrləri müşavirədən sofıra öz tabeliklərində olan heyətə çatdırır. Əlavə olaraq hər həftənin şənbə günləri saat 18:00-da X3 (N nömrəli hərbi hissə) idarə heyətinə əmrlər müşavirə zalında elan olunur. Hərbi qulluqçulara əmrlər ümumi çatdırıldıqda fərdi qaydada çatdırılmasına və xüsusi izah olunmasına ehtiyac olmur, intizam cəzaları və ya məhafət dərəcələrinin endirilməsi kimi əmrlərdə cəzanın və ya məharət dərəcəsinin endirilməsinin səbəbi göstərilir. Əmrlər isə “məxfi” qrifli olduğundan həmin əmrlərin fərdi qaydada şəxslərə təqdim edilməsi və ya çoxaldılması yolverilməzdir. Əgər polkovnik-leytenant İddiaçı onun barəsində verilmiş əmrlə fərdi qaydada şəxsən tanış olmaq istəsəydi X1 zabiti kimi məxfi bölməyə müraciət edə və həmin əmrlə tanış ola bilərdi. Onun barəsində verilmiş əmrdən, yəni məharət dərəcəsinin bir pillə aşağı endirilməsi əmrindən məlumatı olmuşdur, çünki 2ci məharət dərəcəsinə görə hərbi qulluqçulara pul əlavəsi ödənilir. 3-cü məharət dərəcəsinə görə isə həmin əlavə nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim olunan, N nömrəli hərbi hissənin maliyyə hissə rəisi tərəfindən verilmiş, 21 may 2022-ci il tarixli, polkovnik-leytenant İddiaçı əməkhaqqı barədə arayışdan aydın şəkildə görünür ki, ona 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarına hər ay 2-ci məharət dərəcəsinə görə 120 manat 41 qəpik pul əlavəsi ödənilmişdir. İyun ayı da daxil olmaqla sonrakı aylarda həmin pul əlavəsi ödənilməmişdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun aylıq pul təminatında 120 manat azalma olması onun diqqətindən yayına bilməzdi. Həmçinin, nümayəndəsi Azər Qasımovun vasitəsilə Azərbaycan Respublikası Müdafiə nazirinə və N nömrəli hərbi hissə komandirinə ünvanladığı şikayət ərizəsində hazırda mübahisələndirilən N may 2021-ci il tarixli, 075 nömrəli əmrdən bəhs edilir. Beləliklə də məlum olur ki, xx.xx.2021-ci ildə artıq polkovnik-leytenant İddiaçı həmin əmrdən kifayət qədər məlumatı olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)-1046/2022 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehə qarşı “xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan AR Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia qaldırılması üçün müəyyən olunmuş müddətin buraxılması əsas gətirilərək iddiası mümkün sayılmamışdır. Tərəfindən adıçəkilən qərardaddan verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)-138/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmuş və Sumqayıt İnzİbatİ Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(118)-1991 /2021 saylı qərardadı ləğv edilmiş, iddiası mümkün sayılmış və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin 2-1(118)-1046/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiası yenidən mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1046/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadını əsassız və qanunsuz sayır. Belə ki, AR İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. AR İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göründüyü kimi hakim Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-138/2022-ci il tarixli qərardadına zidd olaraq işə mahiyyəti üzrə baxmamış, iddianın mümkünlüyünə yenidən qiymət vermiş və bununla da apellyasiya məhkəməsinin qərarının şübhə altına alaraq prosessual norma pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, ehtiyatda olan polkovnik-leytenant Ağayev X2 Ümumqoşun Ordunun Hərbi İnspeksiyasının baş zabiti- İnspektor vəzifəsində xidmət etdiyi müddətdə xidməti vəzifə borclarının icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına və bir sıra intizam pozuntularına yol vermiş, buna görə də, həmin vaxt ordunun hərbi inspeksiyasının rəisi olmuş general-mayor Lənkəran Əliyevin 24 may 2021-ci il tarixli raportu əsasında Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.3-cü (hərbi intizam qaydaları kobud şəkildə pozulduqda) maddəsinə əsasən onun məharət dərəcəsi əsaslı olaraq 2-ci dərəcədən 3-cü dərəcəyə endirilmişdir. X3 (N nömrəli hərbi hissə) idarə heyəti üçün əmrlərin çatdırılması şifahi qaydada həyata keçirilir. Həftənin cümə günləri müşavirədə əmrlər elan olunur və orada iştirak edən idarə, şöbə, xidmət və bölmə rəisləri elan olunmuş əmrləri müşavirədən sonra öz tabeliklərində olan heyətə çatdırır. Bundan başqa şənbə günləri X3 İdarə heyətinə əmrlər müşavirə zalında elan olunur. Əmrlər ümumi çatdırıldıqda fərdi qaydada çatdırılmasına və xüsusi izah olunmasına ehtiyac olmur. Sözügedən əmr isə “məxfi” qrifli olduğundan onun surətinin və ya çıxarışının fərdi qaydada şəxsə təqdim edilməsi və ya çoxaldılması yolverilməzdir. Polkovnik-leytenant İddiaçı onun barəsində olan əmrlə fərdi qaydada şəxsən tanış olmaq istəsəydi məxfi bölməyə müraciət edə və tanış ola bilərdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunmuşdur ki, “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər”. İddiaçı hazırda mübahisələndirdiyi əmrdən əmrin imzalanmasından qısa müddət sonra (3-5 gün) məlumatı olmuşdur. Çünki, nümayəndəsi Azər Qasımovun vasitəsilə Azərbaycan Respublikası Müdafiə nazirinə və N nömrəli hərbi hissə komandirinə ünvanladığı şikayət ərizəsində hazırda mübahisələndirilən N may 2021ci il tarixli, 075 nömrəli əmrdən bəhs edilir. Burdan da məlum olur ki, xx.xx.2021-ci ildə artıq onun həmin əmrdən kifayət qədər məlumatı olmuşdur. Əlavə olaraq 2-ci məharət dərəcəsinə görə hərbi qulluqçulara pul əlavəsi ödənilir. 3-cü məharət dərəcəsinə görə isə həmin əlavə nəzərdə tutulmamışdır. İş materialarında olan N nömrəli hərbi hissənin maliyyə hissə rəisi tərəfindən verilmiş, 21 may 2022-ci il tarixli İddiaçı əməkhaqqı barədə arayışdan aydın şəkildə görünür ki, ona 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında hər ay 2-ci məharət dərəcəsinə görə 120 manat 41 qəpik pul əlavəsi ödənilib. İyun ayı da daxil olmaqla sonrakı aylarda həmin pul əlavəsi ödənilməyib. Onun aylıq pul təminatında 120 manat azalma olması onun diqqətindən yayına bilməzdi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr N may 2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X4 10 iyun 2021-ci il tarixli şikayət ərizəsində qeyd edilir ki, etibarnamə üzrə nümayəndəsi olduğu polkovnik-leytenant İddiaçı 2-ci məharət dərəcəsi onun rəisi olan general-mayor Lənkəran Əliyev tərəfindən verilmiş təqdimata əsasən N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə bir pillə aşağı salınaraq 3-cü məharət dərəcəsinə endirilmişdir. Həmin ərizəyə əsasən iddiaçının sözügedən əmrdən məlumatı olduğu təsdiqini tapır. Bundan əlavə, 2-ci məharət dərəcəsinə görə hərbi qulluqçulara pul əlavəsi ödənilir. 3-cü məharət dərəcəsinə görə isə həmin əlavə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinə təqdim olunan, N nömrəli hərbi hissənin maliyyə hissə rəisi tərəfindən verilmiş, 21 may 2022-ci il tarixli, polkovnik-leytenant İddiaçı əməkhaqqı barədə arayışdan aydın şəkildə görünür ki, ona 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarına hər ay 2-ci məharət dərəcəsinə görə 120 manat 41 qəpik pul əlavəsi ödənilmişdir. İyun ayı da daxil olmaqla sonrakı aylarda həmin pul əlavəsi ödənilməmişdir. İddiaçının aylıq pul təminatında 120 manat azalma olması diqqətindən yayına bilməzdi. Əmrin iddiaçıya şəxsən təqdim edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar “məxfi” qrifli olduğundan həmin əmrin fərdi qaydada şəxslərə təqdim edilməsi və ya çoxaldılmasına yolverilmir. Bu səbəbdən də, iddiaçının mübahisələndirdiyi əmr rəsmi qaydada ona təqdim edilməmişdir. İddiaçı onun barəsində verilmiş əmrlə fərdi qaydada şəxsən tanış olmaq üçün X3 zabiti kimi məxfi bölməyə müraciət edə və həmin əmrlə tanış ola bilərdi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir, “elan olunma” “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi hazırki iş üzrə isə iddiaçının mübahisələndirdiyi əmrdən 10 iyun 2021-ci il tarixdən məlumatı olduğu təsdiq olunur. Mübahisələndirilən əmr iddiaçıya təqdim edilməsə də iddiaçı həmin əmrdən xəbərdar olmuşdur və qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində məharət dərəcəsinin aşağı endirilməsi barədə əmri mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)-1046/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar