Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-618/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(118)-1512/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 nömrəli Hərbi Ticarət Bölməsində işləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-171/2-H-188744/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına əsasən sığorta stajı 18 il 11 ay 04 gün təşkil edir. Həmçinin, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə müavinət təyin edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 2023-cü il iyunun 4-də 63 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir, lakin onun müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsasızdır. Belə ki, o, xx.xx.1960-cu il tarixdə anadan olmuşdur. 11 may 1978-cı ildən 10 mart 2007-cü ilədək 30 ildən artıq iş stajına malikdir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(118)-1512/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçının 63 yaşının tamam olduğu 04 iyun 2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (ödəniş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən həyata keçirilməlidir) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati orqana verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajı kimi nəzərə alınmalıdır. Bu halda isə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərin mötəbərliyi ilə bağlı tərəflərindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilmiş, sorğuya cavab olaraq yalnız 1997-1998-ci illər barəsində məlumat verilmiş, digər dövrlər barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ərzində hərbi hissənin yeməkxanasında işləyərkən müdir tərəfindən ona və digər işçilərə maaş verilmişdir. Yeməkxana bağlanana qədər müdir onlara pul ödəmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 63 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 63 yaşına çatması işin mübahisə edilməyən halıdır. Həmçinin, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 nömrəli Hərbi Ticarət Bölməsində işləmişdir (28 il 09 ay 16 gün). Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 nömrəli Hərbi Ticarət Bölməsində işlədiyi dövrü mübahisələndirərək, xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün, eləcə də, tərəflərindən aparılmış araşdırma zamanı yalnız 1997-1998-ci illər barəsində məlumat əldə edildiyi, digər dövrlər barədə məlumat aşkar edilmədiyindən xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrləri iddiaçının sığrota stajına daxil etməmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 nömrəli Hərbi Ticarət Bölməsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış, eləcə də, məhkəmə kollegiyasının sorğusuna 05 iyun və 31 iyul 2024-cü il tarixli məktublarında iddiaçının 1 nömrəli Hərbi Ticarət Bölməsi rəisinin 28 aprel 1997ci il tarixli, 42 nömrəli əmrinə əsasən xx.xx.1997-ci il tarixdən işə qəbul edilərək 7 nömrəli yeməkxanada qabyuyan vəzifəsinə təyin olunduğu, Ticarət Bölməsinin 1997ci il, 2000-2007-ci il tarixli işçilərin əmək haqqı üzrə şəxsi hesablarında onun pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Cavab məktublarına əlavə edilmiş 1998-ci və 1999-cu illər üçün 1 nömrəli Hərbi Ticarət Bölməsinin işçilərinin əmək haqqı üzrə şəxsi hesablarından görünür ki, həmin illər ərzində iddiaçıya əməkhaqqı ödənilmişdir. Kollegiya tərəfindən 1997-ci və 2007-ci illər üzrə iddiaçının işə daxil olmasına və işdən azad edilməsinə dair əmrlər kitabından, eləcə də, əmək haqqı və ya pul təminatı cədvəllərindən çıxarışın təqdim edilməsi ilə bağlı Müdafiə Nazirliyinə sorğu verilsə də, həmin orqan sorğuya cavabında 1 nömrəli Hərbi Ticarət Bölməsinin yanvar 2007xx.xx.2007-ci il və xx.xx.2007-xx.xx.2007-ci il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığını, həmin Hərbi Ticarət Bölməsi 2007-ci ildə ləğv edildiyindən onun tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanması və ödənilməsi ilə bağlı hesabatların təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı da məhkəmənin sorğusuna cavab olaraq sığortaedən Müdafiə Nazirliyinin 1 nömrəli Hərbi Ticarət Bölməsi tərəfindən 2006-cı və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim olunmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının MN 1 nömrəli Hərbi Ticarət Bölməsi rəisinin 28 aprel 1997-ci il tarixli, 42 nömrəli əmrinə əsasən xx.xx.1997-ci il tarixdən həmin müəssisədə işə qəbul edilərək xx.xx.2007-ci il tarixədək orada işlədiyi müəyyən edilir. 1999-cu ildən sonra həmin müəssisə üzrə iddiaçı barəsində məlumatların aşkar edilməməsi isə kollegiya hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid edilə və xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək həmin müəssisədə işlədiyinə dair qeydlərin həqiqiliyini şübhə altına ala bilməz. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Lakin, hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunvericiliyin tələbi, eləcə də formalaşmış vahid məhkəmə təcrübəsinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrü sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq staja daxil edilir, həmin tarixdən sonrakı dövrlər isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən, yəni məcburi dövlət sosial sığorta haqları ödənildiyi təqdirdə daxil edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən cavabdehin həmin dövrləri məcburi dövlət sosial sığorta haqlarının ödənməməsinə görə xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iş stajına daxil edilməli olmaması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə həmin müəssisə tərəfindən sığortaolunanlar o cümlədən, iddiaçı barəsində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyindən, başqa sözlə, iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr iddiaçının sığorta stajına daxil edilə bilməz və cavabdehin dəlilləri bu hissədə əsaslıdır. Lakin, qeyd olunan hal iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə maneə təşkil etmir. Belə ki, iddiaçının xx.xx.1997-ci il tarixdən yalnız xx.xx.2006-cı il tarixədək işlədiyi dövr nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(118)-1512/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.