Məhkəmə qərarları › İş №2-1(105)-619/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-619/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-619/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2178/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı X3 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, əvvəl müraciət olunmuş eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2178/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)-168/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu qərardadını AR MPM-nin 82.3-ci maddəsi və Konstitusiya məhkəməsinin preyudisiallıq barədə hüquqi mövqeyi ilə əsaslandırmışdır ki, bu halda məhkəmə səhvə yol vermişdir. Belə ki, 2021-ci ildə o, məhkəməyə başqa əsasla- ərizəsinə səhv cavab verilməsi əsası ilə (guya o, ərizə ilə cavabdehə vəsiqənin dublikatının verilməsi xahişi ilə müraciət etmişdir) müraciət etmişdir. Məhkəmə zamanı bu əsas araşdırılmışdır və onun iddiası rədd edilmiş və izah edilmişdir ki, ərizədəki anlaşılmazlığın aradan qaldırılması üçün cavabdehə yenidən müraciət etməlidir. Həmin qərardan sonra o, yenidən cavabdehə müraciət etmiş və ərizəsində bildirmişdir ki, o, dublikatın deyil, vəsiqənin verilməsi üçün müraciət etmişdir və heç vaxt vəsiqə almamışdır. Cavabdeh orqan məktubla ona bildirmişdir ki, cavab verilərkən texniki səhvə yol verilib. Bu əsasla o, yenidən rəsmi olaraq müraciət etmiş və Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, onun müraciəti komissiyada baxılacaq və ona məlumat veriləcək. Lakin 3 aydan çox vaxt keçməsinə baxmayaraq ona hələ də cavab verilmədiyi əsası ilə o bunu imtinaya bərabər hesab edərək, bu dəfə cavabdehin hərəkətsizliyindən şikayət etmişdir. Məhkəmə isə iddiaların əsaslarındakı fərqə düzgün hüquqi qiymət verməyərək, hər iki iddianı eyni əsaslı hesab edərək iddiasını mümkünsüz hesab etmişdir ki, bu zaman məhkəmə kobud prosessual pozuntuya yol vermiş və onun məhkəməyə müraciət etmək hüququnu və işinin məhkəmədə ədalətli araşdırilması hüququnu pozmuşdur. Məhkəmə iddiasını mümkünsüz hesab edərkən AR MPM-nin 82.3.maddəsinə səhv istinad etmişdir. Belə ki, həmin norma məhkəmə qərarlarının preyudisiallığını ehtiva edir. Amma məhkəmə qərarının məzmunundan isə görünür ki, məhkəmə eyni cavabdehə qarşı eyni iddianın verilməsini əsas gətirərək iddiasını mümkünsüz hesab etmişdir. Bu məzmun isə AR MPM-nin 261.0.2-ci maddəsinin məzmununa uyğun gəlir və bu zaman qanunverici yalnız eyni tərəflər və eyni predmet olmasını deyil, əlavə olaraq eyni əsasları da nəzərdə tutur. Bu hazırkı iddiada isə əsaslar müxtəlifdir. Yəni ilkin iddiasında o cavabdehin ona səhv cavab verməsini əsas gətirərək iddia vermişdi, indi isə cavabdehin ona qəti cavab verməməsini, hərəkətsizliyini əsas gətirərək iddia vermişdir. Burdan da görünür ki, bu iddiada əsaslar müxtəlifdir və belə olan halda məhkəmənin onun iddiasını mümkünsüz hesab etməsi barədə qərardadı qanunsuz olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2178/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı S.X4 Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım olunmuş və ona eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olması izah olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş hazırkı iddianın predmeti ilə eyni olan Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)- 168/2021 nömrəli qərarının məzmunundan da görünür ki, hazırkı idda ilə məhkəməyə müraciət olunmamışdan əvvəl də iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-168/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər öz təsdiqini tapmır, Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-168/2021 nömrəli qərarı ilə iddiaçının müharibə veteranı almaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi rədd edilmişdir, hansıkı iddiaçı yenə eyni tələblə məhkəməyə yenidən müraciət etmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. İPM-nin “Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri” adlanan 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu baxımından iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2178/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar