Məhkəmə qərarları › İş №2-1(105)-62/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-62/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-62/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0.0626 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(118)-1618/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamından çıxarışına əsasən X14 adına ayrılmış 0.10 ha torpaq sahəsindən qeydiyyata alınmayan 0.0760 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1 ünvanında yerləşən 0.0626 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1618/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 zəruri qaydada məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-899/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə X8 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamından çıxarışına əsasən X14 adına 0.10 ha torpaq sahəsi ayrılmış və xx.xx.1992-ci il tarixli təhkim aktı ilə 0.10 ha torpaq sahəsi X16 təhvil verilmişdir. Eyni zamanda xx.xx.2008- ci il tarixli etibarnamə ilə xx.xx.2038-ci ilə qədər X14 vərəsəsi İddiaçı tərəfindən ona həmin torpaq sahəsi ilə bağlı bütün əməliyyatların aparılması etibar edilmişdir. Keçmiş Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamından çıxarışına əsasən X14 adına ayrılmış 0.10 ha torpaq sahəsinə dair AN 133349 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanarkən torpağın sahəsi 0.10 ha deyil, səhvən 267 kv.m göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X14 adına ünvan 2 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin 0.0239 ha hissəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. X14 adına qeydiyyata alınmış ev və 0.0239 ha torpaq sahəsi onun vəfatından sonra vərəsələri olan həyat yoldaşı X12 və oğlu İddiaçı adına qeydiyyata alınmışdır. Sonradan, yəni xx.xx.2009-cu il tarixdə notarial qaydada təsdqi olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0.0239 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evini onlar başqa şəxsə satmışdırlar. Həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququm xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı mərhuma ayrılmış 0.10 ha torpaq sahəsində qeydiyyata alınmayan 0.0760 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 29 mart 2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla yerdə qalan 0.0760 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı əsas göstərilərək hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha (faktiki 0.0626 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 17 avqust 2022-ci il və 03 avqust 2023-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı: Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin X16 Abşeron Rayon İHB-nın Masazır kəndi nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamı ilə ayrıldığı bəyan edilsə də, təqdim edilmiş sərəncamla fərdi yaşayış evinin tikintisinə icazə verildiyi; Torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin İdarəyə təqdim edilmədiyi; Torpaq sahəsinin 0.024 hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində **********00-10301 reyestr nömrəli çıxarışla artıq bir dəfə rəsmiləşdirildiyi və özgəninkiləşdirildiyi; Faktiki torpaq sahəsinin 29 kv.m hissədə **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin sözügedən torpaq sahəsinə giriş-çıxış yolunun həmin reyestr nömrəli torpaq sahəsindən ayrıldığı; Daşınmaz əmlakın yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşdiyi; Mübahisə predmeti olan daşınmaz əmlaka dair vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun müraciət ərizəsinə əlavə edilmədiyi; İddiaçının İdarəyə ünvanlanmış 17 avgust 2022-ci il və 03 avqust 2023-cü il tarixli müraciətlərinin Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha (faktiki 0.0626 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 adına daşınmaz əmlakın dövlət reyestrində geydiyyata alınmasına dair ünvanlandığı, lakin iddia ərizəsində ünvan 3 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamından çıxarışına əsasən X16 ayrılmış 0.10 ha torpaq sahəsindən qeydiyyata alınmayan 0.0760 ha torpaq sahəsi üzərində hüqugların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi qoyulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 04 nömrəli, 12 may 1992-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi X14 mülkiyyətinə ayrılmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 24 aprel 1992-ci il tarixli əmrindən görünür ki, X17 Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 213 nömrəli qərarına əsasən sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən 10 sot torpaq sahəsinin verilməsi barədədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 9402 saylı, 27 noyabr 2007-ci il tarixli rəyindən görünür ki, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, X20 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. 17 mart 2009-cu il tarixli, 2v-64 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X14 adına vərəsəlik işi açılmış, X18 və İddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. 46/05-874 nömrəli, 22 iyun 2009-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X18 və İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin 0.0239 ha hissəsi X1. Daha sonra 0,0239 ha torpaq sahəsi üzərində X5 hüquqları MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarış əsasında qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(118)-1618/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0626 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxslər iddiaya etiraz etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; .... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.

“İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 1 ünvanında yerləşən 0.0626 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı müvafiq arayışın əldə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur.

1. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin X16 Abşeron Rayon İHB-nın Masazır kəndi nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamı ilə ayrıldığı bəyan edilsə də, təqdim edilmiş sərəncamla fərdi yaşayış evinin tikintisinə icazə verilməsi;

2. Torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin İdarəyə təqdim edilməməsi;

3. Torpaq sahəsinin 0.024 hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində **********00-10301 reyestr nömrəli çıxarışla artıq bir dəfə rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsi;

4. Faktiki torpaq sahəsinin 29 kv.m hissədə **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin sözügedən torpaq sahəsinə giriş-çıxış yolunun həmin reyestr nömrəli torpaq sahəsindən ayrılması;

5. Daşınmaz əmlakın yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşməsi. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin 1, 2 və 3-cü dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 04 nömrəli, 12 may 1992-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi X14 mülkiyyətinə ayrılmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 24 aprel 1992-ci il tarixli əmrindən görünür ki, X17 Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 213 nömrəli qərarına əsasən sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən 10 sot torpaq sahəsinin verilməsi barədədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 9402 saylı, 27 noyabr 2007-ci il tarixli rəyindən görünür ki, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, X20 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. 17 mart 2009-cu il tarixli, 2v-64 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X14 adına vərəsəlik işi açılmış, X18 və İddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. 46/05-874 nömrəli, 22 iyun 2009-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X18 və İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin 0.0239 ha hissəsi X1. Daha sonra 0,0239 ha torpaq sahəsi üzərində X5 hüquqları MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarış əsasında qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1618/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərardadı ilə X9 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0239 ha torpaq sahəsi üzərində X12 3/4 hissə, İddiaçı isə 1/4 hissədə hüquqları MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarış əsasında qeydiyyata alınmışdır İş materiallarına əlavə olunmuş 24 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 0,0066 ha torpaq sahəsi X9 tərəfindən X2. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də faktiki torpaq sahəsinin 29 kv.m hissədə **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin sözügedən torpaq sahəsinə giriş-çıxış yolunun həmin reyestr nömrəli torpaq sahəsindən ayrılmasıdır. İş materiallarına əlavə olunmuş **********76 reyestr nömrəli çıxarışdan görünür ki, sözügedən torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-899/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə X8 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 28 avqust 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, mübahisəli torpaq sahəsinin faktiki istifadə olunan hissəsi 0,0626 ha-dır. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazıradək faktiki mərhum X14 və onun vərəsələrinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair sərəncam hazırda qüvvədə olmaqla, həmin sərəncamın ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. X6 adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə X14 həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi yuxarıda qeyd olunan dəlillər mərhum X14 və ya onun vərəsələrinin təqsiri ilə əhatə olunmamaqla, onların hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, mərhum X16 məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, mərhum X14 və onun vərəsələrinin konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Eləcə də, həmin hüququn qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Belə ki, mərhum X3 torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 04 nömrəli, 12 may 1992-ci il tarixli sərəncamına əsaslanır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normanın məzmununa əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərin siyahısına aid edilə bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla bərabər, təqdim edilən sənədlər və qeyd edilən hüquq normalarına əsasən iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır və həmin hüququn dövlət qeydiyyatına alınması onun hüququdur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri torpaq sahəsinin 0.024 hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində **********00-10301 reyestr nömrəli çıxarışla artıq bir dəfə rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsidir. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, inzibati orqan tərəfindən torpaq sahəsinin bir hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarışla rəsmiləşdirilməsi, digər hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya cavabdeh inzibati orqanın 3-cü dəlilini əsassız hesab edir. Cavabdeh inzibati orqan 4-cü dəlili faktiki torpaq sahəsinin 29 kv.m hissədə **********76 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin sözügedən torpaq sahəsinə giriş-çıxış yolunun həmin reyestr nömrəli torpaq sahəsindən ayrılması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, **********76 reyestr nömrəli çıxarış X11 məxsusdur. Yuxarıda qeyd olunduğu kimi X11 apellyasiya icraatı zamanı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Qeyd olunan dəlillə bağlı məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 0.0597 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Cavabdeh inzibati orqanın sonuncu dəlili isə daşınmaz əmlakın yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşməsi ilə bağlıdır. Kollegiya həmin dəlili də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinin məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bununla da cavabdeh inzibati orqanın sonuncu dəlili əsassız hesab olunur. Beləliklə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən 0.0597 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(118)-1618/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.0597 ha torpaq sahəsinin üzərində mərhum X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar