Məhkəmə qərarları › İş №2-1(105)-620/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-620/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-620/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi , İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2004cü il tarixli 61 saylı qərarı ilə Hökməli bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin üst-üstə düşən 0.0072 ha hissəsi çıxılmaqla qalan hissəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1378/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayonu Qobu bələdiyyəsinin 61 saylı, 26 mart 2004-cü il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayılş evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Cavabeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən, 0.1035 ha torpaq sahəsi 3 ədəd daş hasara alınmış ayrı-ayrı giriş-çıxış darvazası ilə təmin edilmiş torpaq sahələrindən ibarətdir. Torpaq sahəsinin 0.0072 ha hissəsi **********53 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 32132/2- 5178/24 saylı imtina bildirişindən görünür ki, Abşeron rayonu Hökməli bələdiyyəsi tərəfindən vətəndaşa 0.10 ha torpaq sahəsinin 26 mart 2004-cü il tarixli 61 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktı müracətə əlavə edilmədiyi, bələdiyyənin yerquruluşu planından çıxarışı qanunamüvafiq qaydada (ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, sözügedən torpaq sahəsinin 0.0072 ha hissəsinin **********53 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü və sözügedən torpaq sahəsinin üç hissəyə bölünərək digər şəxlər tərəfindən istifadə olunduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Abşeron rayon, Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 61 saylı, qərarı ilə Hökməli bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin üst-üstə düşən 0.0072 ha hissəsi çıxılmaqla qalan hissəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsini iddiaçının qanuni sahibliyində və istifadəsindədir. O, torpaq sahəsi üzrənidə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh əsassız olara imtina cavabı vermişdir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin 72 kv m hissəsinin başqa şəxsə verilmiş çıarışla üst-üstə düşdüyü aşkar edilmilşdir, bu səbəbdən iddiaçı həmin hissədə torpaq sahəsinin azaldılması barədə ərizə vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 24 iyul 2023-cü il və 27 fevral 2024-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı Hökməli bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 26 mart 2004-cü il tarixdə, 61 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktının müraciətə əlavə olunmadığı; müraciət üzrə əlavə edilmiş bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv Dt və Xk-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; sözügedən torpaq sahəsinin 0.0072 ha hissəsinin **********53 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü və torpaq sahəsinin 3 hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Göstərilən dəlillər əsasınd iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1378/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 61 saylı, qərarı ilə Hökməli bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin üst-üstə düşən 0.0072 ha hissəsi çıxılmaqla qalan hissəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Hökməli bələdiyyəsinin 26 mart 2004-cü il tarixli, 61 saylı qərarına əsasən satılmışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. ...Abşeron rayon Hökməli bələdiyyəsinin 26 mart 2004-cü il tarixli, 61 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının arxiv arayışının ərizəyə əlavə olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının arxiv arayışının olmaması vətəndaşın ziyanına şərh oluna və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə Abşeron rayonu Hökməli bələdiyyəsinin yeruquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş yerquruluşu planından çıxarış Hökməli bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Çıxarışın ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Üst-üstə düşən hissədə iddiaçı torpaq sahəsinin azaldılması barədə ərizə verdiiyindən həmin dəlil də aradan qalxmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla ilə eyni məzmundan əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etirazını onunla əsaslnadırmışdır ki, Abşeron rayonu Hökməli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixində 61 saylı qərara əsasən Hökməli bələdiyyəsi ərazisində 0.10 ha torpaq sahəsi əldə etmişdir. Torpaq sahəsi qanunu əsasla ona aiddir. Cavabdeh təşkilatın ittihamı əsassızdır. Qeyd olunanlara əsasən cavbdeh təşkilatın apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılnmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 61 saylı qərarı ilə Hökməli bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin üst-üstə düşən 0.0072 ha hissəsi çıxılmaqla qalan hissəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina cavabı və iddiaya etirazı dörd dəlildən ibarət olsa da, cavabdeh apellyasiya şikayətində xüsusilə qeyd etmişdir ki, digər dəlillər apellyasiya şikayətinin dəlilləri kimi çıxış etmir. Yeganə əsas kimi sözügedən torpaq sahəsinin 3 hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Bununla bağlı iddiaçı öz izahatında bildirdi ki, torpaq sahəsi ümumilikdə ona məxsusdur, üç hissəyə bölünməsi onunla bağlıdır ki, o, torpaq sahəsini şərti olaraq üç hissəyə bölməklə bir hissəsindən özü, dikər iki hissələrindən oğlu və qızı istifadə edir. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyildir. O, torpaq sahəsi üzərində bütövlükdə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya Abşeron rayonu Hökməli bələdiyyəsinin 26 mart 2004-cü il tarixli, 61 saylı qərarına əsasən satılmışdır. Abşeron rayon Dövlət Arxivindən yalnız bələdiyyə qərarı aşkar edildiyindən məhkəmə torpaq sahəsini ayıran Abşeron rayon Hökməli bələdiyyəsinə sorğu ünvanlayaraq torpaq sahəsinin iddiaçıya satılmasını təsdiq edib-etməməsi və mülkiyyət hüququnun qeydə alınmasına etirazının olub-olmamasına münasibət bildirməsini tələb etmişdir. Abşeron rayon Hökməli bələdiyyəsi sorğuya cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin həqiqətən də iddiaçıya satılmasını təsdiq edir və hazırda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyət hüququnun qeydə alınmasına etiaz etmir. İş materiallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması, hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha, faktiki ölçüsünün isə 0.1035 ha olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin üstüstə düşən 0.0072 ha hissəsi çıxılmaqla, qalan hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, torpaq sahəsinin faktiki olaraq üç şəxs arasında bölünməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina ola bilməz. Bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan əsaslar sırasında nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərkən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəlyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir və məhkəmə bu ərizəyə uyğun olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmşdir. Qeyd olunmalıdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə faktiki yerləşmə vəziyyəti arasında hər hansı uyğunsluğun olması müəyyən edilməmişdir. Ona görə bu ifadənin göstərilməzinə zərurət qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-1378/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar