Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-621/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 10 dekabr 2020-ci il tarixli **********4019 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(118)-64/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 10 dekabr 2020-ci il tarixli **********4019 nömrəli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 dekabr 2020-ci il tarixli **********4019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 888844.02 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********4020 nömrəli tələbnamə verilərək qərarda göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar əsassızdır, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 195.1-ci maddəsinə əsasən bu Məcəllənin 195.3-cü maddəsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron qaimə-faktura yazmalı və verməlidir. Vergi Məcəlləsinin 195.2-ci maddəsinə əsasən elektron qaimə-faktura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada tərtib edilən sənəddir. Həmin Məcəllənin 195.3-cü maddəsinə əsasən mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron qaimə-faktura əvəzinə qəbz yə ya çek verilə bilər. Qəbzlər, çeklər və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir. Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia ərizəsində qanun pozuntusu halına yol verilmədiyi göstərilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 888.844,02 manat məbləğində maliyyə sanksiyasının əsassız olduğu və Vergi Məcəlləsinin 195.1-ci, 195.2-ci və 195.3-cü maddələrinin tələblərinin nəzərə alınmadığı qeyd edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəlillərini vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli **********7076 nömrəli qərarına əsasən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 8.888.440,23 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı 21 oktyabr 2020-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş yazılı məlumatda 01 yanvar 2020-ci il tarixdən 16 oktyabr 2020-ci il tarixədək 7515075,83 manat (ƏDV-siz) dəyərində mal idxal edildiyi, həmin malların 179275,79 manat (ƏDV-siz) dəyərində hissəsinin elektron qaimə ilə, 7532576,44 manat (ƏDV-siz) dəyərində hissəsinin isə nəzarət-kassa aparatı vasitəsi ilə (alıçılara ödəniş çeki verilməklə) təqdim edildiyi, malların bir hissəsinin satışının elektron qaimə tərtib edilməklə deyil, nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsi həmin malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları səbəbindən həyata keçirildiyi bildirilmişdir. Lakin işin hüquqi hallarına gəldikdə isə bildirirlər ki, iddiaçının vergi orqanına təqdim etdiyi 18 sentyabr 2018-ci il tarixli yerli investisiyalı məhdud məsuliyyəti cəmiyyətinin e-qeydiyyat ərizəsinə (qeydiyyat nömrəsi: **********977300) əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46901 kod altında “ixtisaslaşdırılmış topdansatış” kimi qeyd edilmişdir. Eyni zamanda 12 dekabr 2020-ci il tarixdə təqdim edilmiş məlumat dəyişikliyi haqqında arayışda 52101 kod altında “saxlama və anbarlara yığma” fəaliyyət sahəsi də əlavə edilmişdir. Vergi orqanına təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı vergi orqanında dövlət qeydiyyatına alındığı tarixdən “ixtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1,5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 8.888.440,23 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 888.440,02 (8.888.440,23x10%) maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının maliyyə sanksiyası tətbiq edilərkən Vergi Məcəlləsinin 195.1-ci, 195.2-ci və 195.3-cü maddələrinin tələblərinin nəzərə alınmaması barədə dəlillərinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin istinad edilən normaları Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələrə və fiziki şəxslərə, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentlərinə aid hissədə tətbiq edilir. İstinad edilən qanun normalarının tələblərinə görə aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron qaimə-faktura verməli, mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron qaimə-faktura əvəzinə qəbz və ya çek verilə bilər və qəbzlər, çeklər və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(118)-64/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 10 dekabr 2020-ci il tarixli **********4019 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normalarını isə tətbiq etməmişdir. Belə ki, məhkəmə Vergi Məcəlləsinin 23.1.1-ci maddəsini özünün müəyyən etdiyi iş üzrə hala, yəni yoxlamanın təyin edilməsi üçün əsasların olmaması halına tətbiq etmişdir ki, bu isə anlaşılan və aydın deyildir. Çünki işin mübahisəsiz halı ondan ibarətdir ki, vergi orqanı operativ vergi nəzarətini həyata keçirmək hüququna sahibdir. Belə hüququ olan vergi orqanının hüququnu həyata keçirmək üçün qərar qəbul etməsi ağlabatan olmaqla qanunvericiliklə müəyyən olunmuş haldır. Belə olan halda məhkəmənin özünün müəyyən etdiyi təhrif olunmuş hala uyğun olmayan maddi hüquq normasını tətbiq etməsi məhkəmə aktını şübhə altına almaqla tərəf olaraq cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Eyni zamanda məhkəmə Vergi Məcəlləsinin 50.2-ci maddəsini iş üzrə ümumilikdə tətbiq edərək yoxlamanın təyin olunması əsaslarını şübhə altına almağa cəhd etmiş və qəbul etdiyi məhkəmə qərarını əsaslandırmaq üçün ilk və əsas dəlili kimi ona istinad etmişdir. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən yanlış hüquqi mövqe sərgiləmiş və nəticədə iş üzrə təhrif olunmuş hallar müəyyən etmişdir. Belə ki, məhkəmə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyərək, işin faktiki halları üzrə ciddi araşdırma aparmamışdır. İş materiallarında mövcud olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında sözügedən yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi yoxlamanın hüquqi əsasını, Vergi Məcəlləsinin 50.2-ci maddəsi isə yoxlamanın təyin olunması əsasını təşkil etmişdir. Beləliklə məhkəmənin şübhə altına almağa cəhd etdiyi yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar konkret olaraq mövcud olduğu halda, həmin əsaslan olmamış kimi təqdim etmək və nəticədə yoxlamanın təyini əsaslarını sarsıtmaq ədalətsiz davranış olmaqla məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına almışdır. Məhkəmə Vergi Məcəlləsinin 50.1.13-cü maddəsini və 50.2.4-cü maddəsini iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarəti üzrə yoxlama predmetidir. Həmin Məcəllənin 50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmənin “2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7076 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilinəsi haqqında” qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmənin “Hazırkı işdə Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslan vergi orqanı özünün xx.xx.2020-ci il tarixli **********/076 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında əsaslandırmamış” dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə bu hal üzrə Vergi Məcəlləsinin 50.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarda imperativ göstəriş olaraq qeyd edilməli olan məsələlər qanunvericiliklə konkret olaraq müəyyən olunmuşdur ki, vergi orqanı da özünün xx.xx.2020-ci il tarixli **********7076 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında qeyd olunan halları nəzərə almışdır. Bu baxımdan məhkəmənin qeyd olunan dəlilini əsassız hesab edirlər. Beləliklə, məhkəmə inzibati mübahisə üzrə lazımı araşdırma aparmadığı üçün iş materiallarında mövcud olan sənədləri araşdırmadığı üçün və işin hallarının araşdırması üzrə vəzifələrini icra etmədiyi üçün işin faktiki halları baxımından yanlış hallar müəyyən etmiş və haqlı olmayan nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə maddi hüquq norması olaraq Vergi Məcəlləsinin 50.1ci maddəsini inzibati mübahisə üzrə tam tətbiq edərək hesab etmişdir ki, operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəmə həmin normalara istinad edərək hesab etmişdir ki, operativ vergi nəzarətinin mahiyyət və məqsədi Vergi Məcəlləsinin 50.1-maddəsi ilə müəyyən edilmişdir. Operativ vergi nəzarətinin mahiyyəti nəzarət həvata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1-ci maddəsində sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Operativ vergi nəzarətinin mahiyyətinə anlayış verən məhkəmə hesab etmişdir ki, operativ vergi nəzarəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1-ci maddəsində sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Halbuki, məhkəmənin irəli sürdüyü dəlilin heç bir hüquqi əsası yoxdur. Çünki məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Kameral vergi yoxlaması vergilərin hesablanması üzrə nəzarətin həyata keçirilməsini təmin etməklə vergidən yayınmanın qarşısının alınmasına və aradan qaldırılmasına xidmət etməkdədir. Lakin operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən olunan məsələlər və hallara nəzarətin həyata keçirilməsini təmin edən və vergi məsuliyyətinə səbəb olacaq hüquq pozuntuları aşkar edildiyi təqdirdə dövlətin uğraya biləcək maliyyə itkisinin qarşısının alınması üçün maliyyə sanksiyasının tətbiqi ilə nəticələnən nəzarət formasıdır. Göründüyü kimi məhkəmə operativ vergi nəzarəti ilə kameral vergi yoxlaması arasında olan fərqi aradan qaldırmaqla hər iki nəzarət formasının mahiyyəti üzrə müəyyən olunmuş təyinatını qeyri-müəyyən hala gətirmiş və nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Beləliklə, operativ vergi nəzarətinin həyata keçirilməsi qanunauyğun olduğu üçün məhkəmənin yuxarıda qeyd olunan dəlillərini əsassız hesab edirlər. Belə olan halda məhkəmə iddianın təmin olunması üçün əsas olmadığı halda iddianı təmin etmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməklə dəlil olaraq bildirir ki, vergi orqanının iddiaçıya maliyyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisı elektron qaimə-faktura təqdim etməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbuki, vergi orqanı vergi ödəyicisinin elektron qaiməfaktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Lakin işin hüquqi hallarına gəldikdə isə bildirilir ki, iddiaçının vergi orqanına təqdim etdiyi 18 sentyabr 2018-ci il tarixli yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin e-qeydiyyat ərizəsinə (qeydiyyat nömrəsi: **********977300) əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 46901 kod altında “ixtisaslaşdırılmış topdansatış” kimi qeyd edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə təqdim edilmiş məlumat dəyişikliyi haqqında arayışda 52101 kod altında saxlama və anbarlara yığma fəaliyyət sahəsi də əlavə edilmişdir. Məhkəmə iş üzrə faktiki halların həqiqi tərəflərini müəyyən etməməklə, o istiqamətdə heç bir araşdırma aparmamaqla nəticədə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Məhkəmə iş üzrə tətbiq edilməli olan, lakin tətbiq edilməyən Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndini nəzərə almamışdır. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olubolmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Halbuki, bu fakt ciddi araşdırılmalı hallardan hesab olunur. Ona görə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, malların təsərrüfatdaxili-cəmiyyətdaxili yerdəyişməsi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirlib və halhazırda da sənədləşdirilir. Halbuki, pərakəndə satışın həyata keçirilməsi üçün hər hansı obyektlərin və ya təsərrüfat subyektlərinin olmadığı halda bu mümkün olmayan haldır. Məhkəmə qeyd olunan halı araşdırmamış və iddiaçının öz etirafına əsasən malların digər ticarət obyektlərinə daşınması faktını nəzərə almamışdır. Qeyd olunan faktlar bir daha sübut edir ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmuşdur ki, bu halda da həmin anbarda iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olması qanunvericiliyə ziddir. Belə olan halda, məhkəmə Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalan”nın 5.1-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Yuxarıda qeyd olunan dəlilləri və arqumentləri ümumiləşdirərək hesab edirlər ki, məhkəmə inzibati mübahsiə üzrə ümumiyyətlə araşdırma aparmamış, inzibati məhkəmə icraatının prinsiplərini iş üzrə tətbiq etməmişdir. Beləliklə işin müəyyən olunmuş hallarından tam aydın olur ki, iddiaçının fəaliyyətini birmənalı şəkildə topdansatış təşkil etmişdir. Əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə qeyd olunan maddi hüquq normasının qüvvədən düşmüş redaksiyasına istinad etmişdir ki, bu da məhkəmənin iş üzrə tətbiq etdiyi hüquq normaları üzrə araşdırma aparmadığını və oxşar işlər üzrə şablon tətbiq etmə sxemindən istifadə etdiyini təsdiq edir. Digər tərəfdən iş üzrə topdansatış fəaliyyəti hər bir halı üzrə təsdiq olunduğu halda məhkəmə qeyd olunan maddi hüquq normasına istinad etməklə iddiaçı tərəfindən pərakəndə ticarət fəaliyyətinin həyata keçirilməsi dəlilini daha da möhkəmləndirməyə çalışmışdır. Qeyd olunan maddi hüquq norması pərakəndə satışla məşğul olan vergi ödəyicilərinin elektron qaimə-faktura təqdim etməsi üzrə vəzifəsi olan halları müəyyən edir ki, bu da iş üzrə müəyyən edilməli hallara daxil deyildir. Beləliklə, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə işin müəyyən edilməli olan faktiki hallarını kənarda qoymuş və iş üzrə müəyyən edilməli halların istiqamətini tam dəyişdirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri X3 və X1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 50. Operativ vergi nəzarəti 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli **********7076 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, bundan əlavə, reyestrdə 50.2.4-cü maddəyə istinad edilsə də, iddiaçı tərəfindən 50.1-ci maddədə təsbit edilmiş məsələlər barəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı kifayət qədər əsasların olmasna dair sübutlar təqdim edilməmişdir. Beləliklə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.4-cü maddəyə sadəcə istinad etməklə kiyafətlənmişdir. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci ilədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının malların bir qismini nəzarətkassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Apellyasiya şikayətinin topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışının qadağan edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması həmin vaxt onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etməmişdir. İddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(118)-64/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.