Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-621/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “ona 65 yaşının tamam olduğu, 15 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(118)-1139/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “65 yaş həddi xx.xx.2023-cü il tarixindən tamam olduğu üçün, əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “ona 65 yaşının tamam olduğu, 15 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. xx.xx.2023-cü ildə 65 yaşı tamam olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 müraciət etmişdir. AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavab məktubu ilə iddiaçıya bildirilib ki, təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətlərinə və MEİS-nin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 20 il 2 ay 20 gün təşkil edir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində doldurulma qaydası pozulduğu üçün xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək ( işdən çıxma əmrində möhür düzgün formada vurulmadığından və oxumaq mümkün olmadığından) olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Buna görə də ümumi sığorta stajı qanunla nəzərdə tutulandan ( 25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. ”İnzibati icraat haqqında” AR Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilib. Bildirilir ki, həmin dövrlər ərzində - yəni xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək iddiaçı Azərbaycan-Slovakiya birgə müəssisəsi olan “ DAİM- Slovak” LTD şirkətinin Siyəzən daş karxanasında çilingər işində işləmişdir. Həmin müəssisə artıq uzun müddətdir ki, fəaliyyət göstərmir. Həmin illərdə işləməsi barədə Siyəzən rayon Dövlət Arxivinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, 3-48-40/RA/2-İ-xx-xx/2024 saylı Siyəzən rayon Dövlət Arxivinin arxiv arayışında bildirilib ki, “DAİM- Slovak” LTD şirkəti heç bir il üçün sənədlərini arxivə təhvil verməmişdir. Həmçinin bildirilir ki, iddiaçı ilə birgə həmin illərdə bu şirkətdə işləyən 2 nəfər şahidi var. Onlardan biri Siyəzən rayonu, Qozağacı kənd sakini, xx.xx.1955-ci il təvəllüdlü X2, xx.xx.1998-xx.xx.2004-dək həmin müəssisədə işləyib və hal-hazırda xx.xx.2019-cu ildən yaşa görə pensiya alır. Bu müəssisədə işlədiyi illər onun əmək stajına daxil olunub. Həmçinin Siyəzən rayonu, Qozağacı kənd sakini, xx.xx.1959-cu il təvəllüdlü X3 da xx.xx.1997-ci ildən xx.xx.1998-cü ilədək həmin müəssisədə işləyib. Hər ikisi iddiaçının orada işləməsini şahid ifadələri ilə təsdiq edə bilərlər. İddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək Azərbaycan- Slovakiya birgə müəssisəsi olan “DAİM-Slovak” LTD şirkətinin Siyəzən daş karxanasında çilingər işində işləməsi əmək kitabçasında qeyd olunub, möhür vurulub. Sadəcə həmin möhür tam aydın şəkildə vurulmayıb ki, bu da iddiaçının günahı deyil. (X5 Karxanası xx.xx.1997-ci il tarixdən özəlləşdiyi üçün “DAİM- SLOVAK” LTD şirkətinə verilib, ona görə də əmək kitabçasında həmin qeydlər eyni qələmlə yazılıb) Başqa heç bir vasitə ilə həmin illərdə işləməsi faktını təsdiq edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 2 ay 20 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 20 gün sığorta stajına uyğun olaraq 15800.29 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3 il 2 ay sığorta stajına uyğun olaraq 5415.95 manat olmaqla, ümumilikdə 21216.24 manat təşkil edir. Bu məbləğ iddiaçının pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İş materiallarına əsasən iddiaçının əmək kitabçasının surətində işlədiyi bəzi dövrlərlə bağlı qeydlərin mötəbərliyinə əsaslı şübhələr mövcud olmuş və bu səbəbdən onların araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (işdən çıxma əmrində düzəlişlər olduğundan), xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci tarixədək (yazılar eyni xətt və eyni qələmlə yazıldığından) və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü tarixədək (işdən çıxma əmrində möhür düzgün formada vurulmadığından və oxumaq mümkün olmadığından) dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 may 2024-cü il tarixli, 3-48-2F/2-1029/2024 nömrəli məktubuna əsasən, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-xx.xx.2004-cü illərdə işlədiyi Azərbaycan-Slovakiya "Daim-Slovac" LTD birgə müəssisəsinin Siyəzən daş karxanasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********693600 nömrəli məktubuna əsasən, dövlət reyestrində Azərbaycan-Slovakiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə 210 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1009, ünvan 1rədə məlumat mövcuddur. Reyestrdə Azərbaycan- Slovakiya "xxxx" Birgə Müəssisəsinin (bundan sonra - Müəssisə) təşkilati-hüquqi formasının dəyişməsi va ya hüquqi varisinin olması barədə məlumat mövcud deyildir. Əlavə olaraq bildirilmişdir ki, sahibkarliq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim edilmiş arayışlara əsasən uçot məlumat bazasında həmin Müəssisənin fəaliyyətinin xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Hal-hazırda Müəssisənin fəaliyyəti aktivdir. Müəssisənin fəaliyyəti aktiv olmasına baxmayaraq xx.xx.2024-cü il tarixli 3-17- 1/2107577/2024 nömrəli sorğuya heç bir cavab Müəssisə tərəfindən verilməmişdir. Həmçinin iddiaçıya bildirilmişdir ki, qeyd edilən dövrlərlə bağlı daxil olma və işdən çıxma əmrlərini və əməkhaqqı arayışlarını Mərkəzi Filiala təqdim edildikdə onun pensiya hüququna yenidən baxılması mümkün olacaq. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən iddiaçının adına aktiv əmək müqaviləsi (işəgötürən: “ARCHİCO" MMC) olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Siyəzən rayon Dövlət Arxivinin 25 yanvar 2024-cü il tarixli, 3-48-40/RA/2-İ-xx-xx/2024 nömrəli məktubundan görünür ki, “DAİM-Slovak” LTD şirkəti heç bir il üçün sənədlərini arxivə təhvil verməmişdir. İş materiallarına əlavə olunmuş H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10 may 1976-cı il tarixdən 17 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15 may 2024-cü il tarixli, 3-48-2F/2-1029/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1997-xx.xx.2004-cü illərdə işlədiyi Azərbaycan-Slovakiya “Daim-Slovac” LTD birgə müəssisəsinin Siyəzən daş karxanasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(118)-1139/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 15 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək dövrə dair qeyddə işdən çıxma əmrində düzəlişlərin olmasını, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci tarixədək olan qeyddə yazıların eyni xətt və eyni qələmlə yazılmasını və xx.xx.1997-ci il tarixdən 01,12.2004-cü tarixədək olan dövrə dair qeyddə işdən çıxma əmrində möhür düzgün forma vurulmadığını və oxunaqlı olmadığını nəzərə almamış, öz qərarında əmək kitabçasının “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın pozulması ilə tərtib edilməsinə münasibət bildirməmiş, qeyd olunan halları ətraflı tədqiq etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının xx.xx.1997-xx.xx.2004-cü illərdə işlədiyini iddia etdiyi Azərbaycan-Slovakiya "xxxx" Birgə Müəssisəsinə sorğu ünvanlansa da, həmin sorğunun cavabı əldə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********693600 nömrəli məktubuna əsasən aktiv fəaliyyətdə olan müəssisənin ünvanlanan sorğulara cavab verməməsi halına qiymət verməmiş, iddiaçının müvafiq dövrdə həmin müəssisədə işləməməsinə dair məlumatların müəssisə tərəfindən təqdim edilə bilinəcəyi halda sorğuya cavab əldə etmədən iş üzrə məhkəmə baxışını yekunlaşdıraraq qərar çıxarmışdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona 65 yaşının tamam olduğu, 15 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx xxxx 1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 20 il 2 ay 20 gün sosial sığorta stajına malik olması halı qəbul edilmişdir. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olmaması təşkil edir. Cavabdeh inzibati orqanın imtina, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
1. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işdən çıxma əmrində düzəlişlər olması;
2. xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci tarixədək yazıların eyni xətt və eyni qələmlə yazılması;
3. xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü tarixədək işdən çıxma əmrində möhrün düzgün formada vurulmaması və oxumağın mümkün olmaması. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan səbəblərdən mübahisələndirilən dövrlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçının 10 may 1976-cı il tarixindən 17 may 1978-ci il tarixinədək hərbi xidmətdə olması, 03 oktyabr 1975-ci il tarixindən 06 may 1976-cı il tarixinədək, 12 iyul 1978-ci il tarixindən 31 avqust 1981-ci il tarixinədək, 20 oktyabr 1981-ci il tarixindən 03 mart 1982-ci il tarixinədək, 19 may 1982-ci il tarixdən 25 avqust 1982-ci il tarixədək, 20 sentyabr 1982-ci il tarixdən 24 dekabr 1982-ci il tarixədək, 10 yanvar 1983-cü il tarixdən 16 aprel 1985-ci il tarixədək, 25 sentyabr 1985-ci il tarixədən 24 sentyabr 1993- cü il tarixədək, 01 fevral 1994-cü il tarixdən 02 iyul 1997-ci il tarixədək, 01 iyul 1997-ci il tarixdən 01 dekabr 2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan İТ-0692887 saylı əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Belə ki, iddiaçının iş fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın istinad etdiyi dəlillər məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan işdən çıxma əmrində düzəlişlər olması, yazıların eyni xətt və eyni qələmlə yazılması və işdən çıxma əmrində möhrün düzgün formada vurulmaması və oxumağın mümkün olmaması iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunan hallar iddiaçının ziyanına şərh edilməyə, nəticə etibarilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Belə ki, müvafiq sənədlərin düzgün tərtib edilməsi və orada əks olunmuş məlumatların düzgün yazılmasına görə məhz işəgötürən məsuliyyət daşıyır. Həmin sənədlərin tərtib edilməsi zamanı yalnışlığa yol verilməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun öhdəlik daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin hala istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin prinsiplərinə ziddir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü tarixədək işdən çıxma əmrində möhrün düzgün formada vurulmaması və oxumağın mümkün olmamasına istinad edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən tarixlərə dair möhür oxunaqlı vəziyyətdədir. Eləcə də, iş materiallarına əlavə olunmuş sözügedən müəssisədə çalışmış digər şəxslərə dair əmək kitabçalarında da həmin möhür vardır, eyniliyi şübhə doğurmur. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri, təhsil aldığı dövrləri və hərbi xidmətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə alanda onun malik olduğu ümumi sığorta stajı 25 ildən artıq olur və bu işin mübahisə edilməyən halıdır. Həmçinin yuxarıda qeyd olunduğu kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının xx.xx.1997-xx.xx.2004-cü illərdə işlədiyini iddia etdiyi Azərbaycan- Slovakiya "xxxx" Birgə Müəssisəsinə sorğu ünvanlansa da, həmin sorğunun cavabı əldə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********693600 nömrəli məktubuna əsasən aktiv fəaliyyətdə olan müəssisənin ünvanlanan sorğulara cavab verməməsi halına qiymət verməmiş, iddiaçının müvafiq dövrdə həmin müəssisədə işləməməsinə dair məlumatların müəssisə tərəfindən təqdim edilə bilinəcəyi halda sorğuya cavab əldə etmədən iş üzrə məhkəmə baxışını yekunlaşdıraraq qərar çıxarmışdır. Kollegiya həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası kimi qəbul etməyərək aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan-Slovakiya "xxxx" Birgə Müəssisəsinə sorğu ünvanlansa da, SX031866696AZ göndərişli zərf poçt tərəfindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 15 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(118)-1139/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.