Məhkəmə qərarları › İş №2-1(105)-623/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-623/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-623/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF Publik Hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı “17.05.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)- 1334/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF Publik Hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 3 saylı Regional Ərazi Filialının 17 may 2021-ci il tarixli **********5 saylı artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması Mübahisə predmeti olan qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərar cavabdehin iddia etdiyi kimi artıq ödənilmiş pensiyanın geri tələb olunması ilə bağlıdır. Lakin artıq ödənilmiş pensiyanın geri tələb edilməsi qaydası “İnzibati icraat haqqında” AR Qanunu ilə deyil “Əmək pensiyaları haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı və məhkəmə qaydasında. Lakin hər iki hal mövcud olmamış və cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, təyinat məhz həmin orqan tərəfindən verilmiş və aylıq pensiya məbləği inzibati orqanın məsul şəxsləri tərfindən hesablanmışdır. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni, mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Bundan başqa, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Cavabdehin iddia tələbinə dair etirazı DSMF-nin Quba rayon şöbəsi tərəfindən iddiaçıya 24.07.2013-cü il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə (lİl qrup) 501.89 manat məbləğində əmək pensiyası təyin edilmiş və 21.01.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının 21.01.2021 -ci il tarixində Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciəti əsasında (yenidən hesablama barədə) pensiya işinə yenidən baxılmış və İddiaçı prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyası hüququnun olmadığı aşkarlanmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının 19.04.2021-ci il tarixli **********7 nömrəli qərarına əsasən İddiaçı pensiya işi 31.01.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya Fondun 3 saylı regional ərazi filialı tərəfindən sənədlər əsasında 06.05.2021-ci il tarixdə 619.22 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən əmək pensiyası təyin olunan zaman iddiaçının pensiya işinə yenidən baxılmış və vətəndaşa 24.07.2013-cü il tarixdən 31.01.2021-ci il tarixədək kimi 29692.48 (iyirmi doqquz min altı yüz doxsan iki manat 48 qəpik) manat məbləğində artıq ödənilmiş əmək pensiyası olduğu aşkar etmişdir. 01.07.2017-ci il tarixinə kimi qüvvədə olan “ Əmək pensiyları haqqında ” Qanunun 37.3.2-cı maddəsinə əsasən əlilliyə görə əmək pensiyası işləyənlərə yalnız pensiyanın baza hissəsi olmaqla ödənilirdi. 01.07.2017-ci il tarixdən isə Qanuna edilmiş dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinatlar, təqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial iddiaçıya 24.07.2013-cü il tarixdən-31.01.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 29692.48 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırlmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 3 saylı regional ərazi filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1334/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallar düzgün araşdırılmamış həmçinin maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədədir. Belə ki, işdən görünür ki, ilk öncə İddiaçı 01.07.2013-cü il tarixdə 38 saylı Quba- Qusar TSEK tərəfindən üçüncü dərəcəli əlillik təyin edilmiş, AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi tərəfindən 24.07.2013-cü il tarixdən ona prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. Daha sonra iddiaçı 21.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, pensiya işinə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı 17 may 2021-ci il tarixli, **********5 saylı məktubla bildirmişdir ki, onun müraciəti əsasında (yenidən hesablanma barədə) pensiya işinə yenidən baxılmış və onun prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyası hüququnun olmadığı aşkarlanmışdır. Bununla əlaqədar pensiya ödənişi 31.01.2021-ci il tarixindən (Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən dayandırılmışdır. Buna görə də onun pensiya işinə aid sənədləri (pensiyanın ümumi əsaslarla hesablanması üçün) aidiyyəti üzrə onların şöbəsinə göndərilmişdir. Bildirilmişdir ki, pensiyası 24.07.2013-cü il tarixindən ümumi əsaslarla yenidən hesablanmış və pensiyanın məbləği 01.01.2021-ci il tarixindən 625,19 (altı yüz iyirmi beş manat 19 qəpik) manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, ona 24.07.2013-cü il tarixindən 31.01.2021-ci il tarixinə kimi 29692,48(iyirmi doqquz min altı yüz doxsan iki manat 48 qəpik) manat artıq pensiya ödənilmişdir. Odur ki, inzibati orqan 17.05.2021-ci il tarixli, **********5 nömrəli qərarı ilə İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirərək xx.xx.1980-ci ildə Naxçıvan MR-da anadan olmuş, Şabran rayonunun Sincanboyad kəndində yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 24.07.2013-cü il tarixdən 31.01.2021-ci il tarixədək 29692.48 (iyirmi doqquz min altı yüz doxsan iki manat 48 qəpik) manat məbləğində artıq ödənilmiş əmək pensiyası tələb edilərək 10 gün müddətində ünvan 1 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Regional Ərazi Filialının (bank hesabı AZ82CTRE********************) hesabına ödənilməsini qərara almışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək ləğvini xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşə baxan məhkəmə cavabdehin etirazı ilə razılaşmamış, iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir. Belə ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göründüyü kimi bu Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Demək ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü geridönüş yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılmada isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geridönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini mübahisələndirir. Kollegiya həmçinin qeyd edir ki, “İnzibati İcraat haqqında” Qanunun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İstinad olunan norma inzibati orqana məhkəməyə müraciət etmədən tələbin icraya yönəldilməsi ilə bağlı səlahiyyət verir. Cavabdeh də məhz bu əsasdan çıxış edərək öz mövqeyini müdafiə edir. Belə olan halda hazırda yaranmış mübahisəyə hansı normanın - “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin, yoxsa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2-ci maddəsinin tətbiqi mümkünlüyü ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi mövqeni hazırki işin hallarına tətbiq etdikdə belə nəticəyə gəlinir ki, inzibati orqan kimi pensiya təyin edən orqan da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin bir halda ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunduğu kimi, xüsusi qanunda, başqa sözlə, sahəvi tənzimləmədə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində başqa qayda müəyyən olunarsa, bu zaman xüsusi normalara üstünlük verilməlidir. Bu yanaşma “lex specialis derogat legi generali”, yəni xüsusi qanun ümumi qanunu ləğv edir prinsipindən irəli gəlir. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun: - 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. -10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. -10.6-cü maddəsinə əsasən eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyası xatırladır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə 17.05.2021-ci il tarixli qərarı qanunsuz əlverişsiz akt olduğundan ləğv olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-1334/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar