Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-623/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-856/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər keçmiş X19 İcraiyyə Komitəsinin ləğv edilmiş X28 ilə bağlanılmış torpaq icarə müqaviləsi əsasında “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan bağ torpaq sahəsi iddiaçının mərhum X4nun istifadəsinə verilmişdir. X4 19 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra sözügedən bağ torpaq sahəsi və üzərində yerləşən bağ evi iddiaçının istifadəsində qalmaqda davam etsə də, həmin torpaq sahəsinin mülkiyyət sənədini obyektiv səbəblərdən bugünədək ala bilməmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sözügedən bağ torpaq sahəsi üzərində mərhum X4nun əvəzsiz mülkiyyət hüququ yaranmışdır, sadəcə olaraq atası sağlığında hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İddiaçı vərəsə olaraq atasına məxsus olmuş torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirmək məqsədi ilə hələ keçən əsrin 60-70-ci illərindən mərhum X4nun istifadəsinə verilmiş və hal-hazırda iddiaçının istifadəsində olan sahəsi 0,06 ha təşkil edən B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin olaraq mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Cavabdeh sözügedən əsaslarla torpaq üzərində hüququn mərhum X4na məxsus olması barədə arayışı verməkdən imtina etməklə aşkar qanun pozuntusuna yol vermişdir. Belə ki, imtina məktubunda göstərilənlər həmin bağ sahəsi üzərində X4nun hüququnun yaranmaması üçün əsas sayıla bilməz. Çünki qeyd edilən bağ sahəsi həyata keçirilmiş torpaq islahatı nəticəsində onun əvəzsiz mülkiyyətinə verilmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi dəlilləri bəhanədən başqa bir şey kimi qəbul etmək olmaz. Belə ki, sadalanan qanun normalarına əsasən X3nun istifadəsinə verilmiş bağ torpaq sahəsi üzərində birmənalı olaraq onun əvəzsiz mülkiyyət hüququ yaranmışdır. Adı çəkilən bağ sahəsinə dair X3 ilə Sumqayıt şəhər keçmiş X19 İcraiyyə Komitəsinin ləğv edilmiş X28 arasında bağlanılmış sonuncu icarə müqaviləsi olan 23 oktyabr 2000-ci il tarixli, 8514 saylı icarə müqaviləsinin idarənin arxiv məlumatlarında aşkar edilməməsi həmin torpaq sahəsinin X3na məxsus olması barədə şübhələrin yaranması üçün səbəb ola bilməz. Çünki bu müqavilədən savayı həmin bağ sahəsinin arxiv qovluğunda kifayət qədər əlavə sənədlər mövcuddur ki, bu sənədlər bağın yarılma əsasları ilə bağlı cavabdehdə yarana biləcək bütün suallara aydınlıq gətirir. X3 ilə Sumqayıt şəhər ləğv edilmiş X28 arasında bağlanılmış 23 oktyabr 2000-ci il tarixli, 8514 saylı icarə müqaviləsi hüququn dövlət qeydiyyatının aparılması üçün kifayət edir. O da məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin təqdim edilmiş torpaq icarə müqaviləsində torpağın ölçüsündə düzəlişin edilməsi barədə imtina məktubunda bildirdikləri həqiqəti əks etdirmir, belə ki, bağlatdıqdan sonra sözügedən icarə müqaviləsində hər hansı düzəliş edilməmişdir. Həmçinin cavabdehin B-1446 ünvanı ilə bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı arqumentinə cavab olaraq qeyd edilir ki, sözügedən bağ sahəsi 0,12 ha sahəsi olmaqla yaxın qohumu X13 icarəsində olmuş, onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındıqdan sonra bağışlama yolu ilə 2021-ci ilin mart ayında X14 mülkiyyətinə keçmiş, sonuncu da həmin torpaq sahəsini X2, Mərhum atasının icarəsində olmuş 0,06 ha torpaq sahəsi ayrıca torpaq olaraq adı çəkilən torpaq sahəsi ilə qonşuluqda yerləşir və bu torpaqlar hasarla bir-birindən ayrılmışlar. Bağ sahələrinin nömrələrinin üst-üstə düşməsi həmin bağların eyni bağ olmasını sübuta yetirmir, çünki naturada bu bağlar fərqli bağ sahələridir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində X3nun mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı xx.xx.2000ci il tarixli 8514 nömrəli “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün müqaviləsi”nin arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Novxanı bağ massivi, B-1496 ünvanı ilə X8 adına **********67 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin bildirirlər ki, təqdim edilən xx.xx.2000-ci il tarixli 8514 nömrəli “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün müqaviləsi”ndə sözügedən torpaq sahəsinin ölçüsündə düzəliş olunmuş, lakin müvafiq möhürlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqavilədən görünür ki, Novxanı bölgəsində B-1496 nömrəli, 0,06 ha bağ sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 10 oktyabr 2000-ci il tarixli qərarı, 20 nömrəli protokolu əsasında X7 icarəyə verilmişdir. AZ-İİ seriyalı, 147807 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 19 dekabr 2020-ci il tarixində ölmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-856/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Novxanı bağ massivi, B- 1496 ünvanı ilə X8 adına **********67 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, müvafiq icarə müqaviləsinə əsasən 600 kv.m torpaq sahəsi ayrılsa da, faktiki torpaq sahəsi 750 kv.m təşkil edir. İddiaçının müraciətinə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından, faktiki göstərilən torpaq sahəsində sənəd üzrə ayrılan torpaq sahəsinin hansı ərazidə yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı müvafiq arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: xx.xx.2000-ci il tarixli 8514 nömrəli “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün müqaviləsi”nin arxiv nüsxəsi idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir. Novxanı bağ massivi, B-1496 ünvanı ilə X8 adına **********67 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Müvafiq icarə müqaviləsinə əsasən 600 kv.m torpaq sahəsi ayrılsa da, faktiki torpaq sahəsi 750 kv.m təşkil edir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqavilədən görünür ki, Novxanı bölgəsində B-1496 nömrəli, 0,06 ha bağ sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 10 oktyabr 2000-ci il tarixli qərarı, 20 nömrəli protokolu əsasında X7 icarəyə verilmişdir. AZ-İİ seriyalı, 147807 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 19 dekabr 2020-ci il tarixində ölmüşdür. 18 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,06 ha, faktiki 0,075 ha-dır. Torpaq sahəsinin 1 tərəfi yol. 3 tərəfi qonşu torpaq sahəsidir. Hasarlanmışdır. Texnik inventarlaşdırma işləri aparıldı. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. 0,015 ha artıq torpaq sahəsi mövcuddur. Torpaq sahəsində tikinti altı sahəsi 175 kv/m olan tikili mövcuddur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq sənədin arxivə təhvil verilməməsi və ya aşkar edilməməsi halı özlüyündə X3nun öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə kollegiyası onuda qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilən sənədin etibarsız sənəd olmasına istinad etmir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Nəzərə almaq lazımdır ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqavilə torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin müqavilə qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin müqavilənin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilə verilən dövrdə belə müqavilənin verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin sənədin həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqavilə əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 8514 nömrəli müqavilənin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin hal formal xarakter daşımaqla, əsassız olmuşdur. Əlavə olaraq cavabdeh inzibati orqanın növbəti dəlili Novxanı bağ massivi, B-1496 ünvanı ilə X8 adına **********67 reyestr nömrəli torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı olmuşdur. Həmin dəlilin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən sorğu edilməklə aşağıdakı sənədlər əldə edilmişdir: İş materiallarına əlavə olunmuş MA seriyalı, ******* nömrəli, 04 may 2012-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 23 oktyabr 2000-ci il tarixli, 7236 nömrəli müqavilədən görünür ki, Novxanı bölgəsində B-1496 nömrəli, 0,12 ha bağ sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 10 oktyabr 2000-ci il tarixli qərarı, 20 nömrəli protokolu əsasında X10 icarəyə verilmişdir. 18 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi X15 tərəfindən X16 bağışlanmışdır. 19 mart 2021-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində X14 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ seriyalı, 11 iyun 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,07 ha hissəsi X17 tərəfindən X1. 27 iyul 2022-ci il tarixli, **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1496 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən istinad olunan torpaq sahəsi X9 mülkiyyətində olmuş, daha sonra torpaq sahəsi bir neçə dəfə alqı-satqı əsasında digər şəxslərə satılmış, nəticədə sonuncu mülkiyyətçi X8 adına Sumqayıt şəhər, Novxanı bağları ərazisində yerləşən B 1496 saylı bağ sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 dekabr 2024-cü il tarixli, 3-21-3-31/2-4798/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B- 1496 saylı 0,06 ha torpaq sahəsinin faktiki koordinatları **********67 reyestr nömrəli çıxarışa əsasən X11 məxsus torpaq sahəsinin koordinatları ilə eyni deyil və üst-üstə düşmə halı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi cavabdeh inzibati orqan Novxanı bağ massivi, B-1496 ünvanı ilə X8 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına istinad etsə də, elə inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən də sözügedən torpaq sahələrinin yerləşmə yerlərinin və həmin torpaq sahələri ilə bağlı hüquq müəyyənedici sənədlərin fərqli olduğu aydın olur. Belə ki, digər şəxsin adına dövlət qeydiyyatına alınmış bağ sahəsinin nömrəsi hazırki mübahisə predmeti olan bağ sahəsi ilə eynilik təşkil etsə də, göründüyü kimi fərqli müqavilələr əsasında vətəndaşlara ayrılmışdır, həmçinin bağ sahələrinin ölçüsü də fərqlidir. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair ünvanla bağlı yaranmış mübahisə X3nun və onun vərəsələrinin öhdəlik daşıdığı məsələ olmamaqla, səlahiyyətli orqanın yanlışlığı nəticəsində yaranmışdır. Sözügedən uyğunsuzluq isə cavabdeh inzibati orqanın səlahiyyətləri çərçivəsində həmin orqan tərəfindən aradan qaldırılmalıdır. Cavabdeh inzibati orqanın sonuncu dəlili müvafiq icarə müqaviləsinə əsasən 600 kv.m torpaq sahəsi ayrılsa da, faktiki torpaq sahəsinin 750 kv.m təşkil etməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-856/2025 nömrəli qərarı ilə Sumqayıt şəhəri “Novxanı” bağları massivində yerləşən sahəsi 0,06 ha olan B-1496 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum X4na məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Beləliklə də, inzibati orqanın sonuncu dəlili də əsassız olmaqla formal xarakter daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsassız olmaqla X3nun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-856/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.