Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-625/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Elçinli (Qrivko) Sima Nikolayevnanın Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh rəisi X5 iştirakları ilə, İddiaçı Elçinli (Qrivko) Sima Nikolayevnanın Cavabdehnə qarşı “X4 onun atası olmasının müəyyən olunması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11 yazılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2770/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Elçinli (Qrivko) Sima Nikolayevna Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X4 onun atası olmasının müəyyən olunması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11 yazılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində X14 oglu ilə X2 faktiki nikahından doğulmuşdur. Atası çox vaxt Rusiyada yaşadığından atalığı müəyyən olunmamışdır. xx.xx.1983-cü ildə anası ona doğum haqqında şəhadətnamə alarkən rəsmi nikahdan doğulmadığı üçün şəhadətnamənin ata qrafasında soyadı ana soyadı ilə Qrivko, ata adı isə babasının adı ilə Nikolayevna kimi qeyd olunmuşdur. xx.xx.2012-ci ildə X17 oglu ilə rəsmi nikahla evlənib ailə qurmuşdur və onlara nikah haqqında şəhadətnamə verilərkən onun ərinin soyadını- (Elçinli) qəbul etmişdir. X17 oglu ilə birgə nikahdan 3 övladı doğulmuşdur. Hazırda iddiaçı atalığın müəyyən olunmasını, öz doğma atasının soyadı və adını qəbul etmək istəyir. İstər-istəməz atalığın müəyyən olunmaması, atası ola-ola başqa soyad və ata adını daşımaq ona pis təsir edir. Buna atası X14 oglu da razıdır. Anası X10 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Qanunvericiliyə görə uşaq nikahda olmayan şəxsdən doğulduqda atalıq uşağın atasının və anasının qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Lakin anası öldüyü üçün hazırda bu mümkün deyildir. O atalığın müəyyən olunması üçün Azərbaycan Respublikası ƏN-nin Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası ƏN-nin Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/Q-40/15 nömrəli cavab məktubu ilə atalığın müəyyən olunmasının məhkəmə qətnaməsi ilə mümkün olduğunu bildirilmişdir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2770/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qəradadın ləğv edilməsi və iş üzrə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2770/2023 nömrəli qərardadını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş onunla X11 arasında mediator X6 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023/00408 saylı barışıq sazişinə əsasən, mediasiya prosesində hər iki tərəf X8 ilə X4 1980-ci illərdə faktiki ər-arvad münasibətlərində olduqlarını təsdiq edir. Mediasiya prosesi zamanı X11 iddiaçının bioloji atası olduğunu təsdiq edir. X11 ona məxsus sənədlərin “ata qrafasında” onun valideyni kimi göstərilməsinə və ikinci tərəfin atası olaraq onun soyadının adından və ata adının yazılmasına etiraz etmədiyini bildirmişdir. Atalığın müəyyən edilməsi atanın istəyi olmadan gerçəkləşdirildikdə ananın yazılı razılığı, uşağın doğum şəhadətnaməsi, valideynin şəxsiyyətini təsdiq edən sənəd, atalığın müəyyən edilməsinə dair məhkəmə qərarı müəyyən icra hakimiyyəti orqanlarına təqdim olunur. Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı zəruridir. Göründüyü kimi tərəflər arasında göstərilən mübahisələndirilən məsələ üzrə barışıq sazişi vardır. Belə olan halda o (bioloji atası ilə birlikdə) müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, həmin qeydiyyat şöbəsi tərəfindən əsassız imtina edilmiş, həmin atalığın müəyyən edilməsini qeydə almalı olan qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırmışdır. Lakin məhkəmə qanunu səhv tətbiq və təfsir edərək iddianı mümkün saymamışdır. İşdən görünür ki, onun tələbi atalığın müəyyən olunmasının qeydə alınması ilə bağlıdır. Yəni mübahisə atalığın qeydə alınmasına aiddir. Məhkəmə qərardadında qeyd edib ki, məhkəmə iclasında ona hüquqi yardım edilmişdir. Əslində onun iddia tələbində uyğunsuzluq var və məhkəmə ona hüquqi yardım etmiş olsaydı iddia tələbi dəqiqləşdirilməli idi. Bu zaman onun mümkün sayılmamasının heç bir hüquqi əsası olmazdı. Çünki qeydiyyat şöbəsi qanunun tələbinə zidd olaraq atalığın qeydə alınmasından imtina etmişdir. Hazırki vəziyyətdə ana ölüb, ata isə qızına atalıq verməyə razıdır. Buna nə onun, nə də atanın etirazı yoxdur. Belə olan halda qeydiyyat şöbəsinin atalığı qeydə almaması nə dərəcədə qanuni və əsaslıdır, o və atası arasında atalığa dair hər hansı bir mübahisə olmadığı halda atalığın müəyyən olunması ilə bağlı niyə mülki qaydada məhkəməyə müraciət etməlidir. Ana sağ olduğu halda qeydiyyat şöbəsi atalığı heç bir mübahisə olmadan qeydə alacaqdır. Hazırda ana ölüb və ata da atalıq verməyə, o isə atalığın müəyyən edilməsinin qeydə alınmasına razıdır və qanunvericiliklə də bu mümkündür. Ona görə də qeydiyyat şöbəsinin imtinası tamamilə qanunsuz və əsassızdır. Qərardad ləğv olunmalı və iddia mümkün sayılmalıdır. İddia mümkün sayıldıqdan sonra iddia tələbini dəqiqləşdirəcək və atalığın qeydə alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edəcək. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh rəisi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Maddə 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Maddə 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Maddə 187.1-1. Atalığın müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaları: Bənd 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Bənd 6.3. Qeydiyyat şöbəsi və konsulluq idarəsi ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bənd 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş, onun doğum haqqında şəhadətnamədə ata qeydi qrafasında X9, ana qeydi qrafasında X10 qeyd edilmişdir. İddiaçının anası 11 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı X4 atası olması halını, habelə bu barədə onların arasında barışıq sazişinin bağlanılması, razılıq olması halını əsas gətirərək, X4 onun atası olmasının müəyyən edilməsi və bu barədə ata qeydi qrafasında yazılması barədə iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqanın imtinasının əsasını “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 6.7-ci bəndi (valideynlərin birgə ərizəsinin olması) və 6.6-cı bəndi (atalıq məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alınır) təşkil etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda, valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq məhkəmə qaydasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən müvafiq Qaydaların 6.3-cü bəndində nəzərdə tutulmuş normanın dispozitiv şərltərindən görünür ki, ana öldükdə atalığın müəyyən edilməsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə alına bilər. Eyni zamanda həmin Qaydaların 6.6-cı bəndinin dispozitiv şərtlərinə əsasən uşaq nikada olmayan şəxslərdən olduqda və valideynin birgə ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda atalıq məhkəmə qaydasında müəyyən edildikdən sonra atalığa dair qeyd bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında qeydə alınır. Həmçinin, qeyd olunmalıdır ki, ailə qanunvericiliyinin tələbinə əsasən 18 yaşına çatmayan şəxslər uşaq hesab olunurlar. Göründüyü kimi, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən ana öldükdə, yalnız uşaqlara münasibətdə atalığın müəyyən edilməsinin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilməsinin mümkünlüyü qeyd edilmişdir. Qeyd olunan dispozitiv şərt uşaq yetkinlik yaşına çatdığı hallara şamil edilməmişdir. Bu baxımından qanunvericilik norması aralarında nikada olmayan uşaqlara münasibətdə ana öldükdə, atalığın müəyyən edilməsinin qeydə alınmasının iki qaydasını müəyyən etmişdir: uşağa münasibətdə atanın ərizəsi və yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı; uşaq yetkinlik yaşına çatdıqda atalığın müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi. Yuxarıda istinad olunan qanunvericilik normalarının təhlilindən görünür ki, uşaq yetkinlik yaşına çatdıqda hətta atanın razılığı olsa belə, atalığın müəyyən edilməsi barədə qeyd yalnız atalığın müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı yetkinlik yaşına çatmış şəxs olmaqla ona münasibətdə atalığın müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında və atalığa dair qeydin atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aparılmalı olduğu müvafiq Qaydaların 6.6-cı bəndində imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının iddia tələbi qeyd olunan qanunvericilik normalarının dispozitiv şərtləri ilə uzlaşmır. Başqa cür desək, indiki halda iddiaçı yetkinlik yaşına çatdığından, atalığın müəyyən edilməsi tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında atalığa dair qeyd aparıla bilər. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuş, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2770/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-625/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-625/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver