Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-627/2022 24.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)- 1695/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 13-cü mikrorayon ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahəsi 36 kv.m olan mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırma üçün 65 kv.m., ümumilikdə 101 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır.
2. 24 dekabr 2010-cu il tarixli, 136 №-li torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi ilə "xxxx" MMC arasında Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir.
3. A №460288 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 26 saylı qərarı və Azərbaycan Respublikası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(0620)-4990/2012 saylı qətnaməsi əsasında 100 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 6262 nömrə ilə uçota alınmışdır.
4. Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2(060)-4990/12 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 101 kvadrat metr torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun yaranması faktı müəyyən edilməsi və Sumqayıt şəhəri 13-cü mikrorayonu ərazisində kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 101 kvadrat metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsünün” hazırlanması vəzifəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qət edilmişdir.
5. 05 aprel 2022-ci il tarixli, 20 saylı torpaq İcarəsi müqaviləsinin surətindən görünür ki, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC-nin təsisçisi X1 arasında Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçünün verilməsi“ni xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişlə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərdə bir sıra çatışmazlıqlar aşkar olunmuşdur. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 13cü mikrorayon ərazisində kommersiya obyekti tikintisi məqsədilə 101 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli, 26 nömrəli qərar verilsə də, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq icarəsi müqaviləsi bağlanmamış, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsinin məqsədəmüvafiq hesab edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, “Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə "xxxx" MMCyə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində yerləşən 35 kvadrat metr mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırılma üçün 65 kvadrat metr, ümumilikdə sahəsi 101 kvadrat metr olan torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin İnşaat Pasportu hazırlanaraq müəssisəyə təqdim olunmuş, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən tarixdən bugünədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı məbləğləri tərəflərindən Sumqayıt Bələdiyyəsinə ödənilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair sonuncu dəfə 2022-ci ilin əvvəllərində torpaq icarə müqaviləsi bağlanılmış və həmin icarə müqaviləsinin qüvvədə olma müddəti 2070-ci ilin dekabr ayının 31-dək müəyyən edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq hüququn dövlət qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə verilmiş 14 mart 2022-ci il tarixli, **********79 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdehin sözügedən bələdiyyə qərarı qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması barədə bildirdikləri də torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir. Halbuki sözügedən bələdiyyə qərarı qanuni qüvvədə olan bir qərardır və nə bələdiyyənin özü tərəfindən sonradan ləğv edilməmiş, nə də məhkəmə qaydasında etibarsız sayılmamışdır. Belə olan halda cavabdehin bələdiyyə qərarının qanuniliyini hər hansı şəkildə şübhələndirərək bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququ dövlət qeydiyyatından keçirməkdən imtina üçün əsas göstərməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını da heçə saymışdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququndan sui-istifadə etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. İddiaçı torpağa dair müvafiq hüquq müəyyənedici sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etsə də, sonuncu əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Cavabdeh tərəfindən müraciətlərinə verilmiş cavab məktubunda bildirilmişdir ki, 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinər. Ancaq cavabdeh 2005-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil eilmədiyini nəzərə almamışdır. Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqavilələrinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqa zidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. 10.Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar əvvəlki müraciətdən imtina edilmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda aşağıdakı səbəblər qeyd olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdə bir sıra çatışmazlıqlar aşkar olunmuşdur. İlk olaraq qeyd edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 13-cü mikrorayon ərazisində kommersiya obyekti tikintisi məqsədilə 101 kv.m torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-cı il tarixli 26 nömrəli qərar verilsə də, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq icarəsi müqaviləsi bağlanmamış, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamışdır. Həmçinin, ərizəyə əlavə olunmuş Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 20 nömrəli xx.xx.2022-ci il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1695/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı ilə "xxxx" MMCyə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. 12.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanılmış 24 dekabr 2010-cu il tarixli, N136 saylı və 05 aprel 2022-ci il tarixli, №20 saylı Torpaq İcarəsi müqavilələri heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə "xxxx" MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. 13.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilmısi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14.Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olanm hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 16.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
19. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
21. İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Hazırkı mübahisənin predmetini cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
26. Cavabdeh imtinasının müvafiq dəlillərini əsassız hesab edən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik norması tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. İddiaçı ilə bağlanılmış 24 dekabr 2010-cu il tarixli, N136 saylı və 05 aprel 2022-ci il tarixli, №20 saylı Torpaq İcarəsi müqavilələri heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə "xxxx" MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.
27. İddiaçının nümayəndəsi torpaq sahəsi ilə bağlı ödənilmiş icarəd haqlarına dair qəbzlərin surətlərini təqdim etmiş, eyni zamanda Sumqayıt Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2685 saylı məktubdan da görünür ki, "xxxx" MMC-nin Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.metr olan sahibkarlıq obyektinə xx.xx.2022-ci ilə qədər torpaq icarə haqqı borcu yoxdur.
28. Eləcə də iş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsinin iddiaçının vəkili və nümayəndəsi Vəkil ünvanladığı 2821 saylı, 03 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Bələdiyyəsi ilə Qalayçı MMC arasında 2014-2022-ci illər ərzində torpaq icarə müqaviləsi rəsmi bağlanılmasa da, faktiki olaraq torpaq icarə münasibətləri mövcud olmuşdur. Belə ki, İcarə haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Sumqayıt Bələdiyyəsi ilə Qalayçı MMC arasında 24 dekabr 2010-cu il tarixdə bağlanmış Torpaq icarə müqaviləsinin müddəti 31 dekabr 2014-cü il tarixdə bitsə də, Sumqayıt Bələdiyyəsi tərəfindən Qalayçı MMC-nin qeyd olunan torpaq sahəsini icarə hüququ əsasında istifadə edilməsinə etiraz edilməmişdir. Belə ki, Qalayçı MMC tərəfindən 2005ci ildən (torpaq sahəsi rəsmi ayrıldığı gündən) bu günə kimi hər il torpaq icarə haqqı vaxtı-vaxtında ödənilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanılmış 24 dekabr 2010-cu il tarixli, N136 saylı və 05 aprel 2022-ci il tarixli, №20 saylı torpaq icarəsi müqavilələri Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı əsasında bağlanılmışdır və bələdiyyə ilə "xxxx" MMC arasında xx.xx.2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Belə ki, torpaq sahəsinin ayrıldığı xx.xx.2005-ci il tarixdın iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır.
30. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir.
31. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Torpaq sahəsinin ayrılması barədə hazırda qüvvədə olan xx.xx.2005-ci il tarixli qərarda da həmin torpaq sahəsinin iddiaçı "xxxx" MMC-yə sahəsi 36 kv.m olan mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırma üçün– yəni sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ayrıldığı qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
33. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına və oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə (2-1(102)-717/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli; 2-1(102)-1152/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(118)-1695/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.