Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-627/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolu ilə Quba rayonu, Bərqov kənd ərazisindən ona Qarabağ əlili kimi əlavə pay kimi ayrılmış 0,54 ha kənd təsrrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)- 1016/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdehin 26 dekabr 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolu ilə Quba rayonu, Bərqov kənd ərazisindən ona Qarabağ əlili kimi əlavə pay kimi ayrılmış 0,54 ha kənd təsrrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Quba rayonu, Bərqov kəndində anadan olmuş, 1-ci Qarabağ müharibəsində iştirak edərək torpaqlar uğranda erməni işğalçılarına qarşı vuruşmuş və 2-ci qurup 1-ci Qarabağ müharibəsi əlilidir.Ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının Qərarı və Quba rayonu Bərqov kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq ayrılmış və adına JN-112 saylı Dövlət Aktı verilmiş və həmin vaxtdan qeyd edilən torpaqdan istifadə edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağ müharibəsi əlillərinə əlavə bir pay torpaq verilməsi nəzərdə tutulmuş və onların ərazidə hər bir vətəndaşa bir pay kənd təsərrüfatı istehsalı üçün olan torpağın miqdarı 0,54 ha müəyyən edilmişdir. Qeyd edilən qanuna görə ona əlavə olaraq verilməli olan 0,54 ha torpaq vaxtı islahat komissiyasının səhlənkarlığı üzündən ona verilməmişdir və bu barədə Quba rayonu S.Vurğun adma X8 Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 14 saylı protokolu ilə qərar verilmiş və həmin qərara əsasən hazırlanmış sənədlərdə Qarabağ əlili kimi 2-ci payı nəzərdə alınmamış İddiaçı 88 saylı Kontordan bölgüyə düşməmiş sahədən 2-ci pay olaraq normaya uyğun 0,54 ha torpaq sahəsi verilməsi və 112 saylı Dövlət Aktına əlavə edilməsi qərara alınmışdır və həmin qərardan sonra ona 0,54 ha əlavə pay torpaq ayrılmış və istifadəsinə verilmişdir. Lakin həmin torpağa bu günə kimi mülkiyyətini təsdiq edən çıxarış ala bilməmişdir.Ona əlavə pay olaraq ayrılmış 0,54 ha torpaq Quba rayonu Vəlvələ kənd bələdiyyəsinin yer quruluşu planı xəritəsində onun mülkiyyətində olan torpaq kimi qeyd edilmiş və bu barədə torpağın 1:1000 və 1:2000 miqyas sxemi verilmişdir. Dəfələrlə hüquqmüəyyənedici sənədləri toplayıb cavabdeh təşkilata çıxarışın verilməsi üçün müraciət etmiş, lakin müxtəlif məhanələr gətirilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Quba rayonu, Bərqov kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrinə qeydiyyata alınmasına dair 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-C-0143-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Məlumat üçün bildiririk ki, daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli, dövlət rüsumunun ödənilməsi haqqında sənəd rəsmi olaraq ərazi idarəsinə müraciət edərək təqdim edəcəyiniz təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır”. Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulan qaydada sənədlərin təqdim edilməsi və müraciət olunması göstərilir və həmin məktub mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir, bununlada inzibati akt mövcud deyildir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)-1016/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Rahim Həsənov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 0,54 ha torpaq sahəsinə dair Quba rayonu Vəlvələ Bələdiyyəsinin yer quruluşu planı tərtib olunmuşdur. Lakin, həmin yerqurluşu planında qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılmasına əsas olan hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının tələbinin əsaslığının yoxlanılması məqsədilə sorğular göndərilmiş və İddiaçı müharibə əlili kimi əlavə olaraq 0.54 ha torpaq sahəsinin ayrılmasına dair səlahiyyətli qurum tərəfindən verilmiş hər hansı qərarın olması öz təsdiqini tapmamışdır. Bu səbədən də məhkəmə hesab edir ki, indiki halda qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümükün deyil. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına, buna dair müvafiq yeni çıxarışın alınmasına nail olmaqdan ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 88 saylı konturdan bölgüyə düşməmiş sahədən 2-ci pay olaraq normaya uyğun 0.54 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin aşağıdakıları da qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, işin hallarının ətraflı araşdırılması, apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verilməsi ilə əlaqədar inzibati orqanlara müvafiq sorğular ünvanlanmış, həmin sorğular əsasında müvafiq rəsmi sənədlər əldə edilmişdir. Belə ki, məhkəmə tərəfindən İddiaçı adına olan JN 112 saylı və 117 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və onun verilməsinə əsas olmuş sənədlərin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bölməsinə) müvafiq sorğular verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tairxli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı Cəbrayılova Nəzarə Bazar qızına məxsus Quba rayonu, Bərqov kəndində yerləşən torpaq sahələrinə verilmiş JN-112 və JN-117 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində sorğuda qeyd olunan JN-112 və JN-117 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”larının arxiv nüsxələri və həmin Dövlət Aktlarının İddiaçı adına tərtib edilməsi, eyni zamanda Quba rayonu S.Vurğun adına sovxozun yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 14 saylı Qərarı və sözügedən qərar əsasında İddiaçı əlavə pay torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən X7 Filialında müvafiq sorğu ünvanlanaraq “Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolunun tam mətnini, həmin protokola əlavə edilmiş siyahını, eyni zamanda həmin protokolun Rayon Aqrar İslahat komissiya tərəfindən təsdiq edilməsinə dair qərarın (protokolun) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Həmin sorğu nəticəsində əldə edilmiş Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolunda qeyd edilmişdir ki, “Bərqov kənd sakini İddiaçı əlavə payı 88 saylı konturdan bölgüyə düşməyən sahədən ayrılsın və 117 saylı dövlət aktına əlavə edilsin. Həmçinin sorğu nəticəsində əldə edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli iclasının 1 № li protokolu əsasında müəyyən edilmişdir ki: - Rayon aqrar islahat komissiyasının üzvü F.Nuhbalayev torpaq islahatının aparılması ilə əlaqədar kompüter qaydasında aparılmış bölgünün Vəl-Vələ İƏV- üzrə yerə köçürülməsinin yekunu və edilmiş zəruri dəyişikliklər barədə S.Vurğun adına X8 komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı qərarı barədə məlumat verərək həmin qərarın təsdiq olunmasını təklif etdi. - Rayon aqrar islahat komissiyasının üzvlərindən A.Cəfərov çıxış edərək zəruri dəyişik iklərin edilməsi ilə əlaqədar yerli aqrar islahat komissiyasının qərarının təsdiq olması barədə F.Nuhbalayevin təklifinə tərəfdar olduqlarını bildirdilər. - Vəl-Vələ İƏV-də torpaq bölgüsü sxemlərinin yerə köçürülməsi zamanı müəyyən edilmiş uyğunsuzluqlar və edilmiş zəruri dəyişikliklər barədə S.Vurğun adına X8 komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı qərarı nəzərə alınsın. - Verli aqrar islahat komissiyasının qərarında qeyd olunmuş uyğunsuzluqlarla əlaqədar lazımı düzəlişlər edilsin. - Edilmiş zəruri dəyişikliklərin kompüter mərkəzində yenidən işlənməsinə razılıq verilməsi Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan xahiş edilsin. - Qərarın icrası nəzarət rayon aqrar islahat komissiyasının sədr müavini H.Baxışova tapşırılsın. Həmçinin Quba rayon S.Vurğun adına Sovxozun ərazisindən torpaqdan pay almaq hüququ olan, lakin adı torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməyən vətəndaşların siyahısında İddiaçı adı qeyd edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqana müvafiq mütəxəssis rəyinin alınması ilə bağlı sorğu verilmiş və alınmış mütəxəssis rəyi ilə aşağıdakılar qeyd edilmişdir. - Quba rayonu S. Vurğun adına X9 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı iclas protokolu ilə Quba rayonu Barqov kənd ərazisində X1 Qarabağ əlili pay kimi ayrılmış 0,54 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları topoqrafik elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) başqa şəxslərə məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. - Mübahisəli torpaq sahəsi faktiki olaraq iddiaçı X2 tərəfindən əkin kimi istifadə olunur. - Həmin torpaq sahəsinin hüquqi statusuna görə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin növü torpaqlara aiddir. - Torpaq sahəsinin GPS koordinatları əsasında yerində sərhədlərin müəyyən edilməsi və ərazinin xəritə üzərində vizual şəkildə göstərilməsi mümkündür. Torpaq sahəsinin yerquruluşu planından və torpaq sahəsinin ölçü planında bu barədə məlumat verilmişdir. (Sxem tərtib edilib) - Torpaq sahəsi üzərində hər hansı hüquq və ya texniki məhdudiyyətlər, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və faktiki vəziyyətə görə mövcud deyildir. Kollegiya hesab edir ki, yuxarıda sadalanan sübutlar məcmu halda qiymətləndirildikdə, iddiaçının mübahisəli 0,54 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanuni əsaslarla yarandığı tam şəkildə təsdiq olunur. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən əsas götürülən arqumentlərdən biri kimi JN-112 və JN-117 saylı Dövlət aktlarının arxiv nüsxələrinin aşkar edilməməsi faktı özlüyündə iddiaçının mülkiyyət hüququnun mövcudluğunu inkar edən və ya həmin hüququ etibarsız sayan hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək yaranmış hüquqların tanınması üçün həmin hüququn mövcudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanlarının aktları və digər rəsmi sənədlər hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Bu baxımdan, aqrar islahat komissiyalarının qərarları və iclas protokolları hüquqi qüvvəyə malik sənədlərdir və dövlət arxivlərində saxlanılmaması və ya arxiv nüsxələrinin sonradan itirilməsi həmin sənədlərin hüquqi nəticələrini aradan qaldırmır. Kollegiya xüsusilə vurğulayır ki, Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı iclas protokolu həm yerli aqrar islahat komissiyası, həm də Quba rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli 1 saylı iclas protokolu ilə təsdiq edilmişdir. Bu hal həmin qərarın qanunauyğun şəkildə qəbul edildiyini və hüquqi qüvvəyə mindiyini açıq şəkildə göstərir. Sözügedən protokollarda İddiaçı Qarabağ müharibəsi əlili kimi əlavə 2-ci pay torpaq sahəsinin verilməsi barədə qərar mövcuddur ki, bu da torpaq üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil edir. Eyni zamanda məhkəmə tərəfindən Vəlvələ Bələdiyyəsinə müvafiq sorğu ünvanlaraq həmin bələdiyyə tərəfindən təsdiqlənmiş Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı iclas protokoluna əsasən iddiaçıya 2-ci pay olaraq ayrılmış 0,54 ha torpaq sahəsinin hansı əsaslarla müəyyənləşdirilməsi və hansı əsasla torpağın sahəsinin 0.54 ha olması (məhz niyə torpaq sahəsinin həmin həcmdə müəyyən edilməsi), eləcə də Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşlara ayrılmış adam başına düşən torpaq sahəsinin ölçüsü barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya Vəlvələ Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, respublikada torpaq islahatı aparılarkən "X5" Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşlara ayrılan pay torpaqlarının adambaşına düşən norması sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan şəxslərin sayından asılı olaraq müəyyən edilmişdir. Adambaşına düşən orta torpaq normasının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin torpaq payı almaq hüququ olan şəxslərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Quba rayon AİK-nın 2Sİ. 03.1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Bərqov kəndinin də daxil olduğu S.Vurğun adına sovxozun ərazisində vətəndaşlara ayrılan pay torpaq sahəsinin adambaşına düşən norması 0.54 ha müəyyən edilmişdir. Qeyd olunun qərara əsasən İddiaçı Quba AİK- nın 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolu ilə təsdiq edilmiş, Quba rayonu S.Vurğun adına sovxoz AİK-nın 26 noyabr 1999-cu il tarixli, 14 saylı iclas protokoluna əsasən Qarabağ müharibəsi əlili olaraq, hazırlanmış sənədlərdə nəzərə alınmamış 2-ci payı 0.54 torpaq sahəsi 88 №-li konturdan bölgüyə düşməyən sahədən verilməsi və 117 saylı Dövlət Aktına əlavə edilməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən əldə edilmiş X7 filialının təqdim etdiyi sənədlər, xüsusilə də 14 saylı iclas protokolunun tam mətni və ona əlavə edilmiş siyahılar iddiaçının adının torpaq payı almaq hüququ olan, lakin ilkin bölgüdə nəzərə alınmamış şəxslər siyahısında yer aldığını təsdiq edir. Bu isə bir daha sübut edir ki, iddiaçıya əlavə pay torpağın ayrılması subyektiv yanaşmanın deyil, torpaq islahatının həyata keçirilməsi zamanı meydana çıxmış uyğunsuzluqların aradan qaldırılmasına yönəlmiş qanuni və əsaslandırılmış qərarın icrası nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, iş materiallarında olan dövlət aktları ilə vətəndaşlara ayrılan pay torpaq sahəsinin adambaşına düşən norması 0.54 ha olması müəyyən edilir. Belə ki, kod 30310038, JN:100 nömrəli dövlət aktında ailə üzvünün sayı 7 olmaqla, 3,80 ha torpaq sahəsi ayrılmış, kod 30310038, JN:0075 nömrəli dövlət aktında ailə üzvünün sayı 6 olmaqla, 3,25 ha torpaq sahəsi ayrılmış, kod 30310038, JN:131 nömrəli dövlət aktında ailə üzvünün sayı 8 olmaqla, 4.31 ha torpaq sahəsi ayrılmışdır. Bu isə adam başına 0.54 ha torpaq sahəsinin ayrıldığını bir daha sübut edir. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıya məxsus mübahisəli 0,54 ha torpaq sahəsinin ayrılması ilə bağlı ayrıca və müstəqil qərarın mövcudluğu (məhz norma əsasında müəyyən edilən 0.54 ha) tam şəkildə təsdiq olunmasa belə, iş materiallarında mövcud olan və eyni inzibati-ərazi vahidi üzrə digər vətəndaşlara verilmiş dövlət aktlarının məzmunundan aydın olur ki, torpaq islahatı aparılan dövrdə S.Vurğun adına sovxoz üzrə pay torpaqları adambaşına düşən 0,54 ha norma əsasında müəyyən edilmiş, bu normaya uyğun olaraq ailə üzvlərinin sayından asılı şəkildə müxtəlif həcmdə torpaq sahələri ayrılmışdır və həmin faktiki və hüquqi vəziyyət iddiaçıya Qarabağ müharibəsi əlili kimi əlavə pay qismində məhz 0,54 ha torpaq sahəsinin verilməsinin qanunauyğun və əsaslandırılmış olduğunu göstərir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən aydın şəkildə görünür ki, mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları topoqrafik elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) hər hansı digər şəxsə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Bu hal əksinə, torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən edildiyini, mübahisəli vəziyyətin və digər şəxslərin hüquqları ilə ziddiyyət təşkil etmədiyini göstərir və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi maneənin olmadığını təsdiqləyir. Eyni zamanda, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin faktiki olaraq uzun müddətdir iddiaçı tərəfindən kənd təsərrüfatı məqsədilə istifadə edildiyi, torpaq üzərində hər hansı hüquqi və ya texniki məhdudiyyətin mövcud olmadığı, eləcə də torpaq sahəsinin GPS koordinatları əsasında yerində müəyyən edilməsinin və xəritə üzərində vizual göstərilməsinin mümkün olduğu açıq şəkildə qeyd edilmişdir. Bu hallar iddiaçının torpaq sahəsi üzərində faktiki sahibliyinin və istifadə hüququnun mövcudluğunu təsdiq edən mühüm sübutlar kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən yalnız formal əsaslara istinad edilərək, mövcud hüquqmüəyyənedici sənədlərin mahiyyəti üzrə araşdırılmaması və iddiaçının uzunmüddətli faktiki istifadəsinin nəzərə alınmaması “İnzibati icraat haqqında” Qanunun 11-ci, 15-ci, 17-ci və 19-cu maddələrində təsbit edilmiş qanunçuluq, mütənasiblik, etimadın qorunması və sübutların mötəbərliyi prinsiplərinə ziddir. İnzibati orqan şəxsin hüquqlarına müdaxilə edərkən yalnız formal çatışmazlıqlara deyil, hüququn mahiyyətinə və məqsədinə üstünlük verməli idi. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, cavabdehin imtinasında və etirazında göstərdiyi halların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə, Quba rayonu S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı protokoluna (qərarına) əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı Quba rayonu, Bərqov kəndi ərazisində yerləşən 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni əsaslarla yaranmış, bu hüquq dövlət tərəfindən tanınmalı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh inzibati orqanın bu hüququn qeydiyyatından imtinası hüquqi əsaslardan məhrum olmaqla yanaşı, iddiaçının mülkiyyət hüququnun əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolu ilə Quba rayonu, Bərqov kənd ərazisindən İddiaçı Qarabağ əlili kimi əlavə pay kimi ayrılmış 0,54 ha kənd təsrrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)-1016/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Quba rayon S.Vurğun adına X8 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı İclas protokolu ilə Quba rayonu, Bərqov kənd ərazisindən İddiaçı Qarabağ əlili kimi əlavə pay kimi ayrılmış 0,54 ha kənd təsrrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.