Məhkəmə qərarları › İş №2-1(105)-628/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-628/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-628/2022 06.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X24 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən 0,11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1209/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə X10 arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqaviləyə əsasən X6 Novxanı bağ massivi, 143A ünvanında yerləşən 0,11 ha dan ibarət olan bağ torpaq sahəsi üzərində icarə hüququ verilmişdir.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat İstismar birliyi tərəfindən verilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”ndan görünür ki, 13661 saylı müqavilə əsasında icarəyə verilmiş bağ təsərrüfatına dair iddiaçının adına texniki pasport tərtib edilmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirşlə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin arxiv məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X3 verilmiş 0.225 ha torpaq sahəsinin bir hissəsidir, lakin arxiv qovluğunda həmin torpaq sahəsinin bir hissəsinin İddiaçı verilməsi ilə bağlı hər-hansı əlaqələndirici sənəd aşkar olunmamışdır. Buna görə də tərəflərindən təqdim olunmuş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi qeyd olunan xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli, 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə əlaqədar müraciətin icrası təmin edilə bilmir. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağ Təsərrüfatı İdarəsi ilə onun arasında bağlanmış 12 iyul 2004-cü il tarixli 13661 saylı müqavilə ilə qanuni istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın alınması barədə 18 dekabr 2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədi - 12 iyul 2004-cü il tarixli 13661 saylı müqaviləni əlavə etmişdir. Lakin Cavabdeh torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 38 gündən sonra, yəni 19 yanvar 2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə 12 iyul 2004-cü il tarixli 13661 saylı müqavilənin arxiv məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, istifadəsində olan bağ sahəsi bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 2305 nömrəli xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X7 verilmiş 0.225 ha torpaq sahəsinin bir hissəsidir, lakin arxiv qovluğunda həmin torpaq sahəsinin bir hissəsinin ona verilməsi ilə bağlı hər hansı əlaqələndirici sənəd aşkar olunmamışdır. Bildirişdə həmçinin qeyd etmişlər ki, tərəfindən təqdim olunmuş xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi qeyd olunan xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğunun cavabı olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 saylı ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Cavabdehin imtinası əsassızdır. Torpaq sahəsi yuxarıda qeyd edilən icarə müqaviləsi əsasında həmin müqavilədə qeyd olunan tarixdən onun istifadəsindədir və bu istifadə qanuni əsaslara söykənir.

7. Cavabdeh iddiaya qarşı yazılı etirazında imtinanın dəlillərinə istinad etməklə göstərmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı arxiv məlumatları yenidən araşdırılmış və müəyyən olunmuşdur ki, “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X3 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı - X11 verilməsi ilə bağlı oğlu - X12 tərəfindən və digər yarı hissəsinin isə oğlu- X9 verilməsi ilə bağlı arvadı-X13 tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər hansı müqavilə bağlanmamış və icarədarın gəlini X14 tərəfindən torpaq sahəsinin bir hissəsinin X5 adına keçirilməsinə razılığı barədə xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verilmişdir. Digər tərəfdən X5 adına verilmiş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokol qeyd olunmuşdur. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə əlaqədar müraciətin icrası təmin edilə bilməmişdir. Etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 11-ci maddəsinə istinad edilməklə göstərilir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

8. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1209/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün qanunda nəzərdə tutulam hallardan heç biri müəyyən olunmamışdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbində etdiyi dəqiqləşmə ərizəsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

22. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən 0,11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın verilməsi və plan ölçünün verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasına nail olmaqdan ibarətdir.

23. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

24. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinada və etirazda torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsası kimi göstərilən hallar (qərarın 4 və 7-ci bəndləri) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən edən 15-ci maddədə nəzərdə tutulan hər hansı bir əsasa söykənmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

25. Belə ki, bu qərarın 14-cü bəndində istinad edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.7-ci maddəsinə əsasən iddiaçının adına olan və məhkəmə araşdırması zamanı arxiv nüsxəsi də müəyyən edilən Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilə həmin müqavilədə göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeyd alınması üçün əsas qismində çıxış edir.

26. Cavabdehin etirazının və apellyasiya şikayətinin oxşar dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına olan müvafiq torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal müəyyən edilməmişdir. Əksinə, birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş arxiv sənədlərindən görünür ki, X14 və X12 tərəfindən verilmiş ərizələrdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Karvan yolu küçəsi 143 a saylı bağın X1 etiraz edilməmişdir.

27. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 435 saylı sərəncamından görünür ki, bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi qərara alınmışdır ki, iddiaçının adlna da müvafiq bağ sahəsinə dair icarə müaviləsi məhz həmin Əsasnamənin şərtlərinə uyğun olaraq bağlanılmışdır.

28. Qeyd edilən hallara istinad edən birinci instaniya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair digər şəxslərin adına hər hansı bir sənədin, müqavilənin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, etirazda istinad olunan ərizələr isə həmin bağ torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyini təsdiq etmir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından iddiaçının adına olan Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli, 13661 nömrəli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı olmamışdır.

30. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının adına qeyd alınmalı olan torpaq sahəsinin ölçüsünü düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin ölçüsünü müqaviləyə istinadən 0,11 ha qeyd etmiş, lakin həmin torpaq sahəsinin müayinəsinə dair məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.11 ha olsa da, faktiki 0,1046 ha olduğu qeyd edilmişdir.

31. Qeyd edilən halla bağlı, kollegiya tərəfindən iddaçıya yardım edilmiş və iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək müayinə aktında göstərilən ölçü ilə razı olduğunu bildirmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən, 0,1046 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən, 0,1046 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1209/2022 nömrəli qərarı dəyişdirilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanında yerləşən 0,1046 ha torpaq sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar