Məhkəmə qərarları › İş №2-1(105)-628/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-628/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-628/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021ci il tarixli **********152242 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)-889/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli, **********152242 nömrəli qərarının ləğv edilməsi”ni xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı QSC-də səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı vergi orqanı guya vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyasının hesablanması, bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsinin tikinti işlərində istifadə olunmasa da, anbardan silindiyi məlum edildiyinə istinad etmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67,15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edilmiş və yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəydə müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal-material tutumu və əmək tutumu müəyyən olunduğu, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər məlumatına əsasən müəyyən olunmuşdur ki, “SAPPHİRE CO" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da, anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190.77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən mütəxəssisin görülən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 1293304,64 manat dəyərində olan malı 10% miqdarında, yəni 129330.46 manat maliyyə sanksiyası hesablanmışdır. Aparılan yoxlamanın mötəbərliliyi şübhə doğurduğundan iddiaçı tərəfindən "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə müraciət etmiş və aralarında bağlanmış müqaviləyə əsasən mütəxəssislər tərəfindən aparılmış işlərdə işçiliyin və mal-material xərcinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, “SAPPHİRE CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş 19849201,00 manatlıq tikinti-quraşdırma işlərin tərkibində sərf olunmuş materialların ümumi dəyəri 12368375,62 manat, əmək haqqı isə 5653408,27 manat təşkil edir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası "X3"nin xx.xx.2021-ci il tarixli 571 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" QSC xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcminin ayrı-ayrılıqda müəyyən edilməsi üçün "X3”nə müraciət etmişdir. Müraciət əsasında İddiaçı QSC tərəfindən inşa edilmiş 2 otaqlı 8 və 9 ballıq, 3 otaqlı 8 və 9 ballıq fərdi yaşayış evləri üzrə tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsi olaraq “Sapphire CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcmi ayrı-ayrılıqda müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan hər iki rəy eynilik təşkil etdiyindən iddiaçı xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını tam əsassız və qanunsuz hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı müəssisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisinin, mənfəət vergisinin, hesabatda göstərilən məbləğin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmiş və Vergi Məcəlləsinin 175.1, 175.6, 159.1, 58.8.3, 108-ci və 58.6-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən alınmış malların çeşidlərinin, həcminin yerinə yetirilmiş tikinti işlərinin həcmi və sərfiyyatına dair uyğun olub-olmamasını, həmçinin görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır ki, bu məqsədlə vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmişdir. İddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normanın tələblərinin pozulması, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095.47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa mütəxəssisin çeşidlər üzrə məlumatına əsasən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmadığı halda anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190,77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa, bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il üzrə mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində 3553398.52 (4681844,4-1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412,5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-686/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı QSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-283/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-686/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)- 889/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021ci il tarixli **********152242 nömrəli qərarın qismən ləğv edilməsi, iddiaçıdan ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 75 (yetmiş beş) manat məbləğində, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 75 (yetmiş beş) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maliyyə sanksiyaları bu qərar çıxarıldıqdan sonra mənfəətə və ƏDV münasibətdə yenidən hesablanmalıdır. Digər hissədə maliyyə sanksiyalarını cavabdeh orqan əsaslandıra bilməmiş, eləcə də qərarında əsaslandırmamışdır. Cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssis vergi müfəttişləri tərəfindən təqdim olunan müqavilələr və Forma-2 Aktları əsasında rəy verib, anbarlara, həmçinin tikinti aparılan sahələrə baxış keçirməyib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, mütəxəssis rəyinin verilməsinə əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir. Belə ki, mütəxəssis öz rəyində 2 və 3 otaqlı evlərin tikintisinə istifadə olunan tikinti materialların sırasında yalnız 18 adda tikinti materialını sadalamışdır ki, bu hal əlavə araşdırma aparılmadan ağlabatan hesab edilə bilməz. Bundan başqa rəyi vergi orqanı tərəfindən əsas kimi götürülmüş mütəxəssis tikilən evlərə (binalara) yerində baxış keçirməmiş, hətta şəhər və rayonların adlarını belə sadalamadan “müxtəlif şəhərlərdə və rayonlarda” yazmaqla kifayətlənmişdir. Bundan başqa mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərlə müvafiq hesablanması göstərilməmişdir. Vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. İş üzrə birinci məhkəmə baxışı zamanı (sədrlik edən hakim V.Əzizova) təyin edilmiş məhkəmə-texniki-tikinti və məhkəmə-mühasibatlıq ekspertizasının vəsatətlərinə əsasən vergi ödəyicisindən əlavə sənədlər tələb edilərək 17 qovluq şəklində ekspertizaya təqdim edilmişdir. Nəticədə təqdim olunmuş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmış və vergi orqanı tərəfindən iddiaçıya hesablanan ƏDV-nin və mənfəət vergisinini düzgün hesablanmadığını müəyyən etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağı barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********157500 AVİS nömrəli məktubla müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi X1 2 saylı Ərazi Vergilər Baş İdarəsinə gəlməsi təmin edilmişdir. Vergi ödəyicisi ilə müzakirənin nəticəsi xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktına baxılması haqqında protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********144699 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirmişlər ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarı qismən ləğv edilməli, ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməli, iddia digər hissələrdə təmin edilməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, maliyyə sanksiyaları bu qərar çıxarıldıqdan sonra mənfəətə və ƏDV münasibətdə yenidən hesablanmalıdır. Digər hissədə maliyyə sanksiyalarını cavabdeh orqan əsaslandıra bilməmiş, eləcə də qərarında əsaslandırmamışdır. Həmçinin, qərarda qeyd olunur ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis vergi müfəttişləri tərəfindən təqdim olunan müqavilələr və Forma-2 aktları əsasında rəy verib, vergi orqanı isə həmin mütəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablanmışdır. Həmçinin, mütəxəssis rəyinin verilməsində əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə texniki-tikinti və məhkəmə mühasibatlıq ekspertizasının vəsatətlərinə əsasən vergi ödəyicisindən əlavə sənədlər tələb edilərək 17 qovluq şəklində ekspertizaya təqdim edilmiş, nəticədə təqdim edilmiş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmış və vergi orqanı tərəfindən iddiaçıya hesablanan ƏDV-nin və mənfəət vergisinin düzgün hesablanmadığını müəyyən etmişdir. Bununla bağlı bildiril mişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində göstərilən malmaterial tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi mal-material dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi məcəlləsinin 108 maddəsinə əsasən 2020-ci mənfəət vergisi bəyannaməsində 3553398,52 (4681844,4 - 1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 710679,7 manat azaldılmasına görə 50% məbləğində, 355339,85 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin qərarında “06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarı qismən ləğv edilməli, ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməli, iddia digər hissələrdə təmin edilməlidir” qeyd etmişdir, ancaq digər hissələrdə iddia tələbini təmin etsə də, münasibət bildirməmişdir. Bununla bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493,81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412,5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3 maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. Yuxarıda qeyd olunduğu kimi məhkəmə tərəfindən qeyd olunan hissələrdə iddia təmin edilsə da, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, qərarda münasibət bildirilməmişdir. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2536-9/2856 nömrəli rəyində də qeyd olunan hissələrə münasibət bildirilməmiş, ekspert qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmiş, rəy verilməsi ilə bağlı işin faktiki hallarını tam və obyektiv araşdırmamış və nəticədə işin faktiki hallarına uyğun olmayan rəy verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanun: Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021ci il tarixli **********152242 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi: Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********144630 nömrəli qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmiş, başqa sözlə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanının qəbul etdiyi qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla müvafiq əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********144630 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Nəhayət, hazırkı işin xüsusi halına münasibətdə onu qeyd etmək lazımdır ki, iş materiallarına əlavə olunmuş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211558710 nömrəli çıxarış sənədinin “növbədənkənar yoxlamanın təyin edilməsi üçün əsas” bölməsindən də müəyyən edilir ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarda olduğu kimi bu sənəddə də yoxlamanın keçirilməsinin zəruriliyini əsaslandırılmamış, yalnız VM-nin 38.3.5-ci maddəsinə istinadən əsas kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi göstərilmişdir. Kollegiya, eyni zamanda, qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-2258/2023 nömrəli qərarında da növbədənkənar səyyar vergi yoxlamasının əsaslandırılmalı olmasına dair məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da qanunsuz olmuşdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə vergi orqanının 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən qanuni sayılmış və iddiaçı bu qərarla razılaşaraq, apellyasiya şikayəti verməmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbul edilməsinə əsas olmuş mütəxəssis rəyinin qiymətləndirilməsi: Mübahisələndirilən qərarla vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış ƏDV-nin eləcə də, mənfəət vergisinin hesablanmasına əsas səbəb vergi orqanı tərəfindən alınmış “Azərekspertiza” birliyinin 23 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyi olmuşdur. İş materiallarına əlavə edilmiş həmin mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı Forma-2 aktları, təhvil-təslim aktları və bağlanmış müqavilələr təqdim edilmiş, mütəxəssis qarşısında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif təmir-tikinti işlərinə görə görülmüş işlərdə əmək tutumunun və istifadə olunan mal-materialların real dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. “Azərekspertiza” birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə istifadə olunan mal-materialın ümumi dəyərini və görülmüş işlərdə əmək tutumunu müəyyənləşdirmiş və tərtib edilmiş mütəxəssis rəyi əsasında cavabdeh iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan malmaterialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə, tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin qeyd etmək lazımdır ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin həyata keçirdiyi tədqiqat metodu iddiaçının gördüyü işlər üzrə əmək tutumunun hesablanması üçün əsas ola bilməz. Belə ki, mütəxəssis rəyi ilə görülmüş işlərə cəlb edilmiş muzdlu işçilərin sayını və tərkibini (fəhlə, usta, sürücü və s. olmasını) və hansı işçinin hansı işləri hansı həcmdə gördüyünü və gördüyü işlərə görə hansı həcmdə vəsait (əmək haqqı) aldıqlarını müəyyən etmək yolverilməzdir. Nəzərə alınmalıdır ki, işlərin görülməsi üçün xidmət haqqının (əmək haqqının) yuxarı və aşağı hədd müəyyən edilməmiş və hər bir işçinin vəzifəsinə görə əmək haqqı fərqlidir. Eyni zamanda eyni növ işlərin vəzifəsi eyni olan ayrı-ayrı şəxslər tərəfindən də fərqli qiymətlərə görülməsi mümkündür. Onu da qeyd etmək lazımdır ki, əmək tutumunun hesablanması ilə bağlı “əsaslı şübhədən kənar” sübutları əldə etmək üçün vergi orqanı ən azından operativ vergi nəzarəti tədbiri həyata keçirməklə tikinti işləri gedən zaman orada faktiki işləyən işçilərin sayını və aldıqları əmək haqqının həcmini müəyyən edə bilərdi. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sözügedən mütəxəssis rəyi əsasında vergi orqanı iddiaçı barəsində əlavə vergi məbləğləri hesablayarkən haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 20 oktyabr 2022-ci il tarixli, 10/2536-9/2856 nömrəli ekspert rəyi ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV-nin məbləği 32494,1 manat, mənfəət vergisinin məbləği isə 110403,45 manat olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyini əsas götürərək, mübahisələndirilən qərarla əhatə olunanan həmin məbləğlərin və həmin məbləğlərə uyğun hesablanmış maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşdığına, həmin qərardan apellyasiya şikayəti vermədiyinə görə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, mübahisələndirilən inzibati akt hissəvi olaraq, həmin inzibati aktla əhatə olunan 32494,1 manat ƏDV, 110403,45 manat mənfəət vergisi və həmin məbləğlərə müvafiq hesablanmış maliyyə sanksiyaları hissəsi istisna olmaqla qalan hissədə ləğv olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlverişsiz inzibati aktın ləğvinə yönəlmişdir. Birinci instansiya məhkəməsi mahiyyət etibari ilə mübahisələndirilən inzibati aktı qismən ləğv etsə də, qərarın nəticə hissəsində ifadə tərzini düzgün seçməmiş, yekunda qərarın nəticə hissəsi sanki məhkəmə tərəfindən yeni bir inzibati akt qəbul edilməsi kimi ifadə olunmuşdur. Halbuki, konkret iş üzrə mübahisələndirilən vergi öhdəliyi ilə bağlı məsuliyyətinə cəlb etmə qərarı qismən ləğv ediləndə, həmin iş üzrə hesablanmış vergi məbləğləri ilə əhatə olunan hissəvi məbləğlər istisna olmaqla, inzibati akt digər hissələrdə ləğv edilməlidir. İfadə tərzi isə hər bir halda mübahisələndirilən inzibati aktın ləğvinə yönəlməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilərək cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli qərarı qismən, həmin qərarla əhatə olunan 32494,1 manat, ƏDV, 110403,45 manat mənfəət vergisi və həmin məbləğlərə müvafiq hesablanmış maliyyə sanksiyaları hissəsi istisna olmaqla qalan hissədə ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(118)-889/2024 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli qərarı qismən, həmin qərarla əhatə olunan 32494,1 manat, ƏDV, 110403,45 manat mənfəət vergisi və həmin məbləğlərə müvafiq hesablanmış maliyyə sanksiyaları hissəsi istisna olmaqla qalan hissədə ləğv olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar