Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-63/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və X10 Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamədə qeyd olunmuş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-1644/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edib Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mərhum həyat yoldaşı X7 məxsus 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və X10 Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamədə qeyd olunmuş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 iddiaçının həyat yoldaşıdır. Həyat yoldaşı 07 iyun 2022-ci ildə vəfat etmişdir. Bunu mərhunun adına verilmiş AZ-İİ M2841 65 saylı “ölüm haqqında şəhadətnamə” təsdiq edir. Mərhum həyat yoldaşına Abşeron rayonu 2 nömrəli DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə- 9-1085 nömrəli “Alqı-satqı” müqaviləsi ilə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində 0,05 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mərhum həyat yoldaşına məxsus olmasını JN-635A, Kod: 30800036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə təsdiq edir. Mərhum həyat yoldaşının vəfatından sonra o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mərhum həyat yoldaşına məxsus 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 635A saylı şəhadətnamənin başqa şəxsin adına tərtib edildiyi, bundan başqa sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-635A nömrəli KOD-30800036 seriyalı “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu 2 nömrəli DNK-nın 20 sentyabr 2005-ci il tarixli, 4Ə-9-1085 nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 Abşeron rayonu Hökməli qəsəbəsində 0,05 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayonu 2 saylı dövlət notariat ofisində qeydə alınmış xx.xx.2005-ci il tarixli, 4ə-9-1085 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahəsinin 0.05 ha hissəsi X9 tərəfindən X1. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 iyun 2022-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-1644/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən, JN-635A nömrəli KOD-30800036 seriyalı “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə ilə 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisə predmeti olan torpaq sahəsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mövcudluğu Dövlət Notariat Arxivi tərəfindən verilmiş 3-16-5/6-11-10430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Arxiv idarəsində öz təsdiqini tapmış və eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən rəsmiləşdirilərək buna dair JN-635A nömrəli KOD-30800036 seriyalı “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə də tərtib edilmişdir.Belə ki, həmin məlumatlarda torpaq sahəsi qeydə alınmış və iddiaçının mərhum ərindən başqa heç bir şəxsin adı qeyd edilməmişdir. Belə olan halda cavabdeh təşkilat mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verməlidir. Həmçinin, cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 KVT) mühafizə zolağında yerləşdiyinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi növbəti arqumentdə öz əhəmiyyətini itirmiş olur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Təkrar araşdırma zamanı iddiaçının faktiki istifadəsində 0.0303 ha torpaq sahəsinin olduğu, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-1644/2024 saylı qərarının isə 0.05 ha torpaq sahəsinə dair verildiyi aşkar edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi verilən suallara cavab olaraq qeyd etmişdir ki, X8 adına olan JN-635A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahəsinin mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur, həmin torpaq sahəsi tamamilə başqa yerdə yerləşir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; .... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edib Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mərhum həyat yoldaşı X7 məxsus 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və X10 Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamədə qeyd olunmuş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mərhum həyat yoldaşına məxsus 0,10 ha torpaq sahəsinin satılmış hissəsi istisna olmaqla geridə qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmışdır. Həmçinin iş materiallarından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 saylı qərarı əsasında X7 Abşeron rayonu Hökməli qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsinə dair DTXK tərəfindən JN-027A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayonu 2 saylı dövlət notariat ofisində qeydə alınmış xx.xx.2005-ci il tarixli, 4ə-9-1085 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahəsinin 0.05 ha hissəsi X9 tərəfindən X1. Göründüyü kimi mərhum X6 Abşeron rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 saylı qərarı əsasında mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmiş və o həmin torpaq sahəsinin 0.05 ha hissəsini satmışdır. Yerdə qalan 0.05 ha hissəyə X6 adına DTXK tərəfindən JN-635A saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamə hazırlansada, lazımı qaydada təsdiq edilməmiş, müvafiq elektron sistemə yerləşdirilməmişdir. İddiaçı mərhum ərinə ayrılmış 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan hüquqların qeydə alınmasından imtina edərkən ilk növbədə arxiv məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamənin başqa şəxsin adına tərtib edilməsi dəlilinə istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin dəlilin araşdırılması məqsədilə müvafiq sorğular ünvanlanmışdır. Nəticədə alqı-satqı prosesindən sonra X7 məxsus 0,05 ha torpaq sahəsinin rəsmiləşdirilməsinin düzgün həyata keçirilmədiyi müəyyən olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 28 dekabr 2024-cü il tarixli, 3-21-3-02/2-15503/2024 nömrəli məktubundan görünür ki, 20 sentyabr 2005-ci il tarixli, 4Ə-9-1085 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında JN-027A nömrəli “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamə ilə X9 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsini X4 adına özgəninkiləşdirmişdir, lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş DBF elektron baza məlumatlarında yerdə qalan 0,05 ha hissəyə dair X6 adına şəhadətnamənin hazırlanmasına dair müvafiq qeyd aparılmamışdır. Əlavə olaraq bildirilir ki, JN-635A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X8 adına olduğu müəyyən edilmişdir. Göründüyü kimi alqı-satqıdan sonra yerdə qalan 0,05 ha hissəyə dair X6 adına şəhadətnamənin hazırlanmasına dair müvafiq qeyd aparılmamış, cavabdeh inzibati orqan tərəfindən yalnışlığa yol verilmişdir. Əlavə olaraq JN-635A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X8 adına olması ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin şəxsin adına olan torpaq sahəsinin iddia tələbinin əsasını təşkil edən mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur. Belə ki, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatda qeyd olunan dəlili təsdiqləmişdir. Məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq JN-027A, KOD30800036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən alqı-satqı edilmiş 0,05 ha torpaq sahəsi istisna olmaqla geridə qalan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi də zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X6 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamənin arxiv əsaslarının aşkar edilmədiyi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair JN-635A saylı şəhadətnamənin tərtib edildiyi; 2) Torpaq sahəsinin bir hissəsinin isə 10 kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi; 3) İddiaçının faktiki istifadəsində 0,0303 ha torpaq sahəsinin olduğu, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-1644/2024 saylı qərarının isə 0.05 ha torpaq sahəsinə dair verildiyi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci dəlili ilə bağlı yuxarıda qeyd olunan halları əsas götürməklə həmin dəlili əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi torpaq sahəsinə dair texniki sənədlərin tərtib edilməsi zamanı yol verilən yalnışlıq şəxsin mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Bu səbəbdən də texniki sənədin yalnış tərtib edilməsi iddiaçının mərhum həyat yoldaşı və ya onun vərəsələrinin məsuliyyət sferasına daxil deyil. Həmçinin JN-635A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin başqa şəxsin adına tərtib edilməsi ilə bağlı isə yuxarıda qeyd olunduğu kimi araşdırılma aparılmışdır. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatda bildirmişdir ki, X8 adına olan JN-635A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahəsinin mübahisəli torpaq sahəsinə aidiyyatı yoxdur, həmin torpaq sahəsi tamamilə başqa yerdə yerləşir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdeh inzibati orqanın 1-ci dəlilini əsassız hesab edir. Torpaq sahəsinin bir hissəsinin 10 kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı 2-ci dəlilə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının mərhum ərinə məxsus torpaq sahəsinin ilkin qeydiyyatının aparılması yox, dövlət tərəfindən tanınan hüquq ilə bağlı müvafiq arayışın verilməsi istənir ki, bu halda elektrik xəttinin mühafizə zolağında yerləşməsi imtina əsası ola bilməz. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinin məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bununla da cavabdeh inzibati orqanın 2-ci dəlili əsassız hesab olunur. Cavabdeh inzibati orqanın sonuncu dəlili isə iddiaçının faktiki istifadəsində 0,0303 ha torpaq sahəsinin olması, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2- 1(118)-1644/2024 saylı qərarının isə 0.05 ha torpaq sahəsinə dair verilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyasının iclasında iddiaçı mübahisəli torpaq sahəsinin 0,02 ha hissəsinin qeyri-rəsmi qaydada satıldığını bildirmişdir. Qeyd olunan dəlilin araşdırılması məqsədilə kollegiya tərəfindən mübahisəli torpaq sahəsinin yerində müayinə edilərək müayinə aktı və müvafiq sənədlərin təqdim edilməsi üçün cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-21-3-32/2- 17202/2024 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,0666 ha olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0666 ha olsa da, müvafiq arayışın verilməsi üçün iddiaçı tərəfindən 0,05 ha torpaq sahəsi ilə bağlı müraciət edilmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə hər hansı yalnışlığa yol verilməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, JN-027A, KOD30800036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən alqı-satqı edilmiş 0,05 ha torpaq sahəsi istisna olmaqla geridə qalan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-1644/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN-027A, KOD30800036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən alqı-satqı edilmiş 0,05 ha torpaq sahəsi istisna olmaqla geridə qalan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.