Məhkəmə qərarları › İş №2-1(105)-630/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-630/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-630/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Alayının (X2 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: təqaüdün müvafiq vəzifə maaşı əsasında yenidən hesablanması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Alayının (X2 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)- 890/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Alayının (X2 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə qərarlarının izahı ilə ona DİN-nə müraciət etməsi tövsiyyə olunmuş, sonradan xidmət etdiyi Daxili İşlər Nazirliyinə müraciət edərək xidmət illərinə görə təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Alayının (X2 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsini xahiş etsə də, cavabdeh inzibati orqan tərəfindən 26.08.2020-ci il tarixli məktubla imtina cavabı verilərək göstərilmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində işləyərkən daxili işlər orqanlarından öz xahişinə əsasən işdən xaric olunduğundan AR DİN-in şəxsi heyət üzrə 05.06.1995-ci il tarixli müvafiq əmri ilə Müvəqqəti Təlimatın 4-cü maddəsinin “E” bəndinə əsasən (şəxsi xahişinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, sonuncu vəzifəsi Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru olduğundan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununa uyğun olaraq ona pensiya bu vəzifəyə uyğun olaraq təyin edilmişdir. Buna görə də xahişinin müsbət həlli mümkün deyil. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur ona görə ki, əvvəla o, 1995-ci ilin mart və aprel ayında olmaqla öz xahişi ilə DİO-dan işdən azad olunması barədə 2 raport yazmış və həmin raportları da yazanda onun tutduğu vəzifə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru yox, Bakı şəhəri Baş polis İdarəsinin Post Patrul Xidməti Alayının komandir müavini olmuşdur. O, ümumiyyətlə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində heç vaxt çalışmamış və həmin vəzifədə raport yazmamışdır. Belə olan halda onun çalışmadığı vəzifədən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi və həmin vəzifəyə uyğun olaraq ona pensiya təyin edilməsi qeyri-mümkündür. Məhz buna görə də o, inzibati orqana 11.09.2020-ci il tarixində yenidən müraciət edərək, qeyd olunan xüsusatların aydınlaşdırılmasını, işdən azad olunması barədə raportların və AR DİN-in şəxsi heyət üzrə 05.06.1995-ci il tarixli əmrinin surətini ona təqdim edilməsini xahiş etmiş, lakin hazıradək müraciətinə cavab ala bilməmişdir. Cavabdehin etirazları:

3. İddiaya qarşı cavabdehin etirazı məhkəməyə təqdim edilməklə qeyd edilmişdir Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı iddia tələbinə dair Sumqayıt İnzibati Məhkəməsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş məhkəmə sənədlərinə baxılaraq müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «öz xahişinə görə» 05.06.1995-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 21 il, 6 ay, 11 gün, imtiyazlı xidmət müddəti 28 il, 29 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 28 il güzəştli xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən hazırda İddiaçı ödənilən pensiya təminatı: vəzifə maaşı - 458 manat, rütbə maaşı -154 manat, xidmət illərinə görə əlavə 30 faiz - 183,60 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 160,30 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat nəzərə alınmaqla cəmi 1019,90 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 735,36 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-890/2021 saylı qərarı (hakim İ. R.Quliyev) ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-890/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iş stajı 19.6 il, 44 yaşın içində olarkən 1995-ci ildə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəis müavini işləyərkən DİN-nə rəsmi raport yazaraq pensiyaya buraxılmağını xahiş etmiş, onu işdən buraxmadıqlarından bir ay işləmiş və yenidən raport yazaraq bir daha işə çıxmamışdır. Hansı vəzifədən pensiyaya çıxmasını birinci raportunda göstərdiyindən bunu ikinci raportunda göstərməmiş və bundan istifadə edilməklə onu Suraxanı RPŞ-nin 31-ci bölməsinə növbətçi hissəyə baş inspektor vəzifəsinə keçirmişlər. Bütün bunlar iş materiallarında var və məhkəmə bu sübutları nəzərə almalıdır. Ona qarşı edilən qanunsuz hərəkətlər nəticəsində yaddaşı, məntiqi, görmə qabiliyyəti zəifləmiş, bu səbəbdən hüquqlarının pozulmasından vaxtında xəbər tutmamış, yalnız dörd il öncə bunu bilib təqaüdünün bərpası üçün məhkəmələrə müraciət etmişdir. Daxili qaydalara görə qüsürsuz xidmət edən əməkdaşı təqaüdünə bir ay qalmış bir pillə yuxarı vəzifəyə təyin edilməklə pensiya təyin edilir. DİN-nin müvəqqəti təlimatı sonuncu vəzifədən pensiya təyinatını bununla izah olunur. Məhkəmə bu halda da pensiya təyinatının fəlsəfəsini düzgün tövsif etməyərək DİN-nin qanunsuz əməlinə bəraət qazandırmışdır. Həmçinin DİN-i ödəmə vərəqəsini tərtib edərkən fövqəlada vəziyyət elan edilməsi haqda SSRİ Nazirlər Kabinetinin 05.09.1989-cu il tarixli 795-173 saylı qərarının tələblərini nəzərə almayaraq 2 il 10 ay 20 gün müddətin onun iş stajına əlavə edilmədiyindən 31 il iş stajı əvəzinə ona 28 il hesablanmış, beləliklə də məhkəmə tərəfindən İPM-nin 2.2.2 və 33.1-ci maddəsinin tələbləri pozulmuşdur.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)- 890/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında vurğuladı ki, İddiaçı Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə öz xahişinə görə 05.06.1995ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Apelyasiya şikayətində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, belə ki, məhkəməyə təqdim edilmiş əmrlərdən də görünür ki, iddiaçı xidmətdə buraxdığı ciddi nöqsanlara görə 25-ci polic bölməsinin rəis müavini vəzifəsindən azad ediləndən bir müddət sonra 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsinə təyin edilmiş, sonradan özünün raportuna əsasən təqaüdə göndərilmişdir. Hesab edirlər ki, cavabdeh orqan olaraq iddiaçının pensiya hüququna dair hər hansı bir pozuntuya yol verilməmiş ona görə də apelyasiya şikayətinin təmin edilmədən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

27. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2001-ci il tarixli 168-llQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Maddə 148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər. Maddə 150. Xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Maddə 152. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.

28. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlar üçün daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir.

29. Hərbi qulluqçuların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunu Maddə 16. Xidmət illərinin hesablanması Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Maddə 40. Pensiyanın hesablanması üçün təminat xərcliyi Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hazırki qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki: - Azərbaycan Respublikası DİN-nin 12 aprel 1995-ci il tarixli 112 saylı əmrindən göründüyü kimi, dövlət çevrilişinə sui-qəsd zamanı xidməti vəzifələrinin icrasına vicdanla yanaşmadıqları, hadisələrə qeyri dəqiq münasibət bəslədiklərinə və ikitərəfli mövqe tutduqlarına görə 24-cü PB-nin rəis müavini və 25-ci PB-nin rəis müavini polis podpolkovniki İddiaçı tutduğu vəzifələrindən azad edilmişlər(i.v.143). - Azərbaycan Respublikası DİN-nin 06 may 1995-ci il tarixli 273 saylı əmrinə əsasən polis podpolkovniki Abbasov X1 RPİ-nin 31-ci PB-nin növbətçi baş inspektoru vəzifəsinə təyin edilmişdir(i.v.144). - İşdə olan 18.05.1995-ci il tarixli rapotdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının DİN-nə müraciət edərək öz xahişi ilə DİO-dan təqaüdə göndərilməsini xahiş etmişdir(i.v.28). - İşdə olan, İddiaçı daxili işlər orqanlarında xidmət dövrü barədə 23.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 09.12.1975-ci ildən DİO-da xidmətə başlamış və 05.06.1995-ci ildə “Daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi barədə Müvəqqəti Təlimatın” 4-cü maddəsinin “E” bəndinə (öz xahişi ilə) əsasən daxili işlər orqanlarından xaric edilmişdir(i.v.27).

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edərkən hazırki qərarın 27 və 28-ci bəndində istinad edilən direktiv sənədlərdə göstərilən müddəalara əsasən, yəni iddiaçının 05.06.1995-ci il tarixli əmrlə öz xahişinə əsasən DİOdan xaric edildiyi sonuncu iş yerinin 31-ci PB-nin növbətçi baş inspektoru vəzifəsi olması qənaətinə gəlmişdir. Belə ki, hazırkı qərarın 29-cu bəndində istinad edilən Qanunun 40-cı maddəsinin tələblərinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş şəxslərin pensiyası hesablanarkən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanmalı olması heç bir halda iddiaçıya şamil edilə bilməz ona görə ki, hazırkı qərarın 31-ci bəndində sadalanan əmrlərin mahiyyətindən də aydın olduğu kimi iddiaçı heç də səhhəti və ya yaşı ilə əlaqədar deyil, məhz dövlət çevrilişinə sui-qəsd zamanı xidməti vəzifələrinin icrasına vicdanla yanaşmaması, hadisələrə qeyri dəqiq münasibət bəsləməklə ikitərəfli mövqe tutması səbəbindən 12 aprel 1995-ci il tarixində xidmət etdiyi 25-ci PB-nin rəis müavini vəzifəsindən azad olunmuş və bir müddət sonra, yəni 06 may 1995-ci il tarixdə 31-ci PBnin növbətçi baş inspektoru vəzifəsinə təyin edilmiş, nəhayət təyin edidiyi xidmətdə olarkən 18 may 1995-ci il tarixli raportuna əsasən 05.06.1995-ci il tarixli əmrlə öz xahişinə əsasən DİO-dan xaric edilmişdir.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətində İddiaçı 31-ci PB-də işləməməsi, 25-ci PB-də işləyərkən rapot yazaraq işdən çıxması barədə dəlili əsassızdır ona görə ki, iddiaçı sonuncu PB-dən 12.04.1995-ci ildən işdən azad edildiyi halda, DİOdan öz xahişinə əsasən azad olunma barədə raportu 18.05.1995-ci ildə şəxsən özü tərəfindən yazılmışdır. O da qeyd edilməlidir ki, iddiaçı işdən xaric edilməsi barədə nə 05.06.1995-ci il tarixli əmri, nə də ki, 31-ci PB-nə xidmətə təyin olunması barədə 06.05.1995-ci il tarixli əmri mübahisələndirməmiş və adı çəkilən əmrlər hazırda da qüvvədədir. Halbuki həmin əmrlərlə razı olmadığı təqdirdə İddiaçı hazırki qərarın 27-ci bəndində istinad edilən Əsasnamənin 150-ci maddəsinə əsasən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə, eləcə də məhkəməyə müraciət etmək hüququ olmuşdur.

34. Apelyasiya şikayətinin DİN-i ödəmə vərəqəsini tərtib edərkən fövqəlada vəziyyət elan edilməsi haqda SSRİ Nazirlər Kabinetinin 05.09.1989-cu il tarixli 795-173 saylı qərarının tələblərini nəzərə almayaraq 2 il 10 ay 20 gün müddətin onun iş stajına əlavə edilmədiyindən 31 il iş stajı əvəzinə ona 28 il hesablanması barədə dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, hazırkı qərarın 29-cu bəndində istinad edilən Qanunun 16-cı maddəsində konkret olaraq hansı hallarda bir xidmət ilinin iki xidmət ili kimi hesablanması və bunun müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsi öz əksini tapmışdır.

35. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021ci il tarixli, 2-1(118)-890/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-890/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar