Məhkəmə qərarları › İş №2-1(105)-630/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-630/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-630/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-707/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq“ ona və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-707/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: 14 sentyabr 2023-cü il tarixli iclasda iştirak edən iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək “İddiaçı və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun dayandırıldığı vaxtdan hazırkı vaxta qədər hesablanaraq ona və övladına ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və qalan hissədə apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. 12 oktyabr tarixli iclasda iştirak edən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına sənədlər təqdim edərək bildirmişdir ki, İddiaçı və oğlu X3 vahid aylıq müavinətin verilməsi bərpa olunmuşdur. İddiaçı və oğlu 2023-cü ilin oktyabr ayı üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi siyahısına daxil edilmişlər.Mübahisə məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək “İddiaçı və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun dayandırıldığı vaxtdan hazırkı vaxta qədər hesablanaraq ona və övladına ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və qalan hissədə apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasına sənədlər təqdim edərək bildirmişdir ki, İddiaçı və oğlu X3 vahid aylıq müavinətin verilməsi bərpa olunmuşdur. İddiaçı və oğlu 2023-cü ilin oktyabr ayı üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi siyahısına daxil edilmişlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İnzibati Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “aylıq yemək xərci pulunun dayandırıldığı vaxtdan hazırkı vaxta qədər hesablanaraq ona və övladına ödənilməsi” hissəsində iddiadan imtina etdiyindən və cavabdeh tərəfindən iddiaçının tələbi aylıq yemək xərci pulunun bərpa olunması hissəsində təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar