Məhkəmə qərarları › İş №2-1(105)-631/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-631/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-631/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “birinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)- 1973/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı barəsində Tibbi-sosial ekspert komissiyasına göndərilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, P00119518PZE nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, İddiaçı son 1 il ərzində - 2023-cü ilin yanvar, mart və iyul ayları İ21.4, İ61.1 və Z95.1 kodlu xəstəliklərlə ambulator və stasionar müalicələrdə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 İ61.1 “Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma. Baş beynin sol yarımkürəsində hemorragik insult, intraparaenximatoz hemotoma 60x49 (xx.xx.2023). 167.3 Xroniki beyin işemiyası”, ağırlaşmaları: R26.3 “İmmobillik (hərəkətsizlik)”, R26.1 "Paralitik yeriş, spastik yeriş və hərəkət pozğunluğu”, R47.1 “Dizartriya və anartriya”, Z74.0 “Məhdud hərəkətlilik zamanı daima köməkçiyə ehtiyac”, G81.1 “Spastik hemiplegiya, sağ tərəfli spastik hemiplegiya, əzələ gücü yuxarı, ətraf distal 0 bal, proksi 1 bal, aşağı ətraf 1 bal”, yanaşı xəstəlikləri: İ21.4 “Miokardın kəsin subendokardial infarktı, ürəyin işemik xəstəliyi kəskin miokard infarktı”, F48.0 “Nevrasteniya, asteno nevrotik vəziyyət”, H35.8 “Digər dəqiqləşdirilməmiş retinal pozğunluqlar, tor qişanın hipertonik angiopatiyası”, İ11.9 “Durğunluq, ürək çatmamazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya” qeyd edilmişdir. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 18 avqust 2023-cü il tarixdə 4 saylı TSEK tərəfindən onun əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “İ61.1 “Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma. Baş beynin sol yarımkürəsində hemorragik insult, intraparaenximatoz hemotoma 60x49 (xx.xx.2023). 167.3 Xroniki beyin işemiyası” diaqnozunun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 6.5.1.4-cü bəndinə əsasən uyğun olaraq orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddət əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və əmək qabiliyyətini tam itirdiyinə, başqasının köməyinə ehtiyacı olduğuna görə ona birinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 fevral 2023-cü ilin tarixində yüksək təzyiq nəticəsində insult keçirmiş və 6 saylı Məlikov adına şəhər xəstəxanasına yerləşdirilmiş, 9 gün reanimasiyada qalmış və 7 gün də əlavə stasionar müalicə aldıqdan sonra evə göndərilmişdir. İnsult olmağı nəticəsində sağ ətrafı tamamilə iflic olmuş, nitqində və yaddaşında güclü zəifləmə əmələ gəlmişdir. Sağ əli və sağ ayağı tamamilə işləmir, hərəkət edə bilmir, yeriyə bilmir, ailə üzvlərinin köməkliyi ilə yaşayır. 06 may 2023-cü ildə vəziyyəti yenidən ağırlaşmış və ona “ağır infarkt” diaqnozu qoyulmuş, daha sonra 07 may 2023-cü il tarixində ürək əməliyyatı olunmuş və ürəyinə 3 ədəd stend qoyulmuşdur. Bundan sonra da davamlı olaraq müalicələr almış, lakin heç bir faydası olmamışdır. 2023cü ilin mart ayında barəsində Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən göndəriş tərtib edilmiş, həmin göndəriş əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində əlillik vəziyyəti qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli qərarla ona ikinci dərəcəli əlillik təyin edilmiş, orqanizmin funksiyalarının pozulması faizi 80% müəyyən edilmişdir. Ona “Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma. Baş beynin sol yarımkürəsində hemorragik insult, intraparaenximatoz hemotoma 60x49 (xx.xx.2023) 167.3 Xroniki beyin işemiyası” diaqnozu qoyulmuşdur. Halbuki, onun beynində hematoma daha dərindədir və əməliyyat olunması mümkün deyildir. Cavabdeh onun əlilliyini düzgün qiymətləndirməmiş və ona birinci dərəcəli əlillik yerinə ikinci dərəcəli əlillik təyin etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Abşeron rayon Mərkəzi Xəstəxanasının P00119518PZE nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Şəxs eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə almayıb. Xəstəliyin başlanma tarixini (xx.xx.2023) nəzərə alaraq müalicənin davam etdirilməsi qərarı verildi”. Həmin qərardan narazı qalan iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin P00119518PZE nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaratmışdır. Aparılan əyani müayinə zamanı iddiaçının hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (161.1 Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma, Baş beyinin sol yarımkürəsində hemorragik insultjntraparenximatoz hematoma 60x49 (xx.xx.2023). İ67.3 Xroniki beyin işemiyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. NK-nın 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)- 1973/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya orqanizmin funksiyalarının pozulmasının 85% dərəcəsi ilə əlilliyinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı əmək fəaliyyət qabiliyyətini itirmiş, müalicəsi dayandırılmış və hal-hazırda onun müalicələrinin nəticəsi müsbətə doğru davam etməmişdir. İş üzrə alınmış ekspert rəyindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “MTE və PA Birliyi” Phş-də tibbi-sosial ekspertləri ilə birgə müayinə edilərkən mütəxəssis nevroloq tərəfindən yeni ağırlaşmalar (nitq və koqnitiv pozuntu) aşkar edildiyindən yaşayış yerindən forma 088 alınmaqla, ona xx.xx.2023-cü il tarixli, 187 saylı qərarın 6.5.1.6 meyarı ilə 85% orqanizmin funksiya pozuntusu təyinat aparıla biləcəyi göstərilmişdir. Məhkəmə müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 6.5.1.6-cı bəndi ilə orqanizmin funksiyalarının 85% pozuntusuna görə təyinat aparılmalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 6.5.1.6-cı bəndi ilə əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma) əhəmiyyətli təzahür edən statodinamik pozuntular olmalıdır ki, şəxsə 85-100 faiz müddətsiz əlillik təyin edilsin. Lakin, iddiaçı da sözügedən hallar mövcud deyildir. Qərarın 6.5.1.4-cü bəndi ilə təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10- 20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü barmaqların distal falanqalanmn 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə) əhəmiyyətli təzahür edən statodinamik pozuntular iddiaçıda aşkar edildiyindən ona orqanizmin funksiyalarının 80% pozuntusuna görə müddətsiz əlillik verilmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; (-) 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; (-) 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; (-) 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı; (-) 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması; (-) 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; (-) 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 6.5.1.4-cü bəndinə əsasən uyğun olaraq orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddət əlillik təyin edilmiş, iddiaçı ona təyin edilmiş əlilliyin dərəcəsi ilə razılaşmayaraq yenidən müayinə olunsa da, iddiaçının əlillik dərəcəsi dəyişdirilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya orqanizmin funksiyalarının 85- 100 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən patofunksional halların onda aşkar edilmədiyini qeyd etsə də, iş üzrə alınmış ekspert rəyi ilə iddiaçıda ona orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən yeni ağırlaşmalar aşkar edildiyi müəyyən edilmişdir. Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P00119518PZE nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT 10 İ61.1 “Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma. Baş beynin sol yarımkürəsində hemorragik insult, intraparaenximatoz hemotoma 60x49 (xx.xx.2023). 167.3 Xroniki beyin işemiyası”, ağırlaşmaları: R26.3 “İmmobillik (hərəkətsizlik)”, R26.1 "Paralitik yeriş, spastik yeriş və hərəkət pozğunluğu”, R47.1 “Dizartriya və anartriya”, Z74.0 “Məhdud hərəkətlilik zamanı daima köməkçiyə ehtiyac”, G81.1 “Spastik hemiplegiya, sağ tərəfli spastik hemiplegiya, əzələ gücü yuxarı, ətraf distal 0 bal, proksi 1 bal, aşağı ətraf 1 bal”, yanaşı xəstəlikləri: İ21.4 “Miokardın kəsin subendokardial infarktı, ürəyin işemik xəstəliyi kəskin miokard infarktı”, F48.0 “Nevrasteniya, asteno nevrotik vəziyyət”, H35.8 “Digər dəqiqləşdirilməmiş retinal pzğunluqlar, tor qişanın hipertonik angiopatiyası”, İ11.9 “Durğunluq, ürək çatmamazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya” xəstəlikləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T87/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə (Forma 88) qeyd edilən “Yarımkürələrin qabıq nahiyəsinə (kortikal) beyindaxili qansızma, Baş beyinin sol yarımkürəsində hemorragik insult, intraparenximatoz hematoma 60x49 (xx.xx.2023). İ67.3 Xroniki beyin işemiyası”, “G81.1 Spastik hemiplegiya, təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasımn 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalanmn 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (budçanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6- 7dərəcəyə qədər) ilə) əhəmiyyətli təzahür edən statodinamik pozuntular” diaqnozları iddiaçının anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. iddiaçı xx.xx.2024-cü il tarixdə publik hüquqi şəxsdə tibbi-sosial ekspertləri ilə birgə müayinə edilərkən mütəxəssis nevroloq tərəfindən yeni ağırlaşmalar (nitq və koqnitiv pozuntu) aşkar edildiyindən yaşayış yerindən Forma 88 alınmaqla ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 qərarının 6.5.1.6-cı bəndi ilə orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə təyinat aparıla bilər. Beləliklə, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən müəyyən edilir ki, iddiaçı hazırda Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 6.5.1.6-ci bəndində göstərilmiş və ona orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəlikdən əziyyət çəkir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş P00119518PZE nömrəli göndərişdə (Forma 88) qeyd edilən əsas diaqnoz, onun ağırlaşmaları və yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyin edilməsinə, əsas diaqnozun ağırlaşması olan G81.1 “Spastik hemiplegiya, sağ tərəfli spastik hemiplegiya, əzələ gücü yuxarı, ətraf distal 0 bal, proksi 1 bal, aşağı ətraf 1 bal” diaqozlu xəstəlik isə əlilliyin müddətsiz təyininə əsas verən xəstəlikdir. Belə ki, əsas diaqnozun ağırlaşmaları olan G81.1 kodlu xəstəlik (serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) meyarların 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.5.1.1-6.5.1.6-cı bəndlərində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi təsbit edilmişdir. Belə ki, 6.5.1.6-ci bəndə əsasən həmin xəstəlik “əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular” hallarında orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, müəyyən edilir ki, P00119518PZE nömrəli Forma 88 göndərişdəki əsas diaqnozun ağırlaşması kimi qeyd edilmiş G81.1 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Lakin, kollegiya bir məqamı da diqqətə çatdırır ki, işin hallarından müəyyən edildiyi kimi hazırda iddiaçıya orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə dair cavabdehin qüvvədə olan xx.xx.2023-cü il tarixli qərarı mövcuddur. Hazırda da iddiaçı məhz həmin qərarla razılaşmayaraq ona orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyin təyin edilməsini tələb edir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 67-ci bəndində göstərilmişdir ki, əlilliyin dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq müəyyən edilir. Belə ki, həmin normativ sənədlə əlilliyin “tibbi model” indən “sosial model” inə transformasiyası nəzərdə tutulmaqla, əlillik insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyası üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndirilir. İstinad edilən normativ sənəddə insanın həyat fəaliyyətinin əsas kateqoriyaları kimi özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları təsbit edilmişdir. Kollegiya Ali Məhkəmənin icmal məktubda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)- 1973/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar