Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-632/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29- 05101-03017) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 27 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixlərdə İddiaçı Nüzəffər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzili ilə bağlı qanunsuz olaraq iki hərrac keçirilmişdir. "xxxx" MMC 16 dekabr 2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra idarəsinə və "xxxx" ASC-yə göndərmişdir. Lakin "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə 04/02 saylı protokol Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Sifarişə icra sənədinin surəti də əlavə olunur (61.3.1). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, hərracın yekunları barədə protokol hərrac keçirən qurum, hərracı sifariş verən icra şöbəsi və ipoteka saxlayan (ipoteka əldə etmə hüququna malik olan) tərəfindən imzalanmalıdır. Lakin iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə protokol Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş və izah etmişdir ki, İddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ünvan 1 ünvanda yerləşən 21 nömrəli mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hərrac təşkilatının “Hərracın yekunları barədə” protokolunda sifarişçi icra idarəsinin möhür və imzasının vacibliyi qanunvericilikdə öz əksini tapmamışdır. Üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etmişdir ki, "xxxx" ASC hərrac təşkilatı tərəfindən qanuni əsaslarla keçirilən hərrac nəticəsində ipoteka predmeti olmuş Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 21 saylı mənzili əldə etmişdir. Təqdim edilən protokol əsasında mənzil üzərində bankın mülkiyyət hüququ qeydə alınmışdır. Protokolda icra məmurunun imzasının mütləq vacibliyi hər hansı qanunvericilik aktında nəzərdə tutulmadığından həmin hal çıxarışın ləğvi üçün əsas ola bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdə olan hərracın yekunları barədə 04/02 nömrəli protokoldan görünür ki, ipoteka predmetinin mülkiyyətçisi İddiaçı məxsus, dəyəri 28687.50 manat olan Sumqayıt şəhəri, 5ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı 26 fevral 2020-ci il tarixli icra vərəqəsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 46/61 saylı 26 oktyabr 2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin 17 saylı 01 yanvar 2021-ci il tarixli məktubuna əsasən hərraca çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmttəə Birjasının "xxxx" MMC-yə qarşı hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən "xxxx" ASC-nin adına olan ünvan 1 ünvanında yerləşən, 21 nömrəli mənzilə dair ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəməyə göndərilmişdir. Əmlak üzərində qadağa qeydiyyata alınmışdır. Beləliklə, hazırda "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 21 nömrəli mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğu iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Əvvəllər iddiaçının mülkiyyətində olmuş mənzil üzərində hərracın nəticələrinə dair protokol əsasında "xxxx" ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Hərracın və onun nəticələri barədə 04/02 nömrəli protokol iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin onun iddia tələbi rədd edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən işə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.