Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-632/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində mərhum oğlu X5 oğlunun icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 oğluna məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2- 1(118)-2034/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində mərhum oğlu X5 oğlunun icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 oğluna məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində mövqe sxemi əsasında 50 kvadrat metr torpaq sahəsi onun mərhum oğlu anadangəlmə İİ qrup əlil X5 oğlunun icarəsinə verilmişdir. Eyni zamanda onunla Sumqayıt Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair 13 noyabr 2002-ci il tarixli, 252 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən də bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin Texniki Pasportu hazırlanaraq X5 oğluna təqdim olunmuşdur. Həmin bələdiyyə qərarı və Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi layihə sənədləri əsasında icarəyə ayrılmış torpaq sahəsində oğlu X5 oğlu tərəfindən ticarət obyekti inşa edilmiş və sözügedən qeyri-yaşayış obyekti bugünədək fəaliyyət göstərir. Oğlu X5 oğlu 08 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra adı çəkilən torpaq sahəsi üzərində icarə hüququ və inşa edilmiş qeyri-yaşayış obyekti miras əmlak olaraq onun tərəfimdən qəbul edilmişdir. Bununla bağlı 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən 08 yanvar 2023-cü il tarixli, 43 saylı məktubla cavabdehə müraciət edilərək sözügedən qeyri-yaşayış obyektinə dair onun adına hüquq müəyyənedici sənədlərin verilməsi xahiş olunmuşdur. Mərhum oğlu X5 oğlunun ölümündən sonra onunla Sumqayıt Bələdiyyəsi arasında yaranmış icarə münasibətləri üzrə icarəçinin hüquq və vəzifələri ona keçmişdir və onun tərəfindən həmin müqavilə üzrə icarə haqları bələdiyyəyə ödənilmişdir. Adıçəkilən icarə münasibətlərinin davamı olaraq mübahisələndirilən torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında 08 avqust 2023-cü il tarixli, 65 saylı yeni torpaq icarə müqaviləsi bağlanılmaqla tərəflər arasında icarə münasibətləri rəsmiləşdirilmişdir. Bir müddət əvvəl iddiaçı sözügedən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində yerləşən və ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə mərhum oğlu X5 oğlunun icarəsinə verilmiş sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum oğlu X5 oğluna məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh onun müraciətindən əsassız olaraq imtina etmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində mərhum X5 oğlunun icarə hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və onun müraciəti qeydiyyata alınmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, “ərizəyə torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlər əlavə olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə xx.xx.2002-ci il tarixli 37 nömrəli qərarı verilsə də, sənədləşmə həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmamış, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 65 nömrəli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq Sumqayıt Bələdiyyəsi ilə hərracdan kənar bağlanmışdır. Bununla əlaqədar olaraq dəfələrlə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə arxiv saxlanclarında aşkar olunduğu halda, “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinə bağ sahələrinin ayrılmasına dair arxiv məlumatlarının, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələrinin, bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısının idarəyə təqdim olunması barədə sorğular göndərilmiş, lakin sorğular müvafiq qurumlar tərəfindən müsbət cavablandırılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən - xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023- cü il tarixli 2181 nömrəli Fərmanının 1 -ci bəndinə uyğun olaraq mövcud daşınmaz əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən daşınmaz əmlak üzərində mərhum oğlu Azər Cəfərovun icarə hüququ əsasında mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq arayışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan 18 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-C-0037-8/2023 nömrəli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində iddiaçı ilə icarə hüququ əsasında torpağın icarə müqaviləsi əsasında torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmasına baxmayaraq iddiaçının müraciəti cavabdeh tərəfindən müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi iddiaçı ilə Sumqayıt Bələdiyyəsi tərəfindən bağlanmış 65 nömrəli, 08 avqust 2023-cü il tarixli icarə müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmaması göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2034/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə kommersiya obyektinin tikintiquraşdırılması məqsədi ilə iddiaçıya icarə hüququ əsasında 50 m2 torpaq sahəsi ayrılmış, həmçinin X5 oğlu ilə Sumqayıt bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsi ilə bağlı 08 avqust 2023-cü il tarixdə, 65 nömrəli icarə müqaviləsi bağlanmış və sonradan müqavilənin müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Qeyd olunan bələdiyyə qərarından məlum olur ki, həmin torpaq sahəsi kommersiya obyektinin tikintiquraşdırılması məqsədi ilə ayrılmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd olunan torpaq sahəsinə dair bağlanmış 08 avqust 2023-cü il tarixli 65 nömrəli torpaq icarə müqaviləsinin rəsmiləşdirilməsi üçün açıq hərracın keçirilməsinə zərurət yoxdur. Başqa sözlə deyilsə 08 avqust 2023-cü il tarixli icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmaması ilə əlaqədar cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Belə olan halda cavabdehin göstərdiyi iradə ifadəsi, yəni iddiaçının icarə hüququ əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olduğu üçün iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, bələdiyyə qərarında adı göstərilmiş şəxs X5 oğlu vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, iddianın təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ...
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) Maddə 719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.6. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Azərbaycan Respublikasının Qanunu: İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) : Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-).
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 10-cu bənd. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbi iddiaçının mərhum oğlu X5 oğlunun icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 oğluna məxsus olması barədə müvafiq arayışın verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan təqdim edilmiş xx.xx.2023cü il tarixli 65 nömrəli torpaq icarəsi müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq Sumqayıt Bələdiyyəsi ilə hərracdan kənar bağlanması halına istinad edərək, icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikintiquraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində iddiaçının mərhum oğlu X5 oğlunun icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatının aparılması barəsindədir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, X5 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən ünvanlanmış 08 yanvar 2023-cü il tarixli, 43 nömrəli məktubdan görünür ki, X5 oğlundan miras qalmış əmlakı qəbul etmək üçün vərəsəsi – atası – İddiaçı ərizə ilə müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt Bələdiyyəsinin 09 sentyabr 2024-cü il tarixli, 3691 nömrəli məktubundan görünür ki, X5 oğlu 08 noyabr 2022-ci il tarixdə vəfat etdiyindən, həmin torpağa dair icarə münasibətləri iddiaçı ilə davam etdirilmiş və bu səbəbdən iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında 08 avqust 2023-cü il tarixli, 65 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda da torpaqdan istifadəyə görə icarə haqları iddiaçı tərəfindən ödənilməkdədir və onun qeyd olunan torpaqdan istifadəyə görə bələdiyyəyə icarə haqqı borcu mövcud deyil. Həmçinin Mülki Məcəllənin 719.6-cı maddəsinin tələbinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Hazırki halda iddiaçının oğlu X5 oğlu vəfat etdikdən sonra onun vərəsəsi olan İddiaçı ilə icarəyə verən tərəf Sumqayıt Bələdiyyəsi arasında icarə münasibətləri davam etdirilmiş, bunun nəticəsi olaraq 08 avqust 2023-cü il tarixli, 65 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. İş üzrə cavabdehin imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 30 noyabr 2007-ci il tarixdən qüvvədən olan redaksiyasının tələblərinə zidd olaraq torpaq hərracı və ya müsabiqə keçirilmədən iddiaçının icarəsinə verilməsidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 24 may 2002-ci il tarixli qərar əsasında yaranmışdır. Bələdiyyənin qərarı ilə 50 kv.m torpaq sahəsi istehsal və satış məqsədilə icarəyə ayrılmışdır. 2002-ci ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında torpaq sahəsinə dair 08 avqust 2023-cü il tarixdə torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 05 yanvar 2033-cü il tarixədək uzadılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 2006-cı il tarixdə qüvvədə olan redaksiyasında isə bələdiyyə torpaqları üzərində icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satılmasının mümkünlüyü müəyyən edilmişdir. İddiaçı ilə bələdiyyə arasında icarə münasibətləri artıq 2002-ci ildə yarandığından kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun sözügedən 9.1-ci maddəsi deyil, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanunun 9-cu bəndi tətbiq edilməlidir. Həmin bəndə görə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Kollegiya hesab edir ki, iddiaçının mərhum oğlu X5 oğluna müvafiq torpaq sahəsi sözügedən xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı icarə verildiyi üçün hazırda iddiaçı ilə bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, 50 kv.m torpaq sahəsinin iddiaçının mərhum oğlunun icarəsinə verilməsi barədə qərar və 08 avqust 2023-cü il tarixli icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 nömrəli qərarı iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının icarə hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində İddiaçı icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-2034/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 24 may 2002-ci il tarixli, 37 saylı qərarı ilə ticarət obyektinin tikinti-quraşdırılması məqsədi ilə Sumqayıt şəhərinin 5-ci mikrorayonu ərazisində İddiaçı icarəsinə verilmiş sahəsi 50m2 olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.