Məhkəmə qərarları › İş №2-1(105)-632/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-632/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-632/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin üzərinə iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulu, eləcə də Reabilitasiya mərkəzində 2022-2023-cü illər üçün müalicə xərcləri olan 1400 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 4700 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-2073/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İ dərəcəli müddətsiz Çernobil əlillidir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulu, eləcə də Reabilitasiya mərkəzində 2022-2023-cü illər üçün müalicə xərcləri olan 1400 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 4700 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildən ümumi, 2007-ci ildən isə 1-ci dərəcəli müddətsiz Çernobıl əlilidir. Əlillik barədə sənədində göstərilmişdir ki, "xəstəliyi Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır". Bununla bağlı ildə birdəfəlik 300 manat dərman pulu qismində müavinət verilmiş, eləcə də ildə bir dəfə 15-20 gün müddətində X1 dövlət hesabına müalicə almışdır. 2022-ci ilin oktyabr ayında Reabiltasiya mərkəzinə müraciət etdikdə onun adının altistemdə olmadığını bildirmişlər. Bununla bağlı, o ,2022- ci ilin noyabr ayından başlayaraq, öz hüquqlarının bərpası ilə bağlı çoxsaylı müraciətlərindən sonra, 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin göndərdiyi sonuncu cavab məktubunda göstərildi ki, "əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına" uyğun olaraq dövlət tibb müəssəsilərinin göndərişləri əsasında qiymətləndirilir... Əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində Sizə dair məlumat aşkarlanmamışdır... Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyası tərəfindən verilən şəhadətnamə Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində qeyd olunmadığından əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Bununla bağlı o, zəruri sənədləri də əlavə etməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Ona hər dəfə müxtəlif bəhanələrlə ayrı-ayrı cavablar verilmişdir və nəhayət, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23 fevral 2024-cü il tarixli, 236 saylı məktubu ilə cavab verilmişdir ki, araşdırma nəticəsi kimi MN Mərkəzi Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş 106 nömrəli xx.xx.2007-ci il tarixli “xəstəlik haqqında şəhadətnamə” MN Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə altsisteminin xxxxxxxX00001 reyestr nömrəsi İlə qeydiyyatdan keçmişdir. İki ilə yaxın müddət ərzində, kiminsə təqsiri üzündən, ildə birdəfəlik verilən 300 manat müavinət, eləcə də X1 dövlət hesabına aldığı müalicələrdən məhrum olmuşsur. Ona görə də səhhətində müəyyən problemlər yaranmış, müalicəsi ilə bağlı özəl xəstəxanalara müraciət etməli olmuş, eləcə də bu problemlə bağlı dəfələrlə Bakı şəhərinə gedib-gəlmiş, əsəb gərginliyi keçirmişdir. 2024-cü ilin may ayında eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmənin tövsiyyəsindən sonra cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reabiltasiya Agentliyini göstərmiş, eyni zamanda ərizə ilə müraciət edərək ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-l(118)- 4633/2024 saylı qərardadında da bu barədə göstərilmişdir. Bununla bağlı həm Sosial Müdafiə Nazirliyinə, həm də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyininə ərizə ilə müraciət etmiş, həmin idarələrdən də şablon cavablar verilmişdir, cavab məktubunda “142" Çağrı mərkəzinə" müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dair cavabdehin yazılı etirazının dəlilləri Cavabdeh etirazında qeyd edir ki, iddiaçının hazırda qüvvədə olan müddətsiz əlilliyi mövcuddur. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəb əlaqəni sübut edəcək hər hansı dəlil təqdim etməmişdir. Mənəvi ziyanla bağlı tələbin əsassızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.... “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia tələbi üzrə mülahizəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat müalicə xərcləri ödənilmişdir. Beləliklə, üçüncü şəxs tərəfindən iddiaçının hər hansı qanunla qorunan maraqarı pozulmamışdır və iddia mümkün hesab edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-2073/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi zərərin ödənilməsinə əsas verən hüququn pozulmasına əsas verən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığından hüquqi məsuliyyətin mövcudluğundan və bunun nəticəsi olaraq zərərin ödənilməsinin tələb edilməsindən bəhs edilə bilməz. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia tələbinin dəlillərini təkrarlamışdır. Tərəflərin izahatları Məhkmə iclasında iştirak edən İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı 300 manat məbləğində sosial müavinətin sonradan ödənildiyini bildirdi. İllik müalicə kursunun dəyərinin 700 manat olması barədə dəqiq məlumata malik deyildir, həmin məbləği eşitdiyinə görə təxmini yazmışdır. Hazırda həmin vəsaiti iki il – 2022-2023-cü illər üçün cəmi 1400 manat məbləğində ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətinə etiraz etdi, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, Çernobıl əlilləri ildə bir dəfə dövlət hesabına müalicə kursu ilə təmin edilirlər. İddiaçının barəsində əlilliyin ləğvi və ya dayandırılması barədə qərar qəbul edilməmişdir, lakin 2022-2023-cü illərdə adı altsistemdə aşkar edilmədiyindən ona müvafiq cavab verilmişdir. Məhkmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətinə etiraz etdi, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Çernobıl əlillərinə hər ilin yanvar ayında 300 manat məbləğində birdəfəlik sosial müavinət ödənilmişdir. 2022-2023-cü illər üçün həmin vəsait ödənilmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və inzibati iş həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki iş üzrə iddia tələbi iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulu, eləcə də Reabilitasiya mərkəzində iki ilin (2022-2023-cü illər) müalicə xərcləri olan 1400 manat pulun və ona dəymiş mənəvi zərərin əvəzi kimi 3000 manat pulun, cəmi 4700 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Məhkəmə kollegiyası iş materialları araşdırararq müəyyən etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulun ödənilməsini tələb etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi tərəfindən verilən məlumatla iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat müalicə xərclərinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı həmin vəsaiti almasını təsdiq edir. Mənəvi zərərin ödənilməsinə dair hissədə gəldikdə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mənəvi zərərin ödənilməsi barədə tələblə bağlı ilk növbədə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etməsi halı müəyyən olunmamışdır (bir cıra müraciətləri olsa da, zərərin ödənilməsi barədə tələb müraciətərində qeyd edilməmişdir). Bu hal isə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi növündə baxılan iddiaların mümkün sayılması üçün xüsusi şərtlərə aiddir. Məhkəmə kollegiyası bu hissələrdə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edir. Lakin iddia tələbinin digər hissəsi - 2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsinə dair tələbin mümkün sayılmaması mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarına görə iddiaçıya xx.xx.2007-ci il tarixdən müddətsiz əlillik təyin edilmiş, əlilliyi dayandırılmamış və ləğv eddilməmişdir. Buna baxmayaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının əlil olması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçı iki il ərzində dövlət hesabına müalicə kursundan istifadə edı bilməmişdir. Birinci instansiya məhkəməsi həmin tələbin mümkün sayılmaması barədə mövqeyini əsaslandırarkən iddiaçının müalicə xərcləri üçün ayrılan vəsaiti pul şəklində almaması barədə izahatına istnad etmişdir. Həmin vəsaitin ödənilməməsi səbəbindən iddiaçının öz hesabına müalicə almalı olduğunu qeyd etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə həmin tələb üzrə cavabdehi dəqiq müəyyən etməkdə, 2022-2023-cü illərdə müalicə kursunu ala bilməməsi nəticəsində ona vurulmuş zərərə görə kompensasiyanın ödənilməsini tələb etmək hüququna malik olmasını izah etməli və araşdırmanı bu istiqamətdə aparmalı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4cü bəndlər). Məhkəmə iclasının protokolunda hakim tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-ü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərilməsinə baxmayaraq bu yardımın konkret nədən ibarət olması aydın deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: ......inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, 2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsinə dair tələb hissəsində ləğv edilməli və inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-2073/2025 nömrəli qərardadı qismən, iddia tələbinin 2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsinə dair hissəsində ləğv edilsin və inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar