Məhkəmə qərarları › İş №2-1(105)-633/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-633/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-633/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1104/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı Cavabdehnə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ərizəçi İddiaçı 16 aprel 2021-ci il tarixli, **********24 saylı məktubla cavab ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı 29 aprel 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil müqavilə əsasında ona məxsusdur. Cavabdeh orqanın imtinası ilə razılaşmır. Belə ki, sözügedən mənzil müqavilə əsasında ona məxsusdur. O, həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zəruri sənədləri cavabdeh orqana təqdim etmişdir. Lakin cavabdeh orqan əsassız olaraq həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabehin iddia tələbinə dair etirazı Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1104/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1104/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə daşınmaz əmlak - çoxmərtəbəli yaşayış binasında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədədir. Məhkəmə kollegiyası yaranmış mübahisənin aydınlaşdırılması üçün çoxmərtəbəli yaşayış binasında yerləşən mənzil üzərində mülkiyyət hüququnun yaranması və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı bir sıra məsələlərin təhlil olunmasını vacib hesab edir. Hər şeydən öncə qeyd olunmalıdır ki, əşya üzərində mülkiyyət hüququnun əmələ gəlməsi həmin əmlaka sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin məcmu şəklində əmələ gəlməsini nəzərdə tutur. Mülkiyyət hüququnun əmələ gəlməsi, onun müəyyən edilməsi bununla əlaqədar bir sıra məsələlərin həlli üçün əhəmiyyət kəsb edir. Əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi daşınar və daşınmaz əmlaka münasibətdə fərqli həll olunur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Bu, o deməkdir ki, əqd bağlamaqla daşınmaz əmlakı əldə edən şəxs əqdin notariatda təsdiq edildiyi vaxtdan həmin əmlaka yiyəlik etmək və ondan istifadə etmək imkanları əldə edir. Mülkiyyət hüququnun üçüncü elementi olan sərəncam hüququ isə sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Belə ki, MM-in 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Deməli, dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlak üzərində sərəncam vermək (satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vəsiyyət etmək və s.) səlahiyyətinə malik deyildir. Başqa sözlə, daşınmaz əmlak üzərində sərəncam verilməsi həmin əmlakın hüquqi müqəddəratının həll edilməsini nəzərdə tutur və bu səlahiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Təsadüfi deyil ki, Müki Məcəllənin: 144-1.1-ci maddəsində nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2-ci maddəsinə əsasən, mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3-cü maddəsinə əsasən, mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4-cü maddəsinə əsasən, bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər üzərində mülkiyyət hüququnun yaranması əsasları ilə bağlı Mənzil Məcəlləsinin 112-ci maddəsində deyilir ki, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində deyilir ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Sadalananları ümumiləşdirdikdə belə nəticə hasil olur ki, yaşayış sahəsinə uyğun pay haqqının tamam ödənilməsi şərtilə yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı həmin yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İş materiallarında olan "xxxx" MMC-nin 30.03.2021-ci ilin maliyyə arayışından görünür ki, İddiaçı Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış binasının 16 mərtəbədə, ümumi sahəsi 124.7 kv.m. olan, 3 otaqlı, 53 saylı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli "xxxx" MMC üzvlərinin ümumi iclasının 10 №li protokolundan çıxarışından görünür ki, İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış binasının 16 mərtəbədə, ümumi sahəsi 124,70 kv.m. olan, 3 otaqlı, 53 saylı mənzilin sahibi olması təsdiq edilmişdir. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə kooperativin üzvlüyünə qəbul olunmuşdur. Bu təhlil isə onu deməyə əsas verir ki, iddiaçı, istifadə və sahibliyində olan mənzil üzərində mülkiyyət hüququnun tam olaraq qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Lakin bu hüququn realizəsi müəyyən şərtlərə bağlıdır. Belə ki, qeyd edildiyi kimi üzərində hüquqların qeydiyyatı üçün bəyan edilən mənzil çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin çoxmənzilli və çoxmərtəbəli yaşayış binası isə sadə tikili olmayıb, tikintisinə icazə tələb edilən tikintidir və həmin obyektin inşası 2018-ci ildə başa çatdığından, qanunvericilikdə bu qəbildən olan tikintilər üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün müvafiq sənədlər tələb olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 10.2.1-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. İstinad edilən maddi hüquq normalarının tələbinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi tələb olunur. Məhkəmə kollegiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının istismara qəbul edilibedilməməsi, istismara qəbul edildiyi təqdirdə qəbul aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, istismara qəbul edilmədiyi təqdirdə bunun səbəbləri barədə məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sorğuya cavab olaraq bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 19.10.2007-ci il tarixli 810 saylı sərəncamı ilə "xxxx" MMC tikinti şirkəti ilə Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında 2008-ci ildə yüksək mərtəbəli yaşayış binalarının inşasına başlamış, 2009-cu il qlobal maliyyə böhranı ilə üzləşdiyinə görə 2012-ci ilə qədər tikinti işlərinin aparılması dayandırılmışdır. 2012-ci ildən etibarən evləri dəyərindən ucuz qiymətə (1 kv.m-400-450 manat) satmaqla tikintinin 2014-cü ilə qədər müəyyən mərhələyə çatdırmışdır. 2014-cü ildə dünyada yaşanan maliyyə böhranı ilə əlaqədar tikinti materiallarının qiymətinin qalxması, mənzil payçılarının pay haqqlarını ödəyə bilməməsi səbəbindən tikinti yenidən maliyyə çətinlikləri üzləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi” haqqında fərmanına əsasən "xxxx" MMC şirkəti problemli tikintilər siyahısına qəbul edilmişdir və beləliklə 20.12.2019cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən binaların istismara hazırlığı barədə müsbət rəy verilmişdir. 26.12.2012-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin qərarı ilə binaların təhvilə verilməsinə icazə verilmişdir. Hal-hazırda qeyd olunmuş maliyyə çətinlikləri səbəbindən 8 liftdən yalnız 4-ü quraşdırılıb, tikintidə hələ də bəzi çatışmamazlıqlar mövcuddur, eləcə də, mənzillər işıqqaz sayğacları ilə tam təmin edilə bilməyib. Bütün bu tikintidəki çatışmazlıqlara görə istismara müsbət rəy verilməsinə baxmayaraq tikinti təhvilə verilə bilmir. "xxxx" MMC tərəfindən təqdim edilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə 0300 saylı, 20 dekabr 2019-cu il tarixli rəydən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən bina Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 23183№li, 19.01.2017-ci il tarixli və 23306№li,02.03.2017-ci il tarixli rəyləri, Abşeron rayon İcra Hakimiyyəti başçısının 19.10.2007-ci il tarixli, 810№li sərəncamı ilə 2018-ci ildə tikintisi başa çatmışdır. Bina 2 girişli, zirzəmili, 14(+mansarda) mərtəbəli (Blok 2,3) və 2 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli (Blok 1,4) yaşayış binasından ibarətdir, sifarişçi və sahibi "xxxx" MMC-dir. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin 26 dekabr 2019-cu il tarixli, 027 saylı istismarına icazədən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlıq, möhkəmlilik baxımından istismara yararlığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq 26.12.2019-cu il tarixdən 14 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Beləliklə, işdən müəyyən olunur ki, hazırda mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə verilsə də, "xxxx" MMC bina üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı inşa edilən binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, eləcə də istismara icazəni cavabdeh inzibati orqana təqdim etməklə daşınmaz əmlak üzərində hüququnu qeydə almamışdır. Bununla da müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın özünün üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda isə mövcud vəziyyətdə kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin edilməsinin mümkün deyildir. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, ilk öncə tikintisi başa çatmış bina üzərində hüquqlar qeydə alınmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Hazırki halda isə iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkünsüz olur. Odur ki, qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1104/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar