Məhkəmə qərarları › İş №2-1(105)-633/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-633/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-633/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan dövrə görə ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-2068/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür.

2. TSEK tərəfindən verilmiş tarixli qərarlardan görünür ki, İddiaçı 2016-ci ildən 2021ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilmiş 0510003AAMVN nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.

4. Sumqayıt şəhər 3 nömrəli xəstəxanası tərəfindən verilmiş 0531003AAK74 nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.

5. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “əlavə müalicəyə ehtiyac olması” göstərilmişdir.

6. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “göndərişin natamam doldurulması” göstərilmişdir.

7. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan dövrə görə ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 mart 1966-cı ildə anadan olmuşdur. "İdiopatik qıcolma (əsas diaqnoz), sağ çiyin oynağının artrozu (yanaşı xəstəlik) diaqnozu ilə Modern Hospital”da 2013-cü ildə müalicə almışdır. Həmin xəstəlik 2013-cü ildə yaranmışdır. Qeyd edilən xəstəliyə görə ona 2014-cü ildə 2-ci qrup əlillik təyin edilmiş, 2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə isə 5 il müddətinə artırılmışdır. Əlilliyin növbəti qiymətləninə tarixi kimi xx.xx.2021-ci il müəyyən edilmişdir. Pensiya təyini üçün əlilliyin təyini kimi "Dəqiqləşdirilməmiş eksefalopatiya, Dissirkulyator ensefalopaliya qıcolma sindromu ilə, qabarıq ANS, hipertoniya İİ məror, U.b.f. xroniki xolesistit” diaqnozu qoyulmuşdur. Növbəti əlilliyin təyini məqsədilə xəstə kimi qeydiyyatda olduğu 1 №-li X3 25 may 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına TQS №088 formalı 053 1003AAK74 №-li göndəriş ünvanlamışdır. Göndərişdə onun 2016-2021-ci illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 4 dəfə, Sumqayıt 4 №-li şəhər Xəstəxanasında 4 dəfə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 1 dəfə, Sumqayıt 2 №-li şəhər Xəstəxanasında 1 dələ, "Modern Hospital”da 1 dəfə, Klinik Tibb Mərkəzi X6 1 dəfə, yəni 12 dəfə stasionar müalicə aldığı göstərilmişdir. Göndərişdə əsas diaqnoz kimi “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, ll-li generalizə olunmuş forma (ayda 5-6 dəfə)" qeyd edilmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci ildə əlillik təyinindən imtina etmişdir. İmtinaya səbəb kimi "əlavə müalicəyə ehtiyacın olması, Əlavə müalicə diaqnozu təsdiq edən müayinələrin tam aparılmadığı" qeyd edilib. 1 №-li X3 xx.xx.2021-ci ildə 2-ci dəfə TQS №088 formalı 0531003AAEE4 saylı göndərişlə sənədləri əlillik təyini üçün cavabdehə göndərmişdir. Xəstəliyin əsas diaqnozu kimi yuxarıda göstərilən xəstəlik qeyd edilmişdir. Həmin göndərişdə onun 12 dəfə stasionarda müalicə olduğu qeyd edilmişdir. Cavabdeh yenidən yuxarıda qeyd edilən səbəbdən əlillik təyinindən imtina etmişdir. 3-cü dəfə 14 dekabr 2021-ci ildə 1 №-li X4 TQS №088 formalı 0531003AAMVN №-li göndərişlə sənədlərini əlillik təyini üçün cavabdehə göndərmişdir. Yalnız bundan sonra cavabdeh ona xx.xx.2021-ci ildə 5 il müddətinə ümumi xəstəliyə görə ikinci dərəcəli əlillik təyin etmişdir. Beləliklə, əlilliyin qiymətləndirilməsi əsassız olaraq cavabdehin günahı üzündən xx.xx.2016-ci ildə deyil, xx.xx.2021-ci ildə müəyyən edilmişdir ki, iddiaçı bu müddətdə əlillər üçün nəzərdə tutulmuş imtiyazlardan və pensiyadan məhrum olmuşdur.

10. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlilliyinin müddəti başa çatdıqdan sonra Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina cavabı verilmişdir, yəni həmin vaxtlar üçün göstərilən səbəblərə görə qiymətləndirməni aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Sumqayıt 1 nömrəli X3 xx.xx.2021-ci il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-2068/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövrə görə 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. İddiaçı həmin müddət ərzində dəfələrlə zəruri sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh hər dəfə müxtəlif səbəblərlə ona imtina cavabı vermiş və nəhayət, üçüncü göndərişdən sonra ona 5 il müddətinə ll dərəcəli əlillik təyin etmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "İdiopatik qıcolma (əsas diaqnoz), sağ çiyin oynağının artrozu (yanaşı xəstəlik) diaqnozu ilə Modern Hospital”da 2013-cü ildə müalicə almış, ona 2014-cü ildə 2-ci qrup əlillik təyin edilmiş, 2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə isə 5 il müddətinə artırılmış, əlilliyin növbəti qiymətləndirilmə tarixi kimi xx.xx.2021-ci il müəyyən edilmişdir.

25. Bundan sonra, iddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün 1 №-li X1 25 may 2021-ci il tarixli göndərişi əsasında cavabdehə müraciət etmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən "əlavə müalicəyə ehtiyacın olması, Əlavə müalicə diaqnozu təsdiq edən müayinələrin tam aparılmadığı" əsası ilə imtina edilmişdir.

26. İddiaçı əlillik vəziyyətinin növbəti qiymətləndirilməsi üçün 1 №-li X1 xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən cavabdehə müraciət etmiş, lakin bu dəfə ona göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.

27. Sonuncu dəfə 1 №-li X114 dekabr 2021-ci il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

28. İddiaçı hesab edir ki, cavabdehin təqsiri üzündən ona əlillik xx.xx.2021-ci ildən deyil, xx.xx.2021-ci ildən təyin edilmişdir. Yəni, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs sayılması, nəticədə bu dövr üzrə ona pensiya ödənişinin həyata keçirilməsi barədədir.

29. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə cavabdehin 25 iyun 2021-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

31. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

32. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən 25 iyun 2021-ci il tarixli imtina qərarının məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin 25 iyun 2021-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.

33. Cavabdehin 25 iyun 2021-ci il tarixli imtinası, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs sayılması barədə iddiaçının tələbi qanunvericiliyin bəhs olunan tələbləri baxımından əsaslı deyildir.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, iddiaçının barəsində 25 iyun 2021-ci il tarixli TSEK-in imtina qərarı qüvvədə olduğu müddətcə, onun xx.xx.2021-ci il tarixdən əlil hesab edilməsı barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

35. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir.

36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-2068/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər olan dövrə görə ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar