Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-633/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü il 05 aprel tarixində İddiaçındən 51111.10 AZN (ƏDV 9200) məbləğində mallar alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisnin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müəssisə olaraq xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatından keçərək təsis olunmuş, fəaliyyət göstərdiyi müddət ərzində nümunəvi vergi ödəyicisi olmuş, əsas iqtisadi fəaliyyəti mebel avadanlıqlarının idxalı və ölkə ərazisində satışıdır. Fəaliyyəti çərçivəsində kifayət qədər dövlət büdcəsinə vəsait ödəmiş, ölkənin iqtisadi cəhətdən inkişafının bir hissəsi olmuşdur. Lakin, onun fəaliyyətinə maneə olmaq istəyən cavabdeh xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir. Qərarda əsas olaraq “Qarşılıqlı əməliyyat apardığını: vergi ödəyicisində xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı qeydiyyata qoyulmuş təsərrüfat subyektinin real olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq tərəfindən təqdim olunmuş cəmi 60311 manat dəyərindəki qaimələr əmtəəsi: əməliyyatlar çərçivəsində həyata keçirilmiş hesab olunur.” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarın 2,1.2-ci yarımbəndini qeyd edərək əsassız və qanunsuz xx.xx.2023-cü il tarixli **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar qəbul etmişdir. Bundan əvvəl görüşdə olmağına, dəfələrlə məktublar yazmağına baxmayaraq qərar qəbul edilmişdir. Halbuki qərarın qəbul edilməsi üçün heç bir əsas yoxdur və tamamilə subyektiv fikirlərə əsaslanan mülahizələrdir. Heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş ərizəni əsassız hesab edir. Belə ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi mebellərin topdan satışı qeyd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bildirilir ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Belə ki, Dövlət Vergi Xidmətinə X3 (VÖEN: **********) tərəfindən daxil olmuş məktuba əsasən İddiaçı MMC-nin mal təqdim etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir (müvafiq məktub etiraza əlavə olunur). Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadığı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X1 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. İddiaçı MMC tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında Ali Məhkəmənin hüquqi mövqeyi də müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan və təqdim edilmiş etirazdan aydın olur ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə **********379000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” qərar məhz iddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı əməliyyatına görə qəbul edilmişdir. Hazırda "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədə əsasən müəyən olunur ki, Cavabdehin riskli hesab etdiyi və "xxxx" MMC ilə əməliyyat aparıldığına görə barəsində riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilən iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilsə də, "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına əlavə edilməmişdir. Həmçinin, riskli vergi ödəyicisi ilə aparılmış bütün əməliyyatların qəti şəkildə əmtəəsiz əməliyyat olması qənaətinə gəlmək düzgün hesab oluna bilməz. Çünki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Halbuki, burada "xxxx" MMCnin riskli vergi ödəyicisi olmasına dair qərar belə mövcud deyildir. İddiaçının "xxxx" MMC ilə alqı-satqı əməliyyatı həyata keçirlən zaman "xxxx" MMC-nin hansı anbarda saxlamaq üçün mal aldığını və həmin qeydiyyata qoyulmuş fəaliyyət obyektinin qanuni şəkildə qeydiyyatda olub-olmadığını araşdırmaq və ya müəyyən etmək kimi bir vəzifəsi və ya səlahiyyəti qanunvericiliklə müəyyən olunmamışdır. Bu isə qəbul edilmiş qərarın əsaslı olmadığını göstərir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərarında buraxılmış yanlışlıqların düzəldilməsi, qərarın əsaslandırma hissəsinin 1-ci abzasındakı ifadə “iddia təmin edilməlidir” ifadəsi kimi oxunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbini cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi təşkil edir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçının mal təqdim etidyi "xxxx" MMC-nin obyektinin real olmadığı müəyyən edilmiş, faktiki olaraq həmin anbardan istifadə etmək hüququ olmamış, görüntü yaratmaq üçün icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd edilən əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara uyğun olduğunu nəzərə alaraq, qeyd edilən qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı barəsində 60311 manat məbləğində qaimələrin əmtəəsiz əməliyyatlar çərşivəsində həyata keçirildiyini hesab etmişdir. Həmçinin, cavabdeh inzibati orqan həmin qənaətə məhz iddiaçı vergi ödəyicisi ilə "xxxx" MMC arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həmin MMC-yə malların satılması nəticəsində gəlmişdir. Eyni zamanda cavabdeh vergi orqanı həmin əməliyyatın əmtəəsiz əməliyyat hesab olunması barədə gəldiyi qənaətini həmin malların alqı-satqı müqaviləsi üzrə mal alan qismində çıxış edən "xxxx" MMC-nin obyekti icarəyə götürməsi ilə bağlı icarə müqaviləsinin saxta olması, görüntü üçün belə bir müqavilə bağlanılması, faktiki istifadə hüququnun olmaması kimi hallarla əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh vergi orqanının istinad etdiyi hallar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçn əsas qismində çıxış etməmişdir. Belə ki, vergi ödəyicisi qismində çıxış edən iddiaçının alqı-satqı müqaviləsi bağladığı vergi ödəyicisinin obyektinin olub-olmaması, obyektinin fəaliyyətinin qanuni əsaslarla olub-olmaması barədə məlumat əldə etmək, həmin məlumatları dəyərləndirmək, ona əsasən malların satılıbsatılmaması barədə qənaətə gəlmək kimi bir vəzifəsi, öhdəliyi mövcud olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı qeyd edilən MMC-yə sorğu ünvanlanmış, həmin müəssisə tərəfindən məhkəməyə malların alqı-satqı müqaviləsi, elektron-qaimə, hesab faktura, təhvil-təslim aktı və digər sənədlər təqdim edilmişdir. Həmçinin, "xxxx" MMC-nin adı həmin əməliyyatın aparıldığı tarixdə riskli vergi ödəyicisi siyahısında olmamışdır. Hətta riskli vergi ödəyicisi hesab edilsə idi belə, bu hal iddiaçının həmin hüquqi şəxslə əməliyyat aparmasında əngəl deyildi və iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün əsas qismində çıxış edə bilməzdi. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında baş tutmuş əməliyyatın əmtəəsiz olduğunu, yəni faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri ilə sübuta yetirməlidir. Həmçinin cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının mal satışından əldə etdiyi gəliri vergiyə cəlb edilən əməliyyat kimi qiymətləndirmişdir ki, bu da, əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, indiki halda sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsinin əsaslarına dair heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçı barəsində qəbul edilmiş qərar ehtimallara əsaslanmaqla, qanunvericiliyin tələbinə uyğun olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-857/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-633/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-633/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver