Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-633/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan torpaq sahəsinin özəlləşdirilərək, ona satılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının vərəsəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarış) ona məxsusdur. Qeyri-yaşayış binasının yerləşdiyi 138,6 kv.metr torpaq sahəsi onun qanuni istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Ərizəsinə çıxarışın və texniki pasportun surətlərini əlavə edərək, xx.xx.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş və istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, ƏMDX tərəfindən müvafiq sənədlər və torpağın dəyərinin ödənilməsi barədə hesab təqdim olunan kimi torpağın dəyərinin dərhal Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsinə təminat verir. Lakin, ƏMDX xx.xx.2021-ci il tarixli, **********91 saylı məktubla torpaq sahəsinin ona satılmasından imtina etmiş, imtinanın səbəbi kimi göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tərəfindən təqdim edilmiş sənədlərə adıçəkilən torpaq sahəsinə dair aidiyyəti icra hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı əlavə olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxıla bilər”. İmtina tam əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 5-ci hissəsində öz səlhiyyətləri daxilində icra, hakimiyyəti orqanlarının qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktları, qəbul etmək hüququ müəyyən edilmişdir. “Normativhüquqi aktlar haqqında” Qanunun 3.3-cü maddəsində icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktlar sisteminə daxil edilmişdir. Hal-hazırda ƏMDX dövlət əmlakının özəlləşdirilməsi sahəsində icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirir və öz səlahiyyətləri daxilində onun qanuni istifadəsində olan torpağı ƏMDX ona satmalıdır. xx.xx.1991-ci ildə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” ARnın Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin Qanunla suveren dövlət kimi Azərbaycan Respublikası özünün iqtisadi müstəqilliyini müəyyən etməklə özünün ərazisində olan bütün təsərrüfat subyektlərinin fəaliyyətinə dövlət nəzarətini və hüquqi tənzimləməni öz üzərinə götürməklə bu funksiyaları həyata keçirmək hüququnun ancaq Azərbaycan Respublikasının müvafiq orqanlarına aid olmasını elan etmişdir. Eləcə də, məlum olduğu kimi, həmin Qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasında yeni iqtisadi və mülkiyyət münasibətləri yaradılmış, nəticə etibarı ilə SSRİ-dən qalma planlı iqtisadi münasibətlərdən bazar iqtisadi münasibətlərinə keçilmişdir. Planlı sovet iqtisadiyyatından bazar iqtisadi münasibətlərinə keçərkən kiçik və orta özəlləşdirilmənin aparılması dövlətin iqtisadiyyatının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin vətəndaşların xüsusi mülkiyyəti altında olmaqla, onların qanuni istifadəsində olan torpaq sahələrinin onlara satılması nəticəsində dövlət büdcəsinə maliyyə vəsaiti daxil olur ki, əslində ƏMDX dövlət büdcəsinə gəlirlərin artırılması məqsədi ilə bu kateqoriya torpaqların onların istifadəçilərinə satılmasında maraqlı olmalı və həmin torpaq sahələrinin vətəndaşlar tərəfindən satın alınması üçün müvafiq iş aparmalıdır. Bunun əvəzində isə ƏMDX əsassız bəhanələrlə onun xüsusi mülkiyyətinin altında olmaqla, onun qanuni istifadəsində olan torpaq sahəsini ona satmaqdan imtina edir. Hüquqi cəhətdən istifadəsinə verilmiş 138,6 kv.metr torpaq sahəsinin faktiki olaraq özəlləşdirilərək, xüsusi mülkiyyətinə verilməməsi dövlətimizin apardığı sahibkarlığın inkişafına köməklik göstərilməsi siyasəti ilə ziddiyyət təşkil edir. Yuxarıda göstərilənlərdən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin mənim qanuni istifadəmdə olan torpaq sahəsini həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətində olan daşınmaz əmlak olmasına baxmayaraq, ona satmaması Xidmətin vəzifəli şəxslərinin qanunusuz hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Göstərilən səbəblərdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə vəfat etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-339/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin icraatı İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə inzibati işin icraatının təzələnməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir (hakim Leyla Mirzəyeva). Qərardadla razılaşmayan iddiaçının vərəsəsi X4 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün işi Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi iddia üzrə işin icraatına bu əsasla xitam vermişdir ki, mərhum iddiaçının vəkili tərəfindən İddiaçı hüquqi varisinin müəyyən edilməsinə dair hər hansı sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Halbuki, işə saat 15.30-da baxılan gün, səhər tezdən vəkil tərəfindən İddiaçı hüquqi varisinin adından (etibarnamə əsasında) müvafiq sənədlər və iş üzrə icraatın müvəqqəti dayandırılması haqqında vəsatət elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Beləliklə, hakim müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, iş üzrə icraata əsassız olaraq xitam vermişdir. İş üzrə icraata xitam verilməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun müdafiəsini təmin etmir və hüquqlarının pozulmasına səbəb olur. İlkin instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmişdir, mübahisələndirdiyi qanunsuz qərardadı çıxarmaqla, tərəflər arasında mövcud olan mübahisəni həll etməmişdir və həlli qaydasını da göstərməmişdir. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmış vəziyyət olduğu kimi qalmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının vərəsəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...... Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;.... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış binasının altında yerləşən qanuni istifadəsində olan müvafiq torpaq sahəsinin özəlləşdirilərək ona satılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçı vəfat etdiyindən və hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyindən, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən iddia tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə prosesinin gedişatı zamanı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı qanun üzrə vərəsələri sırasına daxildir. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin onun adına özəlləşdirilməklə, ona satılmasından ibarət olmuşdur. Kollegiya qeyd edir ki, indiki halda iddiaçı vəfat etdiyindən aydınlaşdırılmalı olan hal məhz iş üzrə icraatın hüquq varisliyi qaydasında davam etdirilib-etdirilməməsinin mümkünlüyü məsələsi, başqa sözlə desək, mübahisəli hüquq münasibətinin xarakterinin hüquqi varisliyinə yol verib-verməməsi ilə bağlı məsələ təşkil edir. Bununla bağlı kollegiya qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. İndiki halda iddiaçının tələbi məhz əmlakın onun adına özəlləşdirilərək, ona satılması ilə bağlı olduğundan, mahiyyət etibarilə həmin tələb məhz onun şəxsən özünə aid olan tələb kimi çıxış etmişdir. İddiaçı vəfat etdiyindən (hüquq və fəaliyyət qabiliyyətli olmamaqla, hüququn subyekti qismində çıxış etmədiyindən) özəlləşdimənin onun adına həyata keçirilməsi və yekun olaraq alıcı qismində onunla alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmadığından, həmin tələb şəxsin özünə aid tələb olduğundan, həmin tələb üzrə hüquq münasibətinin xarakteri hüquq varisiliyinə yol vermir. Başqa sözlə desək, əmlakın adına özəlləşdirilməsi və həmin prosesin yekunu olaraq alqı-satqı müqaviləsinin bağlanılması məhz tələb edən şəxsin özünə aid olan (onun şəxsiyyəti ilə bağlı) hüquq kimi mövcud olmaqla, məhz onun üçün hüquqi nəticələr yarada bilər, şəxsən onunla bağlı həyata keçirilə bilər. Bu baxımından kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə hüquq münaisbətinin xarakteri hüquq varisliyinə yol vermədiyindən, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsində yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan əmlak miras əmlak qismində çıxış etməklə, miras şəriklərinə məxsus olan əmlak kimi (vərəsələr arasında miras pay bölgüsünü aparılanadək) çıxış edir. Belə olan halda isə miras şəriklərinin əmlakın özəlləşdirilməsi ilə bağlı məsələdə tələb hüquqları bu icraat çərçivəsində deyil, həmin əmlaka dair vərəsələr tərəfindən vərəsəlik şəhadətnaməsi əldə edilməklə, yeni mülkiyyətçi qismində həmin əmlakın altında yerləşən torpaq sahəsinin özlərinin adına özəlləşdirilməklə, onların adına satılmasını tələb etmək hüquqları qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlər daxilində ortaya çıxa bilər. Bu baxımında kollegiya iddiaçının vərəsəsinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq onu qeyd edir ki, iddiaçının vərəslərinin vərəsəlik şəhadətnaməsi əldə etməklə, yeni mülkiyyətçi qismində çıxış etdiyi halda həmin əmlakla bağlı özlərinə aid hüquqlarının (özəlləşdirmə ilə bağlı) pozulduğunu hesab etdikdə, ayrıca özlərinə aid tələb şəklində (ayrıca icraat qaydasında) məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanları vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, işin icraatına xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-633/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-633/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver