Məhkəmə qərarları › İş №2-1(105)-634/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-634/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-634/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1582/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1ində anadan olmuşdur. ünvan 1i ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftkimyaquraşdırma” müəssisəsinin 2 saylı trestində elektrik qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisənin 2 saylı trestində elektrik qaynaqçısı, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma və Təmir Filialında əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir (xx.xx.2007-ci il tarixində “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri yenidən təşkil olunaraq ARDNŞ-nin “Neftqaztikinti” trestinə verilmiş, “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 06 dekabr 2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38909,87 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36188,12 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 52 yaşı tamam olduğu vaxtdan, lakin pensiya ödənişləri 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 01 sentyabr 1979-cu ildən 28 noyabr 1979- il tarixinədək “Qlavuprmontajspesstroy” təlim kombinatında elektrik qaynaqçı kursunu bitirdikdən sonra əmək fəaliyyətinə elektrik qaynaqçı kimi 15 mart 1979-cu ildə başlamışdır və axırıncı iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 7 saylı Tikinti Quraşdırma İdarəsi olmaqla həmin idarədən 12 iyul 2010-cu il tarixdə işdən azad edilmişdir. 20 aprel 1980-ci ildən 16 may 1982-ci ilədək Sovet Ordu sıralarında həqiqi hərbi ximətdə olmuşdur. Beləliklə, onun ümumi əmək stajı 31 ildən artıq olmaqla, 29 il elektrik qaynaqçısı iş stajı vardır. 20 fevral 2021-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur. O, bütün zəruri sənədləri əlavə etməklə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(112)-5536/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1582/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 01 dekabr 2013-cü ildən (lakin pensiya ödənişləri 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus güzəştli arayışın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərara əsaslandığı halda, Sumqayıt İnzibati Məhkəməsinin qərarında xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarın 1 №-li siyahısına istinad edilərək iddia tələbi təmin edilmişdir. Belə ki, SOCAR “Neftqaztikinti” Tresti tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2022ci il tarixli arayışlar təqdim edilmişdir. Həmin arayışlarda İddiaçı işlədiyi əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinin AR NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 35-ci ümumi peşələr bölməsindəki əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun gəldiyi əks olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifələrin AR NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №li siyahısının Dağ-mədən işləri adlanan 1-ci bölməsinin “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” üzrə “əl ilə qaynaqda elektrik qaynaqçıları” adlı 1010300a-19906 kodla tənzimlənən güzəştli vəzifəyə uyğun gəldiyi bildirilmişdir. Lakin SOCAR “Neftqaztikinti” Tresti tərəfindən verilmiş arayışdakı güzəştli peşə NKnın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Ümumi peşələr” adlanan 33-cü bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun gəlir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə xx.xx.1993cü il tarixli 320 nömrəli qərarın 2 №-li siyahısına uyqun gəldiyi halda, birinci instansiya məhkəməsi 1 №-li siyahıya istinad edərək iddianı təmin etmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarında istinad olunan vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında əks olunan müvafiq bölməyə uyğun gəldiyi halda, müəssisə tərəfindən məhz 35-ci ümumi peşələr bölməsindəki əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun olduğu bildirilmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verdi, həmçinin iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu vaxtdan, lakin pensiya ödənişlərinin 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin, həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşının tamam olduğu 20 fevral 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı üzrə azı 12,5 il güzəştli iş stajının mövcud olması. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12.5 ildən artıq güzəştli iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində və iddiaçıya verilən imtinada yalnız iddiaçının pensiya kapitalını toplamadığını mübahisələndirmiş, həmçinin arayışdakı güzəştli peşənin NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahıya uyğun gəldiyi halda birinci instansiya məhkəməsinin qərarında NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 1 №-li Siyahısına istinad etdiyini qeyd etmişdir. Başqa sözlə cavabdeh iddiaçının həm güzəştli, həm də ümumi iş stajının mövcudluğunu qəbul etmişdir. Buna baxmayaraq kollegiya bir daha hər iki şərtin mövcudluğunu araşdıraraq qeyd edir ki, əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftkimyaquraşdırma” müəssisəsinin 2 saylı trestində elektrik qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisənin 2 saylı trestində elektrik qaynaqçısı, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma və Təmir Filialında əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir . H3 seriyalı, ******* nömrəli hərbi biletinə əsasən, iddiaçı 20 aprel 1980-ci il tarixdən 24 may 1982-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, hərbi xidmət dövrü ilə birlikdə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması sübuta yetirilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya qeyd edir ki, SOCAR “Neftqaztikinti“ tresti tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli arxiv arayışında qeyd edilir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən “əl ilə qaynaq aparan və elektrik qaynaqçısı” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Güzəştli staj ilə bağlı cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, SOCAR “Neftqaztikinti” Tresti tərəfindən verilmiş güzəştli arayış AR NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsaslandığı halda, birinci instansiya məhkəməsi qərarında NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 1 №-li siyahısına istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifə NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Ümumi peşələr” adlanan 33-cü bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun gəlir. Cavabdehin mövqeyi ilə razılaşaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının İ Bölməsinin 1010300a—19906 şifrəsinə uyğun olduğunu qeyd etsə də, Siyahıdan görünür ki, həmin şifrə 1 №-li Siyahının İ. Dağ-mədən işləri bölməsinə aid olmaqla şifrə ilə “tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” sahəsində əl ilə qaynaqda elektrik qaynaqçıları qeyd edilmişdir. Halbuki, işdən görünür ki, iddiaçı həmin sahələrdə deyil, neft-qaz sahəsində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahının 23200000 kodlu XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—19906 şifrinə uyğun gəlir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən İPM-nin 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində 2 saylı siyahı üzrə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Beləliklə, 01 yanvar 2006-cı il tarixədək iddiaçının 2 saylı siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olması müəyyən olunur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu dəlili əsasızdır. Çünki iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 20 fevral 2018-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün 01 dekabr 2021-ci ildə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 20 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 57 yaşından, 20 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-1582/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşından, 20 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar