Məhkəmə qərarları › İş №2-1(105)-634/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-634/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-634/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri yaşayış sahəsi-qaraj üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayon Giləzi kolxoz YAİK-nın xx.xx.1996-cı il tarixli Protokolqərarı əsasında ona ayrılmış qaraj üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1463/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayon Giləzi kolxoz YAİK-nın 30 may 1996-cı il tarixli, 07 saylı ptotokol qərarından görünür ki, Giləzi kolxoz YAİK-na kolxoza məxsus təmirə ehtiyacı olan qaraj ehtiyat hissələri anbarı, yük qaldıran tal, bir ədə elektrik transformatoru və s. 1976-1978-ci illərin tikililəri İddiaçı əmlak payına görə verilməsi qərara alınmışdır. Xızı rayonu “Giləzi” kolxozunun möhürü ilə təsdiq edilmiş 30 may 1996-cı il tarixli aktdan görünür ki, kolxozda gedən islahatlarla əlaqədar kolxoza məxsus qaraj ehtiyat hissələri anbarı, bir ədəd elektrik transformatoru, bir ədəd yükqaldıran tal və s. 1976-1978-ci illərin tikililəri 30 may 1996-cı il 07 saylı protokol qərarı ilə əmlak payına görə İddiaçı təhvil verilmişdir. Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 92 saylı cavab məktubdan görünür ki, Giləzi kolxozu X9 Komissiyasının 30 may 1996-cı il tarixli, 07 saylı qərarı və ona əlavə edilmiş sənədlər Xızı Rayon Dövlət Arxivində aşkar edilməmişdir. Cavabdehin imtina bildirişindən görünür ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər müraciətə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Giləzi kolxoz YAİK-nın xx.xx.1996-cı il tarixli Protokol-qərarı əsasında ona ayrılmış qaraj üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayon Giləsi kolxoz YAİK-nın və payçıların xx.xx.1996-cı il tarixli protokol-qərarına əsasən Giləzi kolxozuna məxsus təmirə ehtiyacı olan qaraj, qük qaldıran tal, 1 ədəd transformator və s. 1976-1978-ci il tikililəri əmlak payı kimi ona verilmişdir. Həmin qaraj-meydança hazıradək onun istifadəsindədir. O, qaraja mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının səbəbi kimi göstərilmişdir ki, qeydiyyata alınması nəzərdə tutlan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Cavabdehin bu imtinasını əsassız hesab edir. Belə ki, X5 qərarları həmin qərarla verilmiş əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1463/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aqrar-islahatları aparılması zamanı qaraj binası və s.tikililərin ayrılması barədə kolxoz tərəfindən qərar verilsə də, həmin qarajın yerini, ölçülərini müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur. Belə ki, qərarda həmin torpaq sahəsinin yeri onu eyniləşdirməyə imkan verən şəkildə təsvir edilməmiş, yerquruluşu sxemi isə ümumiyyətlə tərtib edilməmişdir. Odur ki, iddiaçının faktiki istifadəsində olan tikilinin məhz iddiaçıya YAİK qərarı ilə ayrılmış yer olmasını iddia etmək üçün heç bir əsas yoxdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Giləsi kolxoz YAİK-nın və payçıların xx.xx.1996-cı il tarixli Protokol-Qərarına əsasən Giləzi kolxozuna məxsus təmirə ehtiyacı olan qaraj, yük qaldıran tal, 1 ədəd transformator və s. 1976-1978-ci il tikililəri əmlak payına görə ona verilmişdir. Həmin qaraj-meydança bu gün də istifadəsindədir. Həmin qaraja mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh təşkilata ərizə ilə müraciət etmişdi. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın səbəbi kimi göstərilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan qeydiyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Cavabdeh bu imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etdi. Məhkəmə də eyni əsaslarla iddianı təmin etmədi. Bu isə qanunsuz olmuşdur. Belə ki, qanuna əsasən X5 qərarları həmin qərarla verilmiş əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. O da ərizəyə həmin qərarı və tikililərə dair tərtib edilmiş “eksplikasiya”nı əlavə etmişdir. Buna baxmayaraq məhkəmə iddianı təmin etməkdən imtina etməklə həmin tikililər üzərindəki mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmənin bu qərarını əsassız və qanunsuz hesab edərək apellyasiya şikayəti verirmişdir. İddiamı rədd edərkən məhkəmə ona əsaslanmışdır ki, AİK tərəfindən sənədlər arxivə təhvil verilməmişdir. O isə məhkəmədə bildirdi ki, Xızı arxivində yanğın olduğu üçün arxiv müdürü barəsində cinayət işi qaldırılıb və o, məhkum edilib. Məhkəmə bu faktı da araşdırmadı. Bundan əlavə, qərarında göstərir ki, təqdim etdiyi çertyojlarla qaraj meydançasının yerini müəyyən etmək mümkün deyil. Buna görə məhkəmə ekspertiza təyin etməli, həmin qarajın yeri ilə onun təqdim etdiyi çertyojun uyğun gəlib-gəlməsini müəyyən etməli və yalnız ondan sonra qərar qəbul etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ..... 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;.... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi qaraj üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeyriyaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər müraciətə əlavə olunmadığından, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan 30 may 1996-cı il tarixli aktın məzmunundan görünür ki, kolxozda gedən islahatlarla əlaqədar olaraq kolxoza məxsus olan qaraj ehtiyat hissələri anbarı, bir ədəd elektrik transformatoru, 1 ədəd yük qaldıran tal və s. 1976-78-ci illərin tikililəri 30 may 1996-cı il tarixli 07 saylı protocol qərarı ilə əmlak payına görə İddiaçı verildi, qarajın vəziyyəti nəzərə alınmaqla, ona düşən əmlak payının məbləği ilə əvəz edildi, Giləzi kolxoz YAİK-in və payçıların iştirakı ilə qaraj ehtiyat hissələri anbarları, bir ədəd elektrik transformatoru, 1 ədəd yük qaldıran tal və s. mövcud vəziyyətdə İddiaçı təhvil verilmişdir. İş materiallarında olan 30 may 1996-cı il tarixli 07 №li Protokolun məzmunundan görünür ki, Giləzi kolxoz YAİK-na kolxoza məxsus təmirə ehtiyacı olan qaraj ehtiyat hissələri anbarı, yük qaldıran tal, bir ədəd elektrik transformatoru və s. 1976-1978-ci illərin tikililəri İddiaçı əmlak payına görə verilmişdir. İndiki halda iddiaçı məhz həmin protokol əsasında qarajın onun mülkiyyətinə verilməsi halına istinad edərək, təmirə ehtiyacı olan qaraja dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının istinad etdiyi protokol və ona aid sənədlər arxiv idarəsində aşkar edilməmişdir. İddiaçının istinad etdiyi protokolun məzmununda isə iddiaçıya verilən əmlak kimi qaraj deyil, qaraj ehtiyat hissələri anbarı kimi qeyd edilmiş, iddiaçının tələbi isə qaraja dair mülkiyyət hüququnun dövlət qeydiyytaına alınması ilə bağlı olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, indiki halda iddiaçının iddia etdiyi əmlak cavabdeh inzibati orqanın mütəxəssiləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin müayinə aktının məzmunundan görünür ki, əmlakın yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 5275.0+0.0 kv.m, əmlakın ümumi sahəsi 227,6 kv.m. olduğu, daş hasarla əhatə olunduğu, mübahisəli halın baş vermədiyi, daş hasarla əhatə olunmuş torpaq sahəsinin ölçüsünün 0,5275 ha olduğu, torpaq sahəsindən kənarda tikintialtı sahəsi 0,07 ha olan su hovuzu mövcuddur və vətəndaş həmin hovuzun ona məxsus olduğunu bildirdi, torpaq sahəsi daxilində tikintialtı sahəsi 263,4 kv.m. olan 2 ədəd tövlə mövcuddur, vətəndaş həmin tövlələrin əvvəl qarajın anbarları olduğunu bildirdi, elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi təsərrüfat tikililəri (2102) layında yerləşir, yerüstü kommunikasiya xətlərinin mühafizəsi zonasında yerləşmir. Göründüyü kimi, iddiaçının iddia tələbi qaraja dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olduğu halda, indiki halda qaraj faktiki olaraq mövcud olmamış, iddiaçının iddia etdiyi sahədə mövcud olan əmlak məhz iki ədəd tövlə olması aşkar edilmişdir. İddiaçı isə həmin tövlələrin məhz qeyd edilən protokol əsasında ona verilmiş qarajın anbarları olduğunu bildirmişdir. Məhkəmə araşıdrması zamanı isə həmin tövlələrin məhz müvafiq protokol əsasında iddiaçıya verilmiş qaraj ehtiyat hissələri anbarı olması halının müəyyən edilməsi mümkün olmamışdır. Onu da qeyd etmək lazımdır ki, iddia tələbi hətta qaraj ehtiyat hissələri anbarı ilə bağlı olsa belə, faktiki olaraq həmin əmlak mövcud olmamışdır. Mövcud olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması isə qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Nəticə etibarilə, iddiaçının iddia tələbində qeyd etdiyi əmlakın mövcudluğu, habelə mövcud olan əmlakların məhz istinad edilən protokol əsasında iddiaçıya verilmiş əmlak olub-olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, həmin əmlakların yerləşdiyi torpaq sahəsi ilə bağlı da iddiaçının hər hansı əmlak hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi protokolun məzmununda məhz Giləzi kolxoz YAİK-na kolxoza məxsus təmirə ehtiyacı olan qaraj ehtiyat hissələri anbarı, yük qaldıran tal, bir ədəd elektrik transformatoru və s. 1976-1978-ci illərin tikililərin İddiaçı əmlak payına görə verilməsi qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, hətta iddia tələbində qeyd edilmiş qaraja tikili kimi yanaşsaq belə, həmin protokol qərarda tikililərin texniki vəziyyətinə dair heç bir məlumat qeyd edilmədiyindən, iddiaçının iddia etdiyi qarajın məhz həmin protokol qərarda qeyd edilmiş tikili olub-olmamasının müəyyən edilməsi (eyni əmlak olub-olmamasının) mümkün olmamışdır. Hansı ki iddia tələbinin əsaslılığı baxımından həmin halın müəyyən edilməsi zəruri olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmlaka dair hüququn yaranması üçün ilk növbədə həmin əmlaka dair hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi əmlaka dair hüququnun yaranması halını müəyyən etmək, nəticə etibarilə iddianının əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının məzmununda əmlaka mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn dövlət qeydiyyatına alınması şərtləri öz əksini tapmışdır. İndiki halda iddiaçının iddia tələbi həmin normanın dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə desək, məhkəmə araşdırması zamanı əmlakın mövcudluğu və mülkiyyət hüququnun yaranması halı müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddia tələbində qeyd edilmiş əmlak mövcud olmadığından, özünün təqdim etdiyi sənəddə əmlak olaraq qaraj deyil, qaraja ehtiyat hissələri anbarı qeyd edildiyindən, hazırda mövcud olan əmlak isə başqa təyinatlı (tövlə) əmlak olduğundan, habelə özünün istinad etdiyi sənəddə (eksplikasiyada) qaraj adlı əmlak və ona dair texniki göstəricilər əks olunmadığından, arxiv məlumatlarının aşkar edilməməsi səbəbləri və qarajın yerinin müəyyən edilməsi ilə bağlı istinad etdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1463/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar