Məhkəmə qərarları › İş №2-1(105)-635/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-635/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-635/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-1539/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X1 tərəfindən qəbul edilmiş 02.07.2021-ci tarixli, **********6135 nömrəli Qərara əsasən iddiaçı 1000 ( bir min} manat cərimə edilmişdir. Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli, DVX seriyalı, 006028 nömrəli aktda “OVN tədbiri zamanı çekdə qanunvericliklə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edildi” qeyd olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Ona görə ki, o bu ilin fevral ayından fəaliyyət göstərir və sahibkarlıqla bağlı hələ demək olar ki bir çox nüansları bilmir. Doğrudur qanunu bilməmək məsuliyyətdən azad etmir, amma bunun pandemiya ərəfəsinə təsadüf etməsi, hətta toylara icazə verilməməsi, digər məhdudlaşdırıcı tədbirlər salonun fəaliyyətinə öz mənfi təsirini həqiqi mənada göstərmişdir. Bütün bu neqativ hallar bir sahibkar olaraq onda maddi və mənəvi çətinliklər yaratmışdır. Qanunla nəzərdə tutulan, üzərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələrini bacardığı qədər yerinə yetirmiş, lakin vergi xidməti əməkdaşları təqdim olunan çeki qanunun tələblərinə uyğun gəlmədiyini bildirərək vəziyyətlə bağlı dərhal akt tərtib etmişlər. AR VM-nin 50.8-ci maddəsinin tələbinə əsasən Nəzarət-kassa aparatında vergi ödəyicisinin adı, vöeni çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, o cümlədən ƏDV və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nka markası və zavod nömrəsi, nka fiskal rejiminin nişanı, malın QR kodu, ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ, nisyə satış zamanı ödəniləcək məbləğ, ödənişin forması və üsulu, çekin növü, nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi məlumatları olmalıdır. Vergi xidməti müşavirləri tərəfindən tərtib olunan akta əlavə edilmiş NKA çekindən də göründüyü kimi 50,8-ci maddənin tələbinə uyğun bütün məlumatlar çekdə öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsində qeyd olunur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mııbahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Onlar bununla bağlı vergi xidməti müşavirlərindən humanist addım atılmasını gözləyərdilər. Bərbərxana və gözəllik xidmətləri göstərən salon olmasına baxmayaq hər zaman qanunun tələblərinə riayət etməyə çalışmışlar. Üzərinə düşən vəzifə və öhdəliklərini bacardığı qədər yerinə yetirməyə daima hazır olmuşlar. Operativ vergi nəzarəti zamanı vergi xidməti müşavirlərinə qanunla nəzərdə tutulan sənədləri də təqdim etmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-1539/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 16.1.9cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim olunmuşdur və həmin ciddi hesabat blankında qanunvericiliklə müəyyən edilmiş məlumatlar öz əksini tapmışdır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində bu məlumatlar olmalıdır: vergi ödəyicisinin adı; VÖEN-i; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (X3); ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu nəğd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskai əlamətlərdə təsvir olunan simvollar. Vergi xidməti müşavirləri tərəfindən tərtib olunan akta əlavə edilmiş NKA çekindən də göründüyü kimi 50.8-ci maddənin tələbinə uyğun bütün məlumatlar çekdə öz əksini tapmışdır. Ona görə də məhkəmədə işin hallarına, təqdim olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz hüquqi qiymət verilməlidir. TƏRƏFLƏRİN iZAHATİ İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış yazılı izahatinda apelyasiya şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iddiaçının məhkəməyə ünvanladı izahatını və iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. İddiaçı tərəfindən kassa çekinə qanunvericiliklə müəyyən edilmiş məlumatların daxil edilməməsi faktı iş materiallarından müəyyən olunur. Bu səbəbdən də cavabdeh vergi orqanı əsaslı olaraq “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2021-ci il tarixli **********6135 nömrəli qərarını qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.9-cü maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: vergi ödəyicisinin adı; VÖEN-i; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); gün ərzində vurulmuş çəklərin sayı və nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (X3); ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskai əlamətlərdə təsvir olunan simvollar. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının İstismarı qaydaları”nın 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin 02.07.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2-1(118)-1539/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar