Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-635/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi) Sədrlik edən və məruzəçi-hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçının hüquqi varisi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv.m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbini rədd edilməsinə dair ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv.m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-466/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Hazırda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda göstərilən qərarının ləğv edilməsi, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi və iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, müvafiq ünvanda təkrar və ətraflı yoxlama ölçü işləri zamanı məlum olmuşdur ki, ərizəçi tərəfindən göstərilən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 27 saylı qərarı ilə ayrılsa da, idarənin elektron kadastr baza məlumatlarında həmin ərazi Sumqayıt şəhər bələdiyyəsinin təsdiq olunmuş xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Bu səbəbdən də müvafiq qərarın icrası mümkün olmamışdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılan zaman məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri cavabdehin ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının hüquqi varisi X8 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxslərin izahatların dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və həmin məhkəmə qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iş üzrə qəbul edilmiş həmin məhkəmə qərarının ləğv edilməsini və icraatın təzlənməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsası qismində məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə mümkündür. İndiki halda cavabdeh tərəf hazırki iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas qismində sözügedən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşməsi, məhkəmə qərarının icrasının bu səbəbdən mümkün olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, cavabdeh inzibati orqanın indiki halda istinad etdiyi halların yeni açılmış hal kimi qiymətləndirilməsi inzibati prosessual qanunvericiliyin tələbinə ziddir. Belə ki, həmin əsas hazırki iş üzrə məhkəmə araşdırmasının aparıldığı vaxt cavabdeh inzibati orqana bəlli olan hal olmaqla, o, bu barədə məlumatlı olmuş, bu hal sonradan yaranan hal kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən bu barədə məhkəmə araşdırması zamanı heç bir məlumat verilməmiş, həmin hala istinad edilməmişdir, halbuki həmin elektron baza məlumatları məhkəmə icraatı zamanı da mövcud olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda həmin məlumatların cavabdehdən asılı olmayan səbəblərdən təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da heç bir hal aşkar edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da aydın olur ki, hazırki iş üzrə bu barədə məlumat verilməməsinin idarənin əməkdaşının diqqətsizliyi ilə bağlı olduğunu qeyd etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanın qanunvericiliyin tələbinə əsasən öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi kimi qiymətləndirərək, iş üzrə gəldiyi nəticə əsaslı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd olunan yeni açılmış hallara istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını yenidən mübahisələndirməsi ilk növbədə qəbul edilmiş məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına almaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir, bu hal isə özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə və hüquqi müəyyənlik prinsipinin mahiyyətinə ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-635/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-635/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver