Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-636/2022 14.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)- 1005/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1005/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Quliyev). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-636/2022 nömrəli qərardadı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: b) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına təqdim olunan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixində 240,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsində isə deyilir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğunda və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, həmçinin iddiaçı bu əsasla tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 67, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1005/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-636/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-636/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver