Məhkəmə qərarları › İş №2-1(105)-637/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-637/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-637/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına qarşı “müharibə veteranı vəsiqəsini aldığı gündən öncəki 3 illik müddət hesablanmaqla ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair iş üzrə açar sözlər: veteran vəsiqəsi alması ilə bağlı əvvəlki üç ilə görə müavinət tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına qarşı “müharibə veteranı vəsiqəsini aldığı gündən öncəki 3 illik müddət hesablanmaqla ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixil, 2-1(118)-867/2021 saylı qərarından iddiaçı X1 verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına qarşı “müharibə veteranı vəsiqəsini aldığı gündən öncəki 3 illik müddət hesablanmaqla ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.04.1992-ci ildən 25.12.1993-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. O, müharibə veteranı vəsiqəsini 20.11.2020-ci ildə almış və hesab edir ki, əvvəlki dövr üçün müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinəti də almaq hüququ vardır. 08.02.2021-ci ildə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinə müraciət edərək, müharibə veteranı vəsiqəsi aldığı 20.11.2020-cu ildən əvvəlki dövr üçün ona müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin onun xahişi təmin olunmamışdır. Hesab edir ki, bu tamamilə qanunsuzdur, əsassızdır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, müharibə veteranı vəsiqəsini aldığı 20.11.2020-ci ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müvinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir.

Cavabdehin etirazları:

4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 12 aprel 2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd edilmişdir ki, iddiaçı 20 noyabr 2020-ci ildə veteran vəsiqəsi almış və həmin tarixdən ona Prezident təqaüdü təyin edilmişdir. Daha sonra iddiaçı A.İ.Şıxmuradov Fondun 2 saylı regional ərazi filialına müraciət edərək ona müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətlərin hesablanıb birdəfəlik ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İddiaçının müavinət almaq hüququ müharibə veteranı adının aldığı 20.11.2020-ci il tarixindən yarandığından ona həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanunsuzdur. Eyni zamanda “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət almaq hüququ onlara veteran adının və vəsiqəsınin verildiyi gündən yarandığından iddia tələbi əsassızdır, ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-867/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan iddiaçı X3 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-867/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq aylıq 80 manat Prezident təqaüdünün verilməsi, veteranlara müraciət edilmə tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan sosial müavinətin ödənilməsini məhdudlaşdıra bilməz. “Veteranlar haqqında” Qanunun tələblərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayıldığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddia tələbinin təmin edilməsi zəruridir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz təqdim edilərək apelyasiya şikayətinin əsassız olması və şikayətin təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı A.İ.Şıxmuradova veteran vəsiqəsi 20.11.2020-ci il tarixdə verilmiş və iddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 2 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 20.11.2020-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 15.04.2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina edilmişdir. Yəni, həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Həmin Qanunun 4-cü maddəsində müavinətin növləri arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir”. Bu müddəadan da göründüyü kimi, sosial müavinətin müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırki iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Bu səbəblə, iddiaçıya müharibə veteranı vəsiqəsini aldığı günədək (20.11.2020) müavinat ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə dair etirazda göstərilənləri müdafiə etməklə etirazda göstərilənlərə dair izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış iddiaçı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı A.İ.Şıxmuradovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

26. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranlarınhər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

27. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. 28.Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəttəyin edilir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: (-); Maddə 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir; (-).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hazırki qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq cavabdehin nümayəndəsinin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı müharibə veteranı statusunu 01 aprel 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki qərarın 26-cı bəndində istinad edilən qanun normasının, eləcə də 27-ci bənddə istinad edilən fərmanın tələblərindən göründüyü kimi şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəsini aldığı tarixdən əvvəlki dövrə görə də təqaüd tələb etməsi əsaslı deyildir. Yəni 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir, çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

32. Hazırki qərarın 7-ci bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır, ona görə ki, təqaüd sosial müavinətin növü olmadığı üçün hazırki qərarın 28-ci bəndində istinad edilən Qanunun 9.1ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Eyni zamanda adı çəkilən qanuna əsasən sosial müavinətin müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edildiyi halda hazırki iş üzrə iddiaçı ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərkən Prezidentin məlum Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət imkanı olmuş və bu imkandan yararlanmışdır. Yəni Fərman qəbul olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

34. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-867/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

X1 apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-867/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar