Məhkəmə qərarları › İş №2-1(105)-637/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-637/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-637/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin imtinasını qanunsuz hesab etməklə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və xx.xx.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə-xx.xx.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m. torpaq sahəsinin üzərində obyektin tikintisinə dair sərəncamın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və xx.xx.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə xx.xx.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m. torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi H.Həsənovun imzası ilə ona və Sumqayıt şəhər Baş Polis İdarəsinə ünvanlanmış B-21 saylı, 30 oktyabr 2014-cü il tarixli reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 oktyabr 2014-cü il, Seriya RX ******* saylı olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən icarəsində olan Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən sahəsi 80 kvadrat metr olan torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi barədə məktubu əsasında verilmiş icazənin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilmiş icazə sayılması barədə sərəncamın verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında 14 oktyabr 2014-cü il tarixdə bağlanmış 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0.008 ha torpaq sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Onun torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin xx.xx.2014cü il tarixli B-21 saylı icazə məktubu əsasında razılaşdırılmış eskiz layihəsinə əsasən ona həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisinə icazə verilmiş və ******* nömrəli xx.xx.2021-ci il tarixli istismara hazırlıq aktı tərtib olunmuşdur. O, öz vəsaiti ilə inşa edilmiş həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin ona ünvanlanan cavab məktubunda bildirilmişdir ki, onun inşa etdirdiyi tikinti obyektinə dair sənədləşmənin aparılmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq kodu alındıqdan sonra baxıla bilər. O, bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin ona izah olunmuşdur ki, qeyd edilən ərazidə tikintinin aparılmasına icazə verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı təqdim edildikdən sonra həmin kodun verilməsi mümkündür. Lakin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən tikintinin aparılması ilə bağlı rəsmi icazə sərəncam şəklində deyil, məktub şəklində ona təqdim olunmuşdur. Bu isə bu gün obyekt üzərində hüquqların dövlət qeydiyyatına alınmasında bir sıra çətinliklər yaradır. Buna görə də, iddiaçı cavabdeh təşkilata müraciət edərək ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində tikintinin aparılmasına dair sərəncamın surətinin verməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Həmin sərəncamın surətinin iddiaçıya verilməməsi səbəbindən ona qanuni əsaslarla ayrılmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na uyğun olaraq yuxarıda göstərilən tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra iddiaçının təkrar müraciəti əsasında qeyd olunan məsələyə yenidən baxıla bilər. Eyni zamanda mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikinti obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-233/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Fuad Məmmədov, hakimlər Hökümə Babayeva və Zahid Məmmədov). Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-233/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-1303/2022 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-233/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və Səyyad Kərimov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanının tikintiyə icazəsi müvafiq qərarla rəsmiləşdirilməli olduğu halda, ona bu icazə məktub formasında verilmişdir. Cavabdeh tərəfindən yol verilmiş bu pozuntunun aradan qaldırılması və tikintinin aparılmasına icazə verilməsi barədə qərarın (sərəncamın) qəbul edilməsi ilə bağlı etdiyi müraciətindən cavabdeh tərəfindən məntiqsiz bir əsas gətirilərək qanunvericilikdə artıq inşa edilmiş tikintiyə icazənin verilməsinin nəzərdə tutulmadığı səbəbindən imtina olunmuşdur. Halbuki, qeyd olunan pozuntuya cavabdehin özü tərəfindən yol verilərək 2014-cü ildə tikintiyə icazə verilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilməmişdir. Cavabdehin özü də tikilinin icazəli olduğunu mübahisələndirməyərək yalnız qanun normasının arxasına sığınaraq sözügedən qərarın verilməsinin mümkün olmadığını bildirmişdir. Təəssüf ki, birinci instansiya məhkəməsi işə baxarkən üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməmiş, işə səthi yanaşaraq tələblərinin hüquqi mahiyyətinə varmamışdır. İş üzrə müəyyən edilmiş hallardan da görünür ki, inşa etdirdiyi tikili üzərində hüququnu təsdiq edəcək sənədləri cavabdehin yol verdiyi pozuntu nəticəsində əldə edə bilmir. Belə ki, 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tikintiyə icazə ilə bağlı müraciət etdiyi zaman qüvvədə olmuş mətninə əsasən (05 mart 2019-cu il tarixli 1525-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 75-ci maddənin mətni yeni redaksiyada verilmişdir) barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Həmin Məcəllənin 75.6-cı maddəsinin mətninin əvvəlki redaksiyasında qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.7-ci maddəsinin mətninin əvvəlki redaksiyasında isə müəyyən edilmişdir ki, tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Göründüyü kimi, cavabdeh olan dövlət qurumunun səhvi ucbatından onun hüququ pozulmuşdur. Hesab edir ki, dövlət qurumunun tikintiyə icazəni qərar formasında deyil, məktub formasında verməklə yol verdiyi qanun pozuntusuna görə o, məsuliyyət daşımamalı və buna görə onun hüququ, o cümlədən mülkiyyət hüququ pozulmamalıdır. Bu cür hüquqi mövqe istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məkhəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır. Cavabdehin mövqeyinə görə, onun özünün 2014-cü ildə verdiyi icazə əsasında inşa etdiyi tikilinin qanunvericilikdə nəzərdə tutulmuş və vaxtında cavabdehin təqsiri ucbatından ona verilməmiş tikintiyə icazə qərarını almaq üçün artıq inşa edilmiş tikilini sökməlidir və bundan sonra təkrar tikintiyə icazə verilməsi barədə müraciət edərək tikintini yenidən inşa etməlidir. Məhkəmə də cavabdehin məntiqsiz və inzibati icraat haqqında qanunvericiliyə zidd olan bu mövqeyi ilə razılaşaraq inzibati məhkəmə icraatının prinsiplərinə və mahiyyətinə uyğun olmayan şəkildə hərəkət etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən iddiaçının və onun vəkilinin,cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2- 1(118)-1873/2021 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olmamasına dair hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin 06 saylı 05 may 2014-cü il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 138 nömrəli xx.xx.2014-cü il tarixli və Azərbaycan Respublikası DTXK Sumqayıt şəhər şöbəsinin 02/360 saylı xx.xx.2014-cü il tarixli rəylərini nəzərə alaraq Hacı Zeynalabdin bələdiyyəsinin mülkiyyətində olan 80 kv.m. torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə icarə hüququ qaydasında verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 138 nömrəli rəydən görünür ki, Hacı Zeynalabdin bələdiyyəsinin 85 saylı 10 aprel 2014-cü il tarilxli müraciətinə əsasən Hacı Zeynalabdin qəsəbəsi ərazisində sahibkarlıq məqsədi ilə 80 kv.m. torpaq sahəsinin ayırlmasına etiraz edilmir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeyduyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* seriyalı xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli B-21 saylı məktubdan görünür ki, hüquqi şəxs X1 tərəfindən (lisenziya № 081421) tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən iddiaçıya məxsus olan Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş 2014-cü ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan İddiaçı icarəsinə verilmiş 80 kv.m. torpaq sahəsi üzərindəki obyekt barəsindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı O.Şıxıyev, sifarişçi İddiaçı və layihəçi Babək Atakişiyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ÖD04736 nömrəli istismara hazırlıq aktından görünür ki, tikintisinə 30 may 2014-cü il tarixdə başlanmış və 03 may 2016-cı il tarixdə başa çatmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində inşa edilən ümumi həcmi V=576,0 kub metr, ümumi sahəsi S=131,04 kvm., tikinti sahəsi 80,0 kv.m. olan 2 mərtəbəli binanın müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqailəsinə əsasən 0.008 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının icarə hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində obyekt inşa etmək üçün icazə almaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi xx.xx.2014-cü il tarixli məktubu ilə tikinitnin aparılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı tikinti obyektini inşa edərək başa çatdırmış, bundan sonra tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istədikdə ona bildirilmişdir ki, tikiliyə Şəhərsalma və Arxitektura Komitəsindən kod alınması zəruridir. Həmin komitədən isə imtina cavabı verilərək bildirilmişdir ki, tikintiyə icazə verilməsinə dair sərəncam mövcud olmadığından kodun verilməsi mümkün deyildir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı əsasında verildiyi, bununla yanaşı Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsinin nəzərdə tutulmadığı, iddiaçı isə hazırki iddia tələbində artıq inşası 2016-cı ilin may ayında başa çatmış obyektin ikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən hesab etmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla qanunvericiliklə müəyyən edilmiş müddətdə baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Hazırkı işdən isə görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaçıya məktub ünvanlayaraq ona məxsus torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçıya istifadəsində olan torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə müvafiq icra hakimiyyətinin qərarı ilə verilməmiş, Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsi isə nəzərdə tutulmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur: İddiaçı sözügedən məsələnin həll edilməsi məqsədi ilə məhkəmədən əvvəl 2 (iki) dəfə cavabdehə müraciət etmiş, cavabdeh birinci cavabda göstərmişdir ki, “tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra təkrar müraciətiniz əsasında qeyd olunan məsələyə yenidən baxılacaqdır”, ikinci cavabda isə yazmışdır ki, “mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikinti obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmamışdır”. Cavabdeh yuxarıda göstərilən 2 (iki) cavabla iddiaçı üçün “qapalı dairə” yaratmış olur, belə ki, ilk cavabda yazır ki, “müvafiq kod” alıb sonra təkrar müraciət edin, ikinci cavabda isə qeyd edir ki, “artıq inşa edilmiş və uzun müddət istismar olunan tikinti obyektinin tikintisinə icazə verilməsi... Şəhərsalma və Tikinti Məcəlləsində... nəzərədə tutulmamışdır”. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq inzibati icraatın aparılıb-aparılmamasını yoxlamamışdır ki, burada da əsas məsələ sözügədən tikilinin tikinti normalarına uyğun olub-olmamasının araşdırılmasıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi özü tərəfindən tikili ilə və ona dair verilmiş bir sıra müsbət rəylərin işdə mövcud olması müəyyən edilsə də, bunlara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqailəsinə əsasən 0.008 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, həmin torpaq sahəsinə iddiaçının icarə hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçı həmin torpaq sahəsində obyekt inşa etmək üçün icazə almaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Sumqayıt şəhər İcra Hakimiyytəti Memarlıq və Şəhərsalma İdarəsi xx.xx.2014-cü il tarixli məktubu ilə tikinitnin aparılmasına etiraz edilmədiyini bildirmiş, iddiaçı tikinti obyektini inşa edərək başa çatdırmış, bundan sonra tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istədikdə ona tikiliyə Şəhərsalma və Arxitektura Komitəsindən kod alınmasının zəruri olduğu bildirilmiş və imtina cavabı verilmişdir. Bununla əlaqədar xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş məktubla həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləvğ edilməsi ilə bağlı inzibatı orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya huquqı şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparmalı, bu zaman həmin icraatda aidiyyəti iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun və iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar