Məhkəmə qərarları › İş №2-1(105)-638/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-638/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-638/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 27.01.2021-ci il tarixli, **********725300 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, e-2-1(118)-756/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarına əsasən müəssisəyə kameral qaydada 2020-ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi baxımından qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qanunsuzdur. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1 -ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının" 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları onlar tərəfindən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi oqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qanunsuz qərar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur (ödəmə mənbəyində vergi). “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi orqanının yanlış qənaətinə görə Vergi Məcəlləsinin 101.6-cı və "Nağdsız hesablaşmalar haqqında " Qanunun 3.5-ci maddəsinə uyğun olaraq elektron alış aktı əsasında əhalidən nağd qaydada satın alınan metal tullantılarına görə müəssisə tərəfindən onlara nağd qaydada ödənilən məbləğlərdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə vergi tutulmalı idi. Bu səbəbdən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qəbul edilmiş və əhaliyə ödənilən məbləğdən 2 faiz ödəmə mənbəyində vergi məbləği müəssisəyə hesablamışdır. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında " ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla )" şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı VM-nin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, VM-nin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədiiestetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir VM-nin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və VM-nin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər VM-nin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr VM-nin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Eyni zamanda VM-nin 15.1.2-ci, 24.0.3-cü və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə bağlı sahibkarlara metodiki köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən 07.11.2017-ci il tarixli **********851400 nömrəli, habelə 37.02.2018ci il tarixli **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. Hazırkı rəsmi məktublar da öz növbəsində iddia tələbimizin əsaslı olduğunu göstərir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, e-2-1(118)-756/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarının ləğv olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçınə 2020-ci ilin 3-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə analoji qaydada 74.869,17 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2020-ci ilin 9 ayı ərzində əldə edilmiş elektron alış aktlarına əsasən 3743458,40 manat dəyərində metal qırıntılarının qəbul edilməsinə baxmayaraq, 2020-ci ilin 9 ayı üzrə ÖMV bəyannamələrinin 1610-cu sətirlərində məbləğ qeyd edilməmişdir və bunun nəticəsində kənarlaşma üzrə vergidən yayınma riski yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd etdiyim məlumatlara əsasən 17.12.2020-ci il tarixli mətubla kameral vergi yoxlaması üçün zəruri olan sənədləri tələb edib iddiaçıya müraciət olunub ki, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunu, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədləri və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsini təmin etsin. Lakin iddiaçı tərəf qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC-nin metal qırıntılarını aldığı şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma İddiaçıMMC qanunvericliyin tələblərinə uyğun şəkildə alqı-satqı müqaviləsindən əldə etdiyi gəlir üçün dövlətə vergi ödəmir və həmin metal qırıntılarını toplayaraq onlara satan şəxsləri sahibkar kimi deyil, xırda alqı-satqı müqaviləsi həyata keçirən fiziki şəxslər kimi göstərir və nəticədə hər iki tərəf gəlir əldə edir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının göstərilməsi mütləqdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da aydın olur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Yəni, həmin maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədiiestetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa vergi orqanının özünün iş materialının 10-cu və 83-cü vərəqələrində olan 31.10.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir.Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. 31.10.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən e-alış aktlarına əsasən alınmış 3743458,40 manat dəyərində metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-yrı fiziki şəxslər tərəfindən satılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, e-2-1(118)-756/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar