Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-638/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, iddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı Abdulmecid oğlu həqiqətən Əmr: 95. xx.xx.1987-cü il tarixindən müəssisənin 55 saylı sexdə kara sürücüsü vəzifəsinə işə qəbul edimişdir. (55-ci sex elektrik sex olub 2 saylı istehsal sexin nəzdində fəaliyyət göstərib, karalar akumlyatorla işlədiyindən orda enerji doldurmağa qoyulub faktiki işləri 2 saylı istehsal sexində olub). Azərbaycan Respublikası mövcud qanunvericiliyə əsasən Əmr:№ 161k xx.xx.2007-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifəsindən azad edimişdir. Azərbaycan Respublikası Nazirlər Kabinətinin təsdiq etdiyi 21 iyun 1993-cü il, tarixli 320 saylı qərarının 2 №-li siyahısının X bəndinin 2110 5 000- 1753A üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 84 nömrəli arayışından görünür ki, İddiaçı Abdulmecid oğlu xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək Boru yayma sexində soyuq ahəsinin “140” aqrıqatında soyuq boru kəsicisi vəzifəsində işləmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 18 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 34-k saylı əmr xx.xx.1982-ci il tarixindən 55 saylı sexə Sumqayıt Məişət Kimyası zavoduna elektrik kara sürücüsü vəzifəsinə işə qəbul olunub. 55 Saylı sex köməkçi sex olduğundan işçi İddiaçı hazır məhsul istesal edən 2 saylı sexdə hazır məhsulıı yükləməklə işləmişdir. 2 saylı sex istehsal sexi olub zərərli sex siyahısına daxil olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, iddiaçı H.X4 təqdim etdiyi əmək kitabçasının surəti və güzəştli iş stajına dair arayışlara əsasən onun güzəştli iş stajı 02 il 11 ay 22 gün olmaqla (xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək) qanunvericiliklə tələb edilən 12 il 06 aydan, ümumi iş stajı isə 24 il 09 ay 15 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az təşkil edir. Bundan əlavə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, yəni 43440,00 manat təşkil etməli olduğu halda, 20158,17 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun zərərli işlərdə işlədiyi müddəti ümumi stajına daxil etməklə ona pensiya hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-ci ildə anadan olmuş, hal-hazırda 64 yaşı vardır. xx.xx.1982-xx.xx.1984 tarixlərində Quba RTS-də həm çilingər (fermalardatranspartyor) həm də sürücü, xx.xx.1984-xx.xx.1987-ci il tarixlərinə qədər Sumqayıt Boruprokat zavodunda kəsici (trubaların kəsilməsi), xx.xx.1987-xx.xx.1987-ci il tarixlərinə qədər Avtobazada Komunal xidmətlər zibil maşınına zibilləri yükləmək, qaldırıcı urğuda küçə işıqlarının dəyişdirilməsi) üzrə sürücü, xx.xx.1987- xx.xx.2007-ci il tarixlərində Soyuzbıtxim zavodunda Paraşok zavodunda Kara sürücüsü (akumlyatorlu kislata olan karalarda vaqon yükləyicisi) işləmişdir. Bütün bunları təsiq edən arayışları var. Zavodlardan hal-hazırda fəaliyyəti olanlar var və sorğu göndərilsə bütün dedikləri öz təsdiqini tapacaqdır. Gördüyü işlər zərərli iş olduğundan daim talonla qatıq süd ilə təmin olunmuşlar. Bu səbəbdən də Xüsusi Şərtlərlə Təqaüdə çıxmağı üçün dəfələrlə aidiyyəti quruma müraciət etmiş və ona pensiya təyinatından imtina cavabı gəlib. Ən son xx.xx.2022-ci il tarixində göndərdiyim məktubuma da cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona Xüsusi Şərtlərlə əmək pensiyası təyin edilfnəkdən imtina olundu. Cavabdeh tərəfindən ona Xüsusi Şərtlərlə Təyinat üzrə əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajım tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Lakin cavabdeh onun zərərli işlərdə işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. Cavabdehə müraciət edərək zərərli işlərdə işlədiyi müddətlərin ümumi iş stajına düzgün daxil edilməsini xahiş etmişdir. 18 may 2022-ci il tarixdə cavabdeh ərizəsilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, Nazirlər Kabinetinin qərarına görə tələb etdiyi məsələ onların səlahiyyətindən kənardadır, (cavabdehin imtinaedici aktının surəti əlavə edilir). Bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərindən biri müəyyən müddət əmək stajına malik olmaq və buna uyğun olaraq sosial sığorta stajının ödənilməsi və hesablanmasıdır. Cavabdehin ona ünvanlanmış cavablarından görünür ki, onun zərərli işlərdə işlədiyi iş stajına görə pensiyaya çıxma müddətimi düzgün hesablamayıblar. Bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən təyinatı öhdəliyi qoyulmalıdır və bu zaman hansı ildən pensiya hüququnun yaranması nəzərə alınmalıdır. Belə ki, müvafiq zərərli işlərdəki əmək stajım qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (Əmək pensiyaları haqqında Qanun, maddə 31.2 və İnzibati icraat haqqında Qanun, maddə 19). Belə ki, cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və o, əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 30.1). Belə ki, yaşa görə əmək pensiyasının hesablanması zamanı bütün əmək stajı və ona uyğun olaraq bütün sosial sığorta stajı və pensiya hüququnun hansı ildən yaranması nəzərə alınmalıdır. Çünki 57 yaşı tamam olan zaman müvafiq zərərli işlərdəki əmək stajı qanuni sənədlər əsasında təsdiq edildiyi üçün pensiyaya çıxmalı idi. Lakin aidiyyatı qurumların səhlənkarlığı səbəbindən pensiyaya çıxmağı bu günə kimi uzanır. Belə ki, cavabdeh qanuni tələbini icra etməkdən imtina edib və mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina edib. Bununla da cavabdeh sosial təminat və mülkiyyət hüququnu pozub. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinin mümkülüyünə dair ərizəsində qeyd etmişdir ki, İddiaçı 21 fevral 2022-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə ünvanladığı 08 may 2022-ci il tarixli **********6 nömrəli cavab məktubunda onun güzəştli iş stajının 02 il 11 ay 22 gün, ümumi iş stajının 24 il 09 ay 15 gün, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 20158,17 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsində ona pensiya hüququnun yarandığı 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 06 yanvar 2022-ci il tarixli 03 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1987-cii il tarixdə 95 nömrəli əmrlə 55 nömrəli sexdə kara sürücüsü peşəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə 161 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC-nin 06 yanvar 2022-ci il tarixli, 03 nömrəli arayışına əsasən kara sürücüsü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının 10-cu bölməsinin 2110b000- 1753a koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının 10-cu bölməsinin 2110b000- 1753ar kodunda məhsul istehsalının texnoloji prosesində tam işgünü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr nəzərdə tutulmuşdur. Siyahının 10-cu bölməsi kimya istehsalatı sahəsinə aid olmaqla İddiaçı 1987-2007-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi kara sürücüsü peşəsi müvafiq sahəyə aid deyildir. İş materiallarında olan "xxxx" ASC-nin 2021-ci il tarixli 84 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək boru yayma sexində soyuq sahəsinin 140 aqreqatında soyuq boru kəsicisi peşəsində çalışmışdır. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400-17968 kodunda nəzərdə tutulmuş, İddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Belə ki, iddiaçı H.X4 təqdim etdiyi əmək kitabçasının surəti və güzəştli iş stajına dair arayışlara əsasən onun güzəştli iş stajı 02 il 11 ay 22 gün olmaqla (xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək) qanunvericiliklə tələb edilən 12 il 06 aydan, ümumi iş stajı isə 24 il 09 ay 15 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az təşkil edir. Bundan əlavə iddiaçı H.X4 müraciət etdiyi tarixdə qüvvədə olan ‘Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, yəni 43440,00 manat təşkil etməli olduğu halda, 20158,17 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı xx.xx.2006-cı ilədək lazım olan stajı və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərini ödəmir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 02 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi boş dayanmada olmuş, yəni həmin dövrlər üzrə əməkhaqqı almamışdır. Belə olan halda iddiaçının işlədiyi, hərbi xidmət illərini ümumi hesabladıqda iş stajı 25 ildən (24 il 9 ay 15 gün) azdır. Göründüyü kimi iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajı 02 il 11 ay 22 gün olmaqla qanunvericiliklə tələb edilən 12 il 06 aydan, ümumi iş stajı isə 24 il 09 ay 15 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az təşkil olduğundan, bundan əlavə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, yəni 43440,00 manat təşkil etməli olduğu halda, 20158,17 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 10 yanvar 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş satjı kimi 24 il 9 ay 15 gün, güzəştli iş stajı kimi 2 il 11 ay 22 gün malik olduğunu qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul etmir, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. İndiki halda cavabdeh iddiaçının ümumi iş stajı ilə bağlı hissədə əmək kitabçasında olan qeydlərin 25 ildən az stajı ehtiva etdiyini bilirərək, 1981-1982-ci ildə işlədiyi dövrlə bağlı sənəd təqdim edilmədiyindən, həmin hissədə münasibət bildiirlməmiş, güzəştli iş stajına münaisbətdə isə işlədiyi peşənin (kara sürücüsü) kimya istehsalatı sahəsinə aid olmadığından, 1987-2007-ci illərdə "xxxx" ASC-də kara sürücüsü işlədiyi dövrü nəzərə almamışdır. Məhkəmə kollegiyası ümumi iş stajına aid hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, "xxxx" QSC tərəfindən verilmiş məktubun məzmununda iddaçının Azərbaycan Dəmir Yolu Mühafizə Dəstəsinin keçmiş işçisi olduğu və əmək fəaliyyətinə dair arxiv məlumatlarından çıxarış təqdim edilmişdir. Həmin arxiv çıxarış məlumatından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli 169 nömərli Əmr əsasında Şirvan stansiyasında yüklərin mühafizəsi üzrə atıcı peşəsinə işə qəbul edilmiş, 113 nömrəli xx.xx.1982-ci il tarixli Əmr əsasında xx.xx.1982-ci il tarixdən işdən azad edilmişdir (bu barədə əmək kitabçasında da müvafiq qeydlər aparılmışdır). Göründüyü kimi iddiaçının xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğil olması halı işəgötürən tərəfindən təqdim edilmiş arxiv məlumatı əsasında öz təsdiqini tapmışdır. Belə olan halda kollegiya hesab edir ki, həmin dövrlər də iddiaçıya münasibətdə iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə iddiaçıya münasibətdə cavabdehin qəbul etdiyi ümumi iş stajı müddəti (24 il 9 ay15 gün) və həmin dövr (xx.xx.1981-xx.xx.1982-ci illər: 8 ay18 gün) nəzərə alındıqda iddiaçı 25 ildən artıq ümumi iş stajına malik olur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmasına dair şərt ödənildiyindən, cavabdehin həmin hissədə arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya güzəştli iş satjına aid hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı xx.xx.1987-ci il tarixdə "xxxx" ASC-də kara sürücüsü peşəsinə işə qəbul olunmuş, xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur, bu barədə qeydlər əmək kitabçasında əks olunmaqla yanaşı, işəgötürən tərəfindən təqdim edilmiş arxiv məlumatları əsasında da öz təsdiqini tapmışdır. Həmçinin, müvafiq ASC tərəfindən güzəştli iş stajına dair arayış təqdim edilmiş, iddiaçının işlədiyi peşənin müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə X bəndinin 2110Б000- 1753A koduna aid olduğundan, güzəştli pensiya hüququ verən peşəyə aid olduğunu qeyd etmişdir. Müvafiq ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı hazır məhsul istehsal edən 2 saylı sexdə hazır məhsulu yükləməklə məşğul olmuş, 2 saylı istehsal sexi zərərli sex siyahısına daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda X bölmədə “”Kimya istehsalatı” (kod 2100000), 2110Б000-1753A kodu üzrə “Məhsul istehsalının texnoloji prosesində tam işgünü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr” qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin kimya istehsalatı sahəsinə aid olmadığını qeyd etsə də, ona dair hər hansı sübut təqdim etməmiş, habelə həmin hal işəgötürən tərəfindən təqdim edilmiş güzəştli iş stajına aid arayış və işin xarakterinə dair məlumat əsasında təkzib olunmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq Siyahı üzrə həmin kod üzrə peşə sahibi kimi fəhlələr ehtiva edilmişdir. İddiaçının işlədiyi peşə kara sürücüsü olmaqla, əmək funksiyasının xarakterinə görə fəhlə katqeoriyasına aiddir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının "xxxx" ASC-də kara sürücüsü peşəsində işlədiyi dövrlər 1987-2006-cı illərdə işlədiyi dövrlər güzəəştli iş stajı kimi nəzərə alınmalı olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq həmin dövr güzştli iş stajı kimi nəzərə alınmamışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin mübahisələndirmədiyi (2 il 11 ay 22 gün) dövrlər və iddiaçının işlədiyi 1987-2006-cı ilə aid dövrlər güzəştli iş stajı kimi nəzərə alındıqdan, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərti ödənilmiş olur. Həmçinin, kollegiya cavabdehin pensiya kapitalı ilə bağlı hissədə istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin qanuni əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi çıxış edir. Qeyd edilən qanunvericilik normalarının dispoztiv şərtində güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmıç pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı tamam olduğu vaxtda (xx.xx.2017-ci ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, işin halları tam araşdırılmamış, bununla da iş üzr gəldiyi nəticə yanlış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının pensiya təyinatı ilə bağlı cavabdeh inzibati orqana ilkin müraciəti xx.xx.2022-ci il tarixdə olduğundan, iddiaçıya xx.xx.2019-cu il tarixdən ödənilməmiş əmək pensiyası məbləği “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-713/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin "Əmək Pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-638/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-638/2025
29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver