Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-639/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" X8 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)- 1056/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şamaxı rayonu N.Məmmədov adına təsərrüfat yerli AİK və "xxxx" ATSC tərəfindən tərəfindən tərtib edilmiş 08 iyun 2000-ci il tarixli aktdan görünür ki, 1965-ci ildə tikilmiş bərpa dəyəri 160.000.000 manat olan və 34 il istifadə edildiyi üçün faktiki köhnəlməsi 88 faiz təşkil edən, qalıq dəyəri 19.500.000 manat təşkil edən “Yeməkxana və mehmanxana” adlanan bina təsərrüfatın ATSC-yə olan kredit borcu hesabına verilmişdir.
2. "xxxx" ATSC və X2 tərəfindənm imzalanmış 10 iyul 2000-ci il tarixli aktdan görünür ki, "xxxx" ATSC Şamaxı rayon H.Məmmədov adına təsərrüfatdan borc əvəzinə götürdüyü iki mərtəbəli dəyəri 19.500.000 manat olan mehmanxana binasını İddiaçı satmışdır.
3. xx.xx.2000-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı Təchizat ATSC-nin hesabına mehmanxana binasının satışına görə 19.500.000 manat ödəmişdir.
4. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********50 saylı bildirişindən görünür ki, Şamaxı Rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan iddiaçıya satılmışdır. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdi. İmtinada Mülki Məcəllənin 144.1-ci maddəsinə istinadən göstərilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Müraciətlə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı Rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan mülkiyyətinə satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlar dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 04 fevral 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, "xxxx" X8 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X8 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası 10 iyul 2000-ci il tarixdə İddiaçı 19 500 000 manata satılmışdır. İddiaçı əmlakın dəyərini tam şəkildə ödəmiş və uzun illərdir ki, həmin bina onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçı qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün 19 yanvar 2022-ci il tarixli **********50 saylı cavab məktubu ilə hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, guya əmlak iddiaçıya satılarkən əmlakın inventarizasiyası və qiymətləndirilməsi həyata keçirilməmişdir. Halbuki, cavabdehə müraciət edərkən təqdim edilən sənədlərdən də aydın görünür ki, əmlak iddiaçıya satılarkən tərəflər əmlakın dəyəri ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Bundan başqa cavabdeh öz imtina məktubunda “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 144.1- ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddi hüquq normalarına istinad etməklə iddiaçının müraciətinə imtina verilməsi tamamilə əsassız olmuşdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan borc əvəzinə "xxxx" X8 Cəmiyyətinə verilmişdir. Həmin əmlakın üzərində müəssisənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan 10 iyul 2000-ci il tarixdə tərtib olunmuş akt əsasında iddiaçıya satılmışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144,1. Daşınmaz əmlakın dövlət leyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən mehmanxana binasının alqı-satqısına dair hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün İddiaçı müraciətinin icrası mümkün olmamışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1056/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazlrki iş üzrə isə müəyyən edildi ki, əmlakın satıcısı olan "xxxx" ATSC-daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
10. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə qanunun normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh tərəf iddia tələbinə qarşı öz etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan borc əvəzinə "xxxx" X8 Cəmiyyətinə verilmişdir. Həmin əmlakın üzərində müəssisənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan 10 iyul 2000-ci il tarixdə tərtib olunmuş akt əsasında iddiaçıya satılmışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlakıar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdi. Bundan əlavə azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1 Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən mehmanxana binasının alqı-satqısına dair hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün İddiaçı müraciətinin icrası mümkün olmamışdır. İşdə olan Şamaxı rayonu N.Məmmədov adına təsərrüfatın yerli AİK və "xxxx" ARSC tərəfindən tərtib edilmiş 08 iyun 2000-ci il tarixli aktdan görünür ki, 1965-ci ildə tikilmiş bərpa dəyəri 160.000.000 manat olan və 34 il istifadə edildiyi üçün faktiki köhnəlməsi 88 faiz təşkil edən, qalıq dəyəri 19.500.000 manat təşkil edən “Yeməkxana və mehmanxana” adlanan bina təsərrüfatın ATSC-yə olan kredit borcu hesabına verilmişdir. Bundan başqa "xxxx" ATSC və İddiaçı tərəfindən imzalanmış 10 iyul 2000-ci il tarixli aktdan da görünür ki, "xxxx" ATSC Şamaxı rayon H.Məmmədov adına təsərrüfatdan borc əvəzinə götürdüyü iki mərtəbəli dəyəri 19.500.000 manat olan mehmanxana binasını İddiaçı satmışdır. xx.xx.2000-ci il tarixli qəbzdən də görünür ki, İddiaçı "xxxx" ATSC-nin hesabına mehmanxana binasının satışına görə 19.500.000 manat ödəmişdir. Məhkəmə qərarda daha sonra qeyd etmişdir ki, Şamaxı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon N.Məmmədov adına Kənd təsərrüfatı istehsal kooperativinin X7 Komissiyasının sənədlərində 08 iyun 2000-ci il tarixli akt aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, əmlakın satıcısı olan "xxxx" ATSC daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Daha sonra qeyd edilmişdir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının 18 fevral 1995-ci il tarixli Qanunda cavabdehin və məhkəmənin istinad etdiyi müddəalar öz əksini tapmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi, habelə digər nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən vəkil və nümayəndələrin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Hazırkı mübahisənin predmetini cavabdehin qeyri-yaşayış binasına iddiaçının adına reyestrdən çıxarışın verilməsindən imtinası təşkil edir.
19. İşdən görünür ki, iddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrasından yuxarıda qeyd edilən əsaslarla imtina edilmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mehmanxana binası Şamaxı rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş, torpaq islahatları aparılan zaman həmin əmlak təsərrüfatın yerli aqrar-islahat komissiası tərəfindən borc əvəzinə "xxxx" ATSC-yə verilmişdir. Daha sonra həmin bina "xxxx" ATSC tərəfindən 10 iyul 2000-ci il tarixli akta əsasən İddiaçı satılmışdır.
21. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararaq düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, əmlakın satıcısı olan "xxxx" ATSC- daşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.
23. Şamaxı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon N.Məmmədov adına Kənd təsərrüfatı istehsal kooperativinin X7 komissiyasının sənədlərində 08 iyun 2000-ci il tarixli akt aşkar olunmamışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər, o cümlədən 10 iyul 2000-ci il tarixli akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edən 8-ci maddədə sadalanan hər hansı əsasa, o cümlədən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlara (8.0.1); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrə (8.0.3.) uyğun gəlmir. Müvafiq aktlar həmçinin qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin siyahısını müəyyənləşdirən – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanında da nəzərdə tutulmamışdır.
25. Kollegiya həmçinin qeyd edir ki, 10 iyul 2000-ci il tarixli aktın tərtib edildiyi zaman qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 100 və 100-1-ci maddələri (xx.xx.1994-cü il tarixli qanunla əlavə edilmişdir), habelə “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Qanunu da həm hüquqi şəxslərin, həm də vətəndaşların xüsusi mülkiyyətində daşınmaz əmlakın, o cümlədən binaların olması imkanını nəzərdə tuturdu. Bununla yanaşı, həmin Məcəllədə qeyd edilən əmlaklar barədə qanuna zidd olmayan müqavilələrin bağlanması imkanı nəzərdə tutulmuş (maddə 100-1), 41-ci və 228-ci maddələrində isə yazılı əqdlər və alğısatqı müqaviləsi barədə şərtlər müəyyən edilmişdir. Eyni zamanda həmin vaxt qüvvədə olan “Notariat haqqında” qanunun əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması qaydalarını tənzimləyən 46-cı maddəsi də nəzərdə tuturdu ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir.
26. Lakin, göründüyü kimi iddiaçı tərəfindən üzərində mülkiyyət hüququnun qeydə alınması tələb olunan daşınmaz əmlakı – “Yeməkxana və mehmanxana” adlanan binanın alınmasını təsdiq edən sənəd kimi təqdim edilən 10 iyul 2000-ci il tarixli akt həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanılmış alqı-satqı müqaviləsi olmadığından iddiaçının həmin daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1056/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.