Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-64/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “ona məxsus torpaq sahəsində inşa edilmiş əmlak üzərində DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-404/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsində inşa edilmiş əmlak üzərində DƏDRX-ın 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi üzərində inşa edilmiş əmlak kompleksinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmsı ilə bağlı ərizə ilə DƏDRX-nin 4 saylı Ərazi idarəsinə rəsmi müraciət etmişdir. Həmin idarə tərəfindən **********71 saylı, xx.xx.2019-cu il tarixli bildirişlə hüquqların qeydiyyatından imtina edilmişdir. İmtina üçün əsas kimi cavabdeh əmlakın yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşdiyi, o cümlədən heç bir əsas olmadan guya torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst–üstə düşməsini göstərir. İmtina məktubunda bu yolverilməzliyi əsaslandıran heç bir qanuna və ya digər normativ akta istinad edilməmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaat aparılmasının yolverilməzliyinə gəldikdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Ona məxsus torpaq sahəsi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Anbarın inşası da məhz kənd təsərrüfatı məhsullarının bilavasitə sahədə anbarlaşdırılması, saxlanılması məqsədi daşıyır. Yəni bu obyekt kənd təsərrüfatının aparılması üçün vacibdir, belə ki, yığılmış məhsulun saxlanılmasına xidmət edir. Torpaq Məcəlləsinin yuxarıda göstərilən maddəsindən də göründüyü kimi, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində bu təsərrüfatın aparılması üçün zəruri olan tikili və ya qurğu ola bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13–cü maddəsinin 1-ci bəndi kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris–təcrübə və sınaq məqsədləri üçün istifadə edilməsinin mümkünlüyünü, 2–ci bəndi isə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmağın mümkünlüyünü ehtiva edir. Layihələndirilən obyektin ekoloji tələblərə cavab verdiyini, kənd təsərrüfatı məhsullarının xarab olmaması, saxlanılması, yəni səmərəliliyin təşkili məqsədi daşıdığı və həmin anbarın da bilavasitə kənd təsəsrrüfatı təyinatlı olduğunu nəzərə alsaq, bu anbarın inşası qanunvericiliyə zidd deyildir. Bundan əlavə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə də həmin sahədə tikintinin aparılmasının qanunauyğunluğu müəyyən edilmiş və eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan obyekt Abşeron rayonu, Saray qəsəbəsində yerləşməklə həmin ərazidə qeyri–yaşayış və inzibati binalar, obyektin yerləşdiyi məhəlləyə paralel küçələr üzrə şimaldan və qərbdən istehsalat binaları, şimaİ–şərqdən fərdi yaşayış evləri, cənubdan və qərbdən avtomobil yolları ilə əhatə olunmuşdur. Bundan əlavə, analoji hal üzrə, yəni kənd təsərrüfatı təyinatlı torpaqda olan tikintiyə reyestrdən çıxarışın verilməsindən hazırki cavabdeh tərəfindən imtina edilməsi səbəbindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi X3 iddiası əsasında inzibati işə baxmış və iddianın tələbinin təmin edilməsinə dair qərar çıxarmışdır. Məhkəmənin həmin qərarı qanuni qüvvəyə minmiş və iddiaçıva müvafiq çıxarış verilmişdir. Sumqayıt İnzibati– İqtisadi Məhkəməsinin eyni xararkterli işlər üzrə çoxsaylı qərarları vardır və həmin qərarlar qanuni qüvvəyə minmişdir. İcraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məsələsi məhkəmə islahatlarının əsası kimi yeni qanunvericliyin tərkib hissəsi olmaqla işlərə ədalətli və obyektiv baxılmasına xidmət edir. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması məhz vətəndaşın qanunla qorunan hüququnun pozulması kimi qəbul edilməlidir. Elektrik xəttlərinin mühafizə zolağı məsələsinə gəldikdə isə, cavabdeh bu xüsusata istinad etməklə inzibati icraat haqda qanunun tələblərini pozmuş və öz səlahiyyətlərindən kənarlaşmışdır. Belə ki, qeyd edilən obyekt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq surətdə inşa olunmuş, inşa edilməmişdən öncə məhz yuxarıdakı xüsusatlarin müəyyən edilməsinə səlahiyyətli orqan olan Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq müsbət Rəyi əsasında tikilmişdir. Yəni, qeyd edilən orqan bilavasitə tikintinin aparılmasına mane olacaq halları müəyyən edir, tikintinin aparılması və ya qadağan edilməsini müəyyən edir. Həmin Rəy isə Yanğından mühafizə, Ekologiya, Sanitarepidemioloji, xxxx ASC və s. texniki və sair cavabdehlik daşıyan orqan və təşkilatların müvafiq müsbət razılaşdırılmaları əsasında verilir. Bundan əlavə, tikintnin aparılması yerli icra hakimiyyəti orqanının Xüsusi Nişanı əsasındə aparılır ki, bu da ona tam qanuni əsaslarla verilmişdir. Həmçinin qeyd edir ki, tikinti bitdikdən sonra AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X9 bitmiş tikintini təhlil etmiş və xx xxxx 2019-cu il tarixdə buna dair yekun Rəyi vermişdir. Həmin yekun Rayə əsasən hər hansı bir qüsur və kənərlaşmalar müəyyən edilməmişdir. Bundan əlavə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 136 saylı, xx xxxxxx 2019-cu il tarixli İcazəsindən də görünür ki, təsdiq olunmuş sənədlərə əsasən tikniti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir və ondan istifadə mümkündür. Lakin cavabdehin ona təqdim edilmiş imtinası Daşınmaz Əmlakın Reyestri haqqında qanunun 15-ci maddəsində göstərilən əsaslara istinadən əsaslandırılmamış, cavabdeh faktiki olaraq öz səlahiyyətlərindən kənarlaşaraq qeydiyyatla bağlı məsələlərə münasibət göstərməmiş, o, əmlakın yerləşdiyi torpaq sahəsinin təyinatı məsələsinə münasibət göstərmişdir. Bu da müvafiq inzibati orqanın səlahiyyətlərindən kənarlaşmasında ehtiva olunur. Sözü gedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarış vardır. Həmin dövrdən etibarən çıxarışın verilməsini tənzim edən qanunvericilik sahəsində dəyişikliyin olmaması cavabdehin hərəkətlərinin qeyri–qanuni olmasını bir daha təsdiq edir. Həmçinin inşa edilmiş anbar binasının Azərbaycan Respublikası FHN müvafiq qurumu tərəfindən ekspertizası aparılmış, Yanğından Mühafizə, Ekologiya, Sanitar Epidemioloji və Gigiyena müəssisələri tərəfindən layihəyə müsbət rəy verilmiş, müvafiq İcra Hakimiyyəti tərəfindən tikintiyə razılıq verilmiş, sonradan tikinti qəbul edilərək müvafiq, müsbət, istismara qəbul aktı verilmişdir. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-404/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzərindəki qeyri-yaşayış obyektinə aid daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Aparılan araşdırma zamanı, yeni layihələndirilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələblər gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Bundan başqa, sözügedən qeyri-yaşayış binasının yüksək gərginlikli (10 kvt və 6 kvt) elektrik xəttlərinin mühafizə zolağında yerləşdiyi, həmçinin binanın yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq X5 istifadəsində olmasına baxmayaraq, başqa şəxslərin (**********21 və **********79 reyestr nömrəli çıxarışlarla) mülkiyyətində olan sənəd üzrə torpaq sahələrinin bir hissələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il 2 saylı qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilsin, buna müvafiq olaraq müdafiə tədbirləri seçilsin. Bundan başqa, qeyd edilir ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bununla əlaqədar məhkəmələrə izah olunur ki, bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11 -ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi, onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13- cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya müvafiq müsbət ekoloji rəyin təqdim edilməsini xahiş etmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tikili iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün, yəni kənd təsərrüfatı məhsullarının saxlanılması və qorunması üçün vacibdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdır. Torpaq sahəsinə dair seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5845 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1119 nömrəli rəy ilə iddiaçıya məxsus birmərtəbəli anbar və ikimərtəbəli ofis binasının tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizası nəticəsində tələb olunan normalara uyğunluğu müəyyən edilmişdir. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 201752 nömrəli rəyindən görünür ki, memarlıq və konstruksiya bölməsi üzrə aşkar edilmiş iradlar işçi qaydada aradan qaldırılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 21306/201752 nömrəli rəyindən görünür ki, “Abşeron rayonu, Saray qəsəbəsində ofis və anbar binasının” işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələbinin (işçi layihə Abşeron rayon İH ilə razılaşdırılmalıdır) yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericliliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X7 xx xxxx 2019-cu il tarixli, 1005 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus obyektin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 136 saylı, xx xxxxxx 2019-cu il tarixli İcazəsindən görünür ki, tikinti obyektinin istismarına icazə verilmişdir. X1 xx.xx.2020-ci il tarixli, 269 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsindəki torpaq sahəsində inşa edilmiş tikinti obyektinin təyinatı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi olduğu və həmin obyektin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğulara aid olduğu müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı xx.xx.2019cu il tarixli **********71 saylı imtina məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, inzibati orqan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli seriya RX ******* saylı çıxarışla torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir və hal hazırda rəsmiləşdirilməsi tələb edilən obyekt torpaq sahəsi deyil, həmin torpaq sahəsində inşa edilmiş müvafiq tikilidir. Ona görə də qeyd olunan arqumnet əsassızdır. Həmçinin müvafiq qeyri-yaşayış obyektinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, BA19/0406 nömrəli arayışdan görünür ki, müvafiq obyekt texniki şərtləri yerinə yetirdiyinə görə elektrik şəbəkəsinə qoşulmasına etiraz etməmişdir. Eyni zamanda Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, YG 19/19E-0014 nömrəli İstismara buraxılma Aktında da öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərindəki qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Cavabdehin bir dəlili ondan ibarərtdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələblər gözlənilmədən üzərində qeyri-yaşayış binası inşa edilmişdir. Bununla bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Həmin məcəllənin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Yuxarıda qeyd olunan normaların hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə özünə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektini tikmiş və bu iş materiallarına əlavə edilmiş X1 xx.xx.2020-ci il tarixli, 269 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Bu səbəbdən kollegiya cavabdehin apelyasiya şikayətinin müvafiq dəlilini əsassız hesab edir. Apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, qeyri-yaşayış binası yüksək gərginlikli (10 kvt və 6 kvt) elektrik xəttlərinin mühafizə zolağında yerləşir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, BA19/0406 nömrəli arayışdan görünür ki, müvafiq obyekt texniki şərtləri yerinə yetirdiyinə görə elektrik şəbəkəsinə qoşulmasına etiraz edilməmişdir. Eyni zamanda Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, YG 19/19E-0014 nömrəli İstismara buraxılma Aktında qeyd olunmuşdur ki, tikinti və quraşdırma işləri 09/15/338 nömrəli, xx xxxxx 2015-ci il tarixli və 02-10-91 nömrəli, xx xxxx 2015-ci il tarixli “xxxx” ASC-nin, TMX-18/0412 nömrəli, xx xxxx 2018-ci il tarixli və TMX- 18/0648 nömrəli, xx xxxxxx 2018-ci il tarixli “xxxx” ASC-nin texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir. Aktdan görünür ki, həmin akt İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinin xarici elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğularının istismara buraxılması üçün tərtib edilmiş və tikinti quraşdırma işləri qurtardığına görə obyekt istismara yararlı sayılmışdır. Beləliklə, cavabdehin bu dəlili də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin son dəlili isə ondan ibarətdir ki, binanın yerləşdiyi torpaq sahəsi sənəd üzrə və faktiki olaraq X6 istifadəsində olmasına baxmayaraq başqa şəxslərin (**********21 və **********79 reyestr nömrəli çıxarışlarla) mülkiyyətində olan sənəd üzrə torpaq sahələrinin bir hissələri ilə üst-üstə düşür. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan özü-özünü təkzib edən bir arqument gətirir. Belə ki, qeyd olunur ki, torpaq sahəsi sənəd üzrə və faktiki olaraq X6 istifadəsindədir. İnzibati orqan qeyd edir ki, torpaq sahəsinin faktiki və qanuni sahibi iddiaçı özüdür. İş materiallarına əlavə edilmiş torpaq sahəsinə dair seriya RX ******* nömrəli çıxarışdan da görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5845 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu halda torpaq sahəsinin başqa şəxslərin (**********21 və **********79 reyestr nömrəli çıxarışlarla) mülkiyyətində olan sənəd üzrə torpaq sahələrinin bir hissələri ilə üstüstə düşməsi barədə cavabdehin mövqeyini kollegiya əsasslz hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı həmin çıxarışların təqdim olunması barədə cavabdehin nümayəndəsinə müraciət olunsa da, məhkəməyə bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh **********71 saylı, xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmin məktubla cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə aktlar hesab olunur ki, bununla əlaqədar həmin torpaq sahəsində müvafiq tikintilərin aparılması üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 201752 nömrəli və xx.xx.2016-cı il tarixli, 21306/201752 nömrəli rəyləri, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X7 xx xxxx 2019-cu il tarixli, 1005 nömrəli rəyi , FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1119 nömrəli rəyi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 136 saylı, xx xxxxxx 2019-cu il tarixli İcazəsi müvafiq qurumlar tərəfindən verilmişdir. Həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması müvafiq çıxarışdan görünür, lakin iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası da məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulduğundan və tikinti normalarına uyğun olduğundan kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi qanunauyğun olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi istiqamətində müvafiq mütəxəssis rəyi alınmış, həmin rəyə əsasən iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsindəki torpaq sahəsində inşa edilmiş tikinti obyektinin təyinatı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi olduğu və həmin obyektin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvvəqəti tikililər və qurğulara aid olduğu müəyyən olunmuşdur. (xx.xx.2020-ci il tarixli, 269 nömrəli ekspert rəyi). Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-404/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-64/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-64/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver