Məhkəmə qərarları › İş №2-1(105)-64/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-64/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-64/2022 23.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(118)-382/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli 18 saylı protokoluna (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbəsi arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. 2.Sumqayıt Superfosfat zavodu tərəfindən təsdiq edilmiş “Novruz” qəsəbəsində mənzil alan işçilərin siyahısında 11-ci nömrə altında Əliyev Ramiz Nəci oğlunun adı qarşısında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha. qeyd edilmişdir.

3. 25 avqust 1993-cü il tarixli müqavilə ilə Sumqayıt Superfosfat zavodunun 11 avqust 1993-cü il tarixdə qəbul etdiyi 546 nömrəli əmr-qərarına əsasən, Sumqayıt şəhəri, Novruz qəsəbəsində 300 kv m torpaq sahəsində yerləşən iki otaqdan ibarət mənzil Əliyev Ramiz Nəci oğluna bağışlanılmışdır.

4. 19.04.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Əliyev Ramiz Nəci oğlu mənzili iddiaçıya satmış, iddiaçının həmin mənzilə mülkiyyət hüququ DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur.

5. İddiaçı faktiki istifadəsində olan 0.03 ha torpaq sahəsinin 0.013 ha hissəsini özəlləşdirmək məqsədi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh 23.09.2020-ci il tarixli, **********63 nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmamışdır.

6. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinin 0,013 ha hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(085)- 169/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019cu il tarixli, 2-1(105)-533/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(085)- 169/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2020-ci il tarixli 2- 1(102)-891/2020 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)- 533/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə qərarı icra edilərək 31.08.2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri Kərim Axundov küçəsi 49 (əvvəlki Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23 mənzil 2) ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.013 ha torpaq sahəsi vahid əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır.

11. Hazırda iddiaçı qalan 0.017 ha torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh 23.09.2020-ci il tarixli, **********63 nömrəli imtina məktubu ilə bildirmişdir ki, 0.013 ha torpaq sahəsi üzərində hüququn qeydiyyatı məhkəmə qərarı əsasında aparılmış, lakin 0.017 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

12. Bununla razılaşmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi 0,017 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilini 2014-cü ildə Əliyev Ramiz Nəci oğlundan almışdır. Ramiz Əliyev Sumqayıt Superfosfat zavodunun işçisi olmuş və mənzil həmin müəssisə tərəfindən ona verilmişdir. 2 saylı mənzil birmərtəbəli binada yerləşir, mənzil 78,8 kv.m ümumi sahəyə malik olub, 0,03 ha torpaq sahəsi üzərində yerləşir. 23 saylı evin 2-ci mənzilinin 0,03 ha torpaq sahəsi üzərində yerləşməsini Novruz qəsəbəsində mənzil alan işçilərin siyahısı, qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2- 1(085)-169/2019 saylı qərarı təsdiq edir. Arxiv arayışına görə Sumqayıt Superfosfat zavoduna mənzil tikintisi üçün “Novruz” qəsəbəsində 1,74 ha torpaq sahəsi ayrılmış və ayrılan torpaq sahəsinin 0,03 ha. hissəsi 2 saylı mənzilin ərazisi hesab edilmişdir. O, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 0,013 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(85)-169/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və adına 31.09.2020-ci il tarixli çıxarış verilmişdir. Lakin ona məxsus 2 saylı fərdi yaşayış evi 0,03 ha. torpaq sahəsində yerləşir. Texniki səhv səbəbindən iddia tələbi 0,013 ha. torpaq sahəsinə dair verilmişdir. ünvan 2-nin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə, yəni 0,017 ha. hissəsinə görə Dövlət Reyestrindən çıxarışın verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 23 sentyabr 2020-ci il tarixli, **********63 saylı məktubu ilə xahişi təmin etməmişdir.

14. Cavabdeh təşkilat iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı əsasında Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi 0,013 ha. torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparılmış, lakin qalan 0,017 ha. torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd idarəyə təqdim edilməmişdir. 0,017 ha. torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin birini təqdim etdikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmiş və bu barədə ona 23 sentyabr 2020-ci il tarixli **********63 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.

15. Birinci instansiya məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(118)-382/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim L. Mirzəyeva)

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(118)-382/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi yox, mənzil kimi qeydiyyata alınmışdır. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmayıb. Çünki göstərilən ünvanda fərdi yaşayış evinin tikintisi üçün səlahiyyətli orqan tərəfindən torpaq sahəsinin ayrılması haqqında qərar mövcud deyil. Belə olan halda hazırda mübahisələndirilən qərarı çıxarmış birinci instansiya məhkəməsinin nəyə əsaslanaraq iddianın təmin etməsi barədə qərar çıxarması aydın deyil.

18. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcud olmasını təsdiq edən sənəd (sənədlər) ərizəyə əlavə edilmədiyindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

19. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır.

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

22. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri Kərim Axundov küçəsi 49 (əvvəlki Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23 mənzil 2) ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.013 ha torpaq sahəsinin vahid əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması işin mübahisəsiz halıdır.

31. Cavabdeh, apellyasiya şikayətinin dəlillərində 0.017 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcud olmasını təsdiq edən sənədin ərizəyə əlavə edilmədiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndində mənzil tikintisi üçün ayrı-ayrı şəxslərə ayrılan torpaq sahələri üzərində deyil, mənzil-tikinti və bağ-tikinti kooperativlərinə ayrılan torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların göstərildiyinə istinad edərək bu Siyahının da hazırki iş üzrə tətbiq olunmasının mümkünsüzlüyün bildirmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən məsələni araşdıraraq müəyyən etmişdir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli, 18 saylı protokoluna (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbəsi arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha. torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. Sumqayıt Superfosfat zavodu tərəfindən təsdiq edilmiş “Novruz” qəsəbəsində mənzil alan işçilərin Siyahısında 11-ci nömrə altında Əliyev Ramiz Nəci oğlunun adı qarşısında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha. qeyd edilmişdir.

33. Bundan əlavə, mübahisəsi gedən torpaq sahəsinin müayinə edilməsinə dair məhkəmənin tapşırığına əsasən, cavabdeh tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli **********52 saylı məktubdan görünür ki, X2 faktiki istifadəsində olan, Sumqayıt şəhəri, Kərim Axundov küçəsi, 49 (keçmiş Novruz qəsəbəsi 23 mənzil 2) ünvanında olan həyətyanı torpaq sahəsinin mövcud texniki vəziyyətini yerində dəqiqləşdirmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi tərəfindən 10.01.2022-ci il tarixində texniki baxış keçirilmişdir. Mütəxəssisin müayinə aktına əsasən torpaq sahəsinə texniki baxış zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi hər tərəfdən mişar daşı ilə hasarlanmış, üzərində bir ədəd tikinti altı sahəsi 91.0 kv.m olan 1 mərtəbəli **********34-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi ,1 ədəd tikinti altı sahəsi 39.2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi ,1 ədəd tikinti altı sahəsi 18.0 kv.m olan həyət tikilisi inşa olunmuşdur, bir tərəfdən yol ilə digər üç tərəfdən qonşularla əhatəlidir. Torpaq sahəsi faktiki vəziyyətdə 0.034 ha təşkil edir.Yerüstü kommunikasiya xəttləri keçmir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilir.

34. Qərarın 24-25-ci bəndində sadalanan qanunvericilik normalarından görünür ki, fərdi yaşayış sahəsinin mülkiyyətçisinin həmin yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə qanuni istifadəyə və ya icarəyə götürdüyü ölçüdə mülkiyyət hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinə mülkiyyət hüququnun olması işin mübahisəsiz halı olduğundan iddiaçının həmin mənzilinin yerləşdiyi 0,03 ha. torpaq sahəsinə, o cümlədən hazırkı mübahisə predmeti olan 0.017 ha torpaq sahəsinə mülkiyyət hüququ vardır. 35.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir.

36. Yuxarıda qeyd olunan işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da göründüyü kimi, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi tikinti işlərinin aparılması üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır və yuxarıdakı normanın məzmunundan da görünür ki, Sumqayıt XDS İK-nin qərarı həmin torpaq sahəsinə dair sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

37. Kollegiya həmçinin qeyd edir ki, 0.03 ha torpaq sahəsinin 0.013 ha hissəsinə mülkiyyət hüququnun qeyd alınmasına dair inzibati mübahisə üzrə, qərarın 7-9-cu bəndində qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da Sumqayıt XDS İK-nin qərarı torpaq sahəsinə dair sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir.

38. Cavabdeh, apellyasiya şikayətinin dəlilində həmçinin, iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsində fərdi yaşayış evi deyil, mənzil olmasını, birinci instansiya məhkəməsinin isə işə baxarkən bunu nəzərə almadığını bildirmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, qərarın 10-cu bəndində qeyd edildiyi kimi, hazırda ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak mənzil deyil, fərdi yaşayış evi kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

41. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir.

43. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89 və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(118)-382/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar